• cümə, 29 Mart, 19:43
  • Baku Bakı 14°C

Yaşlanmaqdan qorxmuram – Şou-biznes

24.04.15 07:20 3509
Yaşlanmaqdan qorxmuram – Şou-biznes
“Gənclik qəzeti”-nin bu həftəki qonağı gözəlliyi ilə müğənnilərə meydan oxuyan gənc ifaçı, sevilən xanəndə İlahə İbadovadır. İlahə bizimlə söhbətində sosial şəbəkələrdəki haqsızlıqdan və xanəndələrimizin geyim tərzindən danışdı.
- İlahə xanım, deyirlər, incəsənət qurban tələb edir. Bəs siz bu sənət üçün nələri qurban vermisiniz?

- Əslində, mənim qarşımda o qədər də böyük sədlər olmayıb ki, nəyisə sənətimə qurban verim. Bu sənətə gəlmək üçün heç bir qurban verməmişəm. Deməzdim ki, ailəmi bu sənətə qurban verərəm. Çalışaram ki, ailəmlə ortaq məxrəcə gəlim. Hazırda ailəli olmadığım üçün belə bir problemim yoxdur. Bizdə sənətimlə bağlı heç zaman problem olmayıb. Yəni qarşıma elə də keçilməz bir sədd qoyulmayıb.
- Siz insanlarla öz aranızda sanki bir sərhəd qoyursunuz. Özünüz belə şərait yaradırsınız, yoxsa bu sizin xasiyyətinizdən irəli gəlir?

- Ümumiyyətlə, hər kəslə sərhədli şəkildə danışmağı sevirəm. Qarşımdakı insan ən yaxınım olsa belə, ona da müəyyən qədər sədd qoyuram. Deyib-gülməyi sevirəm, ancaq yerində və çərçivəsində.
- İndi ifaçılar bir mağaza açaraq özlərini “biznes ledi” adlandırırlar. Bəs siz necə?

- Əslində “biznes-ledi” sözünü çox cılızlaşdırıblar. Hərə bir mağaza açıb özünü “biznes-ledi” adlandırır. Belə şeylər mənə çox gülünc gəlir. Gələcəyim üçün bir mağaza açmağı və ya hansısa bizneslə məşğul olmağı düşünürəm. Ancaq bu o demək deyil ki, bir mağaza ilə dönüb oluram iş xanımı. O insana “biznes-ledi” deyərəm ki, bir neçə yerdə mağazası və şirkətləri olsun. İndi hər kəs istəyir ki, əlavə bir qazanc yeri olsun. Çalışaram ki, müəyyən vaxtdan sonra mənim də biznes sahəm olsun. Niyə də olmasın? Hər kəs öz çətin gününü düşünür. İnsan yaşa dolduqca yeni-yeni ifaçılar, sənətçilər meydana gəlir. Belə olan halda, yaşlı nəslə bir o qədər tələbat qalmır. Bəzi yaşlı müğənnilərimiz öz yerlərini bilmir. Onlar daimi olaraq gündəmdə qalmaq istəyirlər. Ancaq anlamaq istəmirlər ki, səhnəni cavanlara həvalə edib, öz yerlərini bilsələr, daha çox sevilərlər.
- Yaşlanmaqdan qorxursunuzmu?

- Əsla. Bir çox insanlar mənə deyir ki, kənardan baxanda yaşlı görünürsünüz. Mən də zarafata salıb deyirəm ki, sanballı olmaq daha yaxşıdır. Tanrım məni belə yaradıb. Hər bir insanın özünəməxsus naturası var. Mənim də özümə görə çəkim və ölçüm var. Özümə yaraşmayan dar paltarlar geyinsəm, kənardan gülünc görünərəm. Bunlardan əlavə mən həm muğam ifaçısı, həm də anayam. Düzdür, bəzi analar var ki, geyimlərində əndazələrini aşırlar. Düşünmürlər ki, sabah kiminsə qapısına elçi gedəcəklər, yaxud kimsə onların qapısına elçi gələcək. Mənim yaşlanmağa qarşı heç bir kompleksim yoxdur, heç qorxmuram da. Çünki hər yaşın öz gözəlliyi var. Əgər kənardan səni ağbirçək kimi görürlərsə, nə xoş ki, hər kəs sənə hörmət edir.
- Geyimdən söz açmışkən, xanəndələr arasında ən müasir libasları siz geyinirsiniz. Buna görə qınaq obyektinə çevrilmisinizmi?

- O düzdür ki, xanəndələrin içərisində bir qədər dəbli geyinən mənəm. Dəbli geyinmək o deyil ki, açıq-saçıq geyinim. Əslində mənə deyirlər ki, sən çox qapalı geyinirsən. Arıq insanlar nə qədər açıq geyinsələr də, o qədər diqqət cəlb etmirlər. Ancaq bir qədər ətli-qanlı xanımlar kiçicik də olsa mini geyinəndə, bu tez gözə çarpır. Mən də uzun libaslar geyinirəm. Ancaq zövqlü geyinmək tamam başqa bir şeydir. Xanəndələrin əksəriyyətini izləyirəm və görürəm ki, bir çox gənc xanəndələrimiz heç də müasir olmayan uzunqol geyimlərə üstünlük verirlər. Keçmişdən qalma, dəbdən düşmüş yekə broşkaları da sinələrinə taxmağı unutmurlar. O qədər uzun, gözəl görünüşlü libaslarımız var ki. Onlar öyrəniblər ki, sinədən aşağı uzun şfon paltarlar geyinsinlər. İfaçılarımızın arıqları da, kökləri də hamilə geyimlərini xatırladan uzun paltarlar geyinirlər. Qoy onu mən geyinim ki, köklüyüm o qədər də hiss olunmasın (gülürük). Hər yerdə dəbli geyimlərə rast gəlmək mümkündür. Cavan qız uşaqlarısınız alın, geyinin. Demirəm ki, hamıdan zövqlüyəm, bəlkə də kənardan başqası üçün zövqsüz görünə bilərəm. Geyim almamışdan öncə ailəmi və el-obamı gözümün qarşısına alıram. Hələ ki qınaq obyektinə çevrilməmişəm. Konsertlərə gedirəm, təəccüb içində qalıram. İnkubator cücələri kimi hamısı rəngbərəng, eyni modelləri geyinirlər. Demirəm ki, mən qısa geyinmirəm. Misal üçün, istirahət mərkəzlərində siz məni şortiklə də görə bilərsiniz. Getdiyin tədbirlərin, məkanların öz geyim tərzi var. Mən bilirəm ki, xanəndəyəm. Efirə çıxanda nə geyinmək lazım olduğunu daha yaxşı bilirəm. Qarderobumda paltarların əksəriyyəti qapalıdır. Onların içində o qədər də açıq-saçıq olanları yoxdur.
- Son dönəmlər ifaçıların efirlərdə ekspert kimi çıxış etməsi qınaq obyektinə çevrilir. Hətta söylənilir ki, müğənni öz ailəsinin problemini həll edə bilmir, başqalarını məsləhət verir. Sizin buna münasibətiniz necədir?

- Əslində müğənniləri qınamaq düz deyil. Müğənniləri verilişlərə prodüserlər dəvət edirlər. Biz ifaçılar da söyləyirik ki, əgər həmin verilişdə oxumaq olmayacaqsa, o verilişə nə üçün gələk? Belə olan halda onlar da deyirlər ki, bizi sayıb verilişimizə gəlmədilər. Həmin ifaçının dediklərinin birinin üstünə 15-ni qoyub müdirə çatdırırlar. Kanalın rəhbəri də həmin ifaçıya qadağa qoyur. Digər ölkələrdə müğənnini kanala gətirmək üçün əllərindən gələni edirlər. Bizdə isə əksinə. Müğənni verilişdə iştirak edə bilməyəndə, ona qadağa qoyurlar. Çünki əllərindən başqa heç nə gəlmir. Bir neçə verilişə məni də ekspert kimi dəvət ediblər. Etiraz da edəndə xətirlərinə dəyir. Deyirlər ki, bir verilişdə də oxuma. Biz də məcburiyyətdən o verilişlərdə iştirak edirik. Ona görə də heç bir jurnalist bizi qınamasın. O ki qaldı müğənnilərin ailə probleminə, insanların düşüncələri fərqlidir. Hamının ailəsi və başından aşan problemi var. Əgər düşdüyün verilişdə nəsə müzakirə olunursa, istər-istəməz sən də öz fikrini bildirirsən. Həmin an da deyirlər ki, öz ailəsinin problemini həll edə bilmir, başqasına məsləhət verir. Çünki öz ailəndə hər kəsin xarakterini tanıyırsan, hər şeyi axarına buraxırsan. Bir misal var, deyirlər ki, “Evdəkinin sözünü eşitmir, kənardakının sözünə daha tez əməl edir”. Biz kənar şəxslərin sözlərini daha tez eşidirik. Kənardan bizə kimsə ağıl verəndə o saat ona əməl edirik. Hər zaman demişəm ki, kimisə qınayanda əvvəlcə özünüzə, sonra ailənizə baxın, görün qınanılası işiniz yoxdursa, probleminiz sizi qınaq obyektinə çevirmirsə, onda başqasına həm vedrə bağlayın, həm də qınaq obyektinə çevirin. Hər iki tərəfə haqq qazandırıram. Ancaq bizi də başa düşün ki, verilişlərə getməyəndə problemlərimiz yaranır. Burada bizlik bir şey yoxdur.
- Bəs sizə qadağa qoyan kanal olubmu?

- İndiyə kimi heç bir kanal mənə qadağa qoymayıb. Mənim heç bir kanal ilə şəxsi-qərəzliyim olmayıb. İndiyə kimi heç kim deyə bilməz ki, İlahə kiminsə xətrinə dəyib, yaxud da kiminsə arxasınca söz deyib. Hamı ilə münasibətim normaldır, şükürlər olsun, hamısının hörmətlərini artıqlaması ilə saxlayıram ki, məndən inciməsinlər.
- Bir çox şou əhli sosial şəbəkələrdə öz pərəstişkarlarına sərt cavab yazaraq hətta söyüş də söyürlər. Bəs sizdə necə, belə hallar olubmu?

- O gün “İntstagram”da bir müğənni paltarı dizindən bir qədər yuxarı olan şəklini paylaşmışdı. Əlini bir az yuxarı qaldıranda paltarı bir qədər yuxarı qalxmışdı. İzləyicilər həmin müğənniyə o söz qalmadı ki, yazmasınlar. İfaçı da mədəni surətdə yazdı ki, ayıbdır, bu dərəcədə həddinizi aşmayın. İnsanlar özləri bizi cırnadır. Dəfələrlə fikir vermişəm, şəkillərin altına yazırlar ki, “Çuşkasınız”, “Bu nə geyimdir”, “Saçınız niyə belədir”. İfaçı da dözür və nəhayət, səsini çıxarmağa məcbur olur. Axı o da insandır. Nəsə yazanda həmin an başlayırlar müğənnini qınamağa. Sosial şəbəkələrdə insanlar ağzını Allah yoluna qoyub, söyüşlər yazırlar. Biz dillənəndə isə qınaq obyektinə çevrilirik. Pisəmsə, səhifəmi izləməsinlər. Qəlb qırmağa nə var ki? Belə hadisələr mənim də başıma gəlib. Tez-tez yazırlar ki, köksünüz, arıqlayın. Axırda yazmışam ki, atanızın çörəyini yeməmişəm ki. Heç kim bilmir axı, mən nə üçün arıqlamıram. Onlar nə bilir, mən arıqlamağa çalışıram, yoxsa yox? Bilməyərəkdən hər kəs söz deyə bilər. Bu da psixoloji olaraq dəfələrlə deyiləndən sonra insana təsir edir. Müğənni gönüqalın deyil ki... İnsanıq da, əsəblərimizi boğuruq, axırda da ağzımızı açıb söz demək istəyəndə o saat qınaq obyektinə çevrilirik. Bizi buna vadar edirlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər