• cümə, 29 Mart, 03:32
  • Baku Bakı 7°C

Yaşlı nəsil rejissorlar yeni çəkilən filmləri niyə qəbul etmir?

04.08.17 09:30 4904
Yaşlı nəsil rejissorlar yeni çəkilən filmləri niyə qəbul etmir?
Son illər Azərbaycanda milli istehsal olan komediya filmləri çəkilir. Bu filmlər kinoteatrlarımızda nümayiş olunur və kifayət qədər də tamaşaçı toplayır. Öz büdcəsini təmin edən bu filmlərin keyfiyyət məsələsi isə bir qədər müəmmalıdır. Belə ki, yaşlı nəsil rejissorlar bu gün gənclərin çəkdiyi filmləri film hesab etmirlər. Onların çəkdikləri komediyalara baxmadıqlarını da açıq şəkildə bəyan edirlər. Kinoteatrlarda kassaya işləyən filmlərin əslində absurd bir şey olduğunu və bu filmləri ölkədən kənarda keçirilən festivallarda nümayiş etdirməyin də mümkünsüz olduğunu deyirlər.

Bəs görəsən yaşlı rejissorlarla gənc rejissorlar arasında yaranan bu qarşıdurmanın mənbəyində nələr dayanır?
"Gənclərimiz indi çaşqınlıq vəziyyətindədirlər”
Xalq artisti Oqtay Mirqasımov bizimlə söhbətində son zamanlar çəkilən filmlərin böyük estetik və sosial yanlışlıq olduğunu bildirdi: "Mən o filmlərə baxmıram. Bu bir eybəcərlikdir. Əgər soruşsalar ki, beynəlxalq sərgiyə Azərbaycan milli mətbəxindən nələri təqdim edə bilərik, o zaman düşünəcəyik ki, hansı milli yeməyimizi aparaq? Milli plovumuzu, dolmamızı, yoxsa kababımızı o sərgidə qürurla təqdim edək ki, xaricilər də baxıb bizim milli yeməklərimizdən zövq ala bilsinlər. Əgər küçədə satılan "peraşki” və yaxud da bir kilometrdən iy verən dönəri aparıb sərgidə nümayiş etdirsək, necə olar? Eləcə də ölkəmizə gələn əcnəbilərə Azərbaycan filmi adı ilə həmin "film”ləri göstərə bilərikmi? Problemimiz ondan ibarətdir ki, gənclərimiz indi çaşqınlıq vəziyyətindədirlər. Onları zorla düz yola dəvət etmək olmaz”.

Kinoteatrlarda yeni çəkilən filmlərin kifayət qədər tamaşaçı toplamasına gəlincə isə, peşəkar rejissor deyir ki, kassa əsas göstərici deyil: "Əgər kimsə elə düşünür ki, kino bazarında göstəricini kassa təyin edir, o yanılır. Kim düşünürsə ki, əgər filmin kassası yaxşı işləyirsə, bu cür filmlərə yol açmaq lazımdır, bu düşüncə dəhşətdir. Ancaq elə filmlərimiz var ki, onlar yüksək keyfiyyətin göstəricisidir, həmin filmlər xarici festivallarda ən azı 15 mükafat qazanıb. Di gəl ki, o filmlər kinoteatrlarda nümayiş olunduqda, tamaşaçı az gəlir. Var olsun dövlətimiz ki, ciddi filmlərimizi dəstəkləyir və maliyyələşdirir. Keyfiyyətli filmlərimiz dövlət sifarişi yolu ilə çəkilir. Həmin filmlərin hər biri ən azı 3-4 beynəlxalq festivalda olub və mükafatlar qazanıb”.
"Köhnə və yeni filmlər anlayışı yoxdur”
Bir çox serialların baş rejissoru, "Qız qaçırtma” filminin rejissoru Rüfət Şahbazov bizimlə söhbətində məsələyə belə aydınlıq gətirdi: "Kommersiya məqsədi üçün çəkilən filmlər məhz kino bazarı üçün nəzərdə tutulub. Ancaq festivallara gedən və kinomuzun qızıl fondu üçün nəzərdə tutulub çəkilən filmlər isə bir başqadır. Onlar öncədən düşünülüb, ölçülüb-biçilir və o filmlərdə milli mentalitet, digər mənəvi dəyərlər də yüksək mövqedə dayanır. Bu, tək kinoda deyil, istənilən sahədə belədir. Təqdimat üçün olan məhsul ayrı, bazar üçün isə tamam ayrı olur. Kommersiya filmlərini sənət üçün çəkilmiş filmlərlə bir səviyyədə qoymaq düzgün deyil. Köhnə və yeni filmlər anlayışı yoxdur. Büdcəsi az və çox olan film anlayışı var. Misal üçün, "Azərbaycanfilm” Kinostudiyası dövlət büdcəsi ilə bir çox filmlər çəkir. Hansı ki, o filmlər pul qazanmaq məqsədi ilə hazırlanmır. Həmin filmləri bizim indiki rejissorların və prodüserlərin bu sənəti güc-bəla ilə yaşatsınlar deyə az büdcə ilə çəkdikləri filmlərlə bir tutmaq düzgün deyil. Çünki gənclərin çəkdikləri komediya filmləri məhz Azərbaycan kinoteatrları üçün çəkilir. Azərbaycanda da hesablasan, 6-7 kinoteatr olar, ya olmaz. "Azərbaycanfil”min çəkdiyi filmlər tarix üçündür və bu filmlər festivallara göndərilmək, qızıl fondda saxlanılmaq üçün hazırlanıb. Ancaq kommersiya məqsədi üçün çəkilən filmlərimiz isə kiçik büdcə ilə hazırlanıb. Gənclər bunun üçün əllərindən gələni edirlər".

R.Şahbazov deyir ki, böyük büdcəli filmləri daha peşəkar və yaşlı rejissorlar çəkirlər: "Gənc nəslin rejissorları kommersiya xarakterli filmi çəkəndə, ən ucuz işıqçını, montajçını, aktyoru tapırlar. İki aya çəkilən filmi 15-20 günə çəkmək məcburiyyətində qalırlar. Ona görə də bu filmləri köhnə filmlərlə müqayisə etmək düzgün deyil. Dünyada da bu proses davam edir. Türkiyədə tanınmış rejissor Nuri Bilge Ceylanın "Kış uykusu” filmi "Kann” film festivalında yer tutdu. Bu film Türkiyənin 800 kinoteatrının birində də göstərilmədi. Çünki bu film kommersiya xarakteri daşımırdı. Onun üçün bu kino "Kann” festivalında yer aldı. Kinoteatrlarda izlənmə rekordları qıran Cem Yılmazın kommersiya üçün çəkdiyi filmlər isə nə "Oskar”, nə də "Kann” film festivallarında iştirak edib. Burda dedi-qodu edən insanlar bir az başlarını ölkədən kənara çıxarsalar, görəcəklər ki, bu proseslər dünya kino aləmində də baş verir. Hər şey büdcənin başındadır. Burda yeni və köhnə söhbəti yoxdur. 6-7 kinoteatr üçün sponsor bir milyon yatırımı nə üçün etsin ki? Axı o, həmin kinodan uzağı, 300 min pul götürə bilər”.
Gənc rejissor bildirdi ki, əgər onlara yaxşı büdcə verilərsə, əvvəlki filmlərdən də maraqlı və keyfiyyətli filmlər çəkilər: "Niyə çəkmirik? Filmlər üçün kostyumlar tikilər, pavilyonlar hazırlanar. Az büdcə ilə biz ancaq kommersiya filmləri çəkə bilirik. Misal üçün, mən az büdcə ilə "Qız qaçırtma” filmini çəkirəm. Bu filmdə çox şey eləmək istəyərəm, ancaq büdcəm buna imkan vermir. Azərbaycanda kinoteatrların sayı və reklam bazarının səviyyəsi artdıqca, kinoların da sayı və keyfiyyəti qalxacaq. Köhnə filmlərin keyfiyyəti əlbəttə ki, yaxşı olacaq. Elə götürək "Babək” filmini. Bu filmi çəkmək üçün yaxşı büdcə lazımdır. O filmə görün nə qədər büdcə ayrılıb. Mən bizim yaşlı rejissorların da işini çox bəyənirəm. Misal üçün, Elxan Cəfərovun çəkdiyi "Yarımçıq xatirələr” filmini türklərin böyük büdcə ilə çəkdiyi "Mahmud və Məryəm” filmindən qat-qat üstün hesab edirəm”.
"Yetişən nəsli lənətləməklə bir şey çıxan deyil”
Gənc rejissor, aktyor Kamal Yaşar deyir ki, yaşlı nəslin konkret olaraq hansı filmi utanc kimi qeyd etdiklərindən xəbərsiz olsa da, kommersiya filmləri xaric, bizdə o tip film demək olar ki yoxdur: "Yaşlı nəslin rejissorları, özü də festival olaraq düşünsək, yaxın ətrafdan uzağa çıxa bilməyiblər. Ancaq indi orta nəslin, məsələn Elçin Musaoğlunun "Nabat” filmi Venesiyaya qədər gedib çıxa bildi. Yaxud Asif Rüstəmovun filmi və sair. Bizim yaşlı nəslin festival trayektoriyası isə ən yaxşı halda Orta Asiya ölkələrinin həndəvəri idi. Yəni əgər belə bir iddia ediblərsə, mən də əksi olaraq bu fikirləri bildirirəm. Yaşlı nəsil rejissorların, ümumiyyətlə sənətçilərin arasında mühafizəkar əksəriyyətdən başqa yeniliyə açıq sənətkarlarımız da var. Yetişən nəsli lənətləməklə bir şey çıxan deyil. Hansımızın əlindən tutub nəyisə öyrətdilər, nəsə məsləhət verdilər? Mən bu il öz gücüm, öz zəkam, öz bacarığım hesabına "Berlin” film festivalında iştirak etdim, ora ilə bağlı sosial şəbəkədə də davamlı paylaşımlar etdim, hətta yerli radiolarımızın biri ilə festivaldan canlı bağlantı qurub məlumat verdim. Mən ora Avropa Film Festivalında ən yaxşı resenziya müsabiqəsinin qalibi kimi getmişdim. Amma təsəvvür edin ki, mən kinoşünas deyiləm, hə? Bu boyda Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisası üzrə 6 il təhsil almışam. Amma böyük kino çəkə bilmirəm? Əslində hə. Bəs bilirsiniz niyə? Çünki mən ancaq dost-tanışdan xahiş-minnətlə kamera, işıq, səs avadanlığı dilənə-dilənə, aktyordan pulsuz çəkilməsini xahiş edə-edə öz qısa filmlərimi çəkirəm. Və mən böyük film çəkməyə potensial iddialı və bacarıqlı adam kimi, kobud desək, qurdumu hansısa Avropa rejissorunun filmini təhlil etməklə öldürürəm. Olmazdımı, o film kimi birini də elə mən özüm çəkim və "Berlin” film festivalına resenziya ilə yox, öz filmimlə gedim? Amma hansı maliyyə ilə?”
Ürəyi dolu olan gənc rejissor deyir ki, bizdə kino aləmində azad bazar yoxdur: "Kinostudiyadan, kinoya məsul nazirlikdən kim çağırıb, bir stəkan çay içib bizimlə söhbət etmək, bizi tanımaq istədi, biz getmədik? Formal azad bazarın müştəriləri isə bax o aşağı səviyyəli komediya filmləridir. Çünki sadəcə qazanc naminə çəkilir və yaşlı nəsil də onlardan nümunə gətirərək hamını bir palaza büküb lənətləyir. Hansı yaşlı nəsil rejissorun məni, bizi qınamağa ixtiyarı var ki, bircə Allah bəndəsi çağırıb maraqlanmadı ki, ay oğul, ay bala, bir gəl danış görək sən kimsən, nə zaman boy atmısan, o boyda festivala necə gedib çıxmısan. Çünki biganəyik! Ancaq kimsə bizim quyruğumuzu ayaqlayanda, dillənə və iddia irəli sürə bilirik. Qısası, mən əksinə olaraq, çox potensiallı gənc rejissorların olduğuna əminəm, onları tanıyıram və onlardan biri nə qədər "yekəxana” səslənsə də, elə mən özüməm. Amma biz hələ ki kobud desək, öz tükümüzün üstündə dolanırıq. Yaşlı nəslin iddiasına əks olaraq bir nümunə ilə cavab vermək istəyirəm. Eldar Quliyev "Bir cənub şəhərində” filmi ilə debüt etmiş adamdı. İndi siz bir də gəlin onun yaradıclığının ən püxtələşmiş zamanında çəkdiyi "Dərvişin qeydləri” filminə baxın. Uzun danışdımsa, üzr istəmirəm, hələ danışılacaq o qədər şeylər var ki...”
"Atalar və oğullar” məsələsi bütün dövrlərdə olub. Bu gün də var. Nədənsə yaşlılar gəncləri qısqanclıqla qarşılayırlar. Haqlı, ya haqsız olduqlarını iddia etməkdən uzağam. Amma şübhə etmirəm ki, onları da öz dövrlərində yaşlıların qısqanclıqları müşayiət edib. Haqlı isə zamandır. Filmə yaxşı və ya pis qiymətini ona ömür verməklə və ya verməməklə qoyan zaman...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər