• cümə axşamı, 28 mart, 22:00
  • Baku Bakı 13°C

“Yaşıllıq, tarixilik, ucuzluq və Qara dənizə doğru” - Fotolar

04.09.18 11:00 1330
“Yaşıllıq, tarixilik, ucuzluq və Qara dənizə doğru” - Fotolar
Bolqarıstana "Buta Airways” aviaşirkətinin aşağı büdcəli (low cost) biletləri satışa çıxarılanda səyahətsevən Azərbaycan vətəndaşları xəbəri böyük sevinclə qarşıladılar. Ölkəyə daxil olmaq üçün milli viza əldə etmək çətinliyini, təbii ki, 29 avroya satılan biletlərin sevinci üstələdi. Belə ki, Bolqarıstana xüsusi icazəni əldə etmək üçün Şengen vizası əldə etməyə bərabər vaxt, maliyyə və sənəd toplamaq tələb olunur. Ancaq Sofiyaya birbaşa uçuş, üstəlik, biletin ucuz olması göydəndüşmə kimi insanları cəlb edir. Onu da qeyd edək ki, hazırda Bolqarıstan yalnız milli viza verir ki, bu da Şengen zonasına daxil olmaq hüququ vermir. Amma Şengen ərazisi olmasa da, multiviza ilə ölkəyə daxil olmaq mümkündür.

2018-ci il üçün Avropanın ən ucuz turizm istiqaməti elan olunması da Bolqarıstanı turistlər üçün cəlbedici məkana çevirib. Bu ilin reytinq cədvəlində birinci olan Sofiya şəhərinin günlük xərcləri 43,75 lev (25 dollar) təşkil edib.

Bolqarıstan Avropanın ən yaşıl ölkələrindən hesab olunur. Elə təyyarədən paytaxt Sofiyanın hava limanına enəndə, şəhəri ağuşuna alan yaşıllıq diqqəti çəkir. Hava limanından şəhərin müxtəlif istiqamətlərinə metro və avtobusların işləməsi isə turistlərin işini həm vaxt, həm də maliyyə baxımından xeyli asanlaşdırır. Yoxsa əlində baqaj daşıyan turistlər "şəhərə 40-50 avro” deyə eynən bizdəki kimi təkrarlayan taksi sürücülərinin əlindən çətin qurtulalar.

Hər cibə uyğun

Sofiya doqquz min illik tarixi olan yaşayış məskənidir. Turistləri bu ölkəyə cəlb edən təkcə ucuz ölkə elan edilməsi yox, həm də tarixin bir parçası olması, müxtəlif dönəmlərə şahidlik etməsidir. "Bolqarıstanı nə üçün seçmisən” sualına turistlər "yaşıllıq, tarixilik, ucuzluq və Qara dənizə doğru” deyə cavab verirlər. Ona görə hər il Sofiya aeroportunun xidmət etdiyi sərnişinlərin sayının artması da ölkənin turistik məkan kimi zənginləşməsində rol oynayır. 24 aviaşirkət, o cümlədən WizzAir və RyanAir Avropa və Yaxın Şərqin 68 şəhərinə birbaşa uçuşlar həyata keçirir. Şəhər Roma, Osmanlı dövrünün izlərini qoruyub saxlayır. 250-dən artıq tarixi və memarlıq abidələri Sofiyanın Avropanın ən qədim şəhərlərindən biri olduğunu deməyə əsas verir. Təbii ki, şəhər sovet dövrünün izlərinə də sadiqliyini itirməyib. Kommunist Partiyasının köhnə Mərkəzi Komitəsinin binası kimi Stalin dövrünün tikililəri, avtomaşınlar, rus dilində yazılan reklamlar, xüsusən yaşlı əhalinin "rus dilində danışın” deyə cavabları da maraqla qarşılanır. Təkcə Sofiya deyil, ümumilikdə Bolqarıstan rus turistlərinin sevimli məkanıdır. Sofiyada və digər şəhərlərdə yolboyu rus dilində danışan turistlərlə qarşılaşınca özünü az qala Rusiyanın şəhərlərindəki kimi hiss edirsən. Rus mətbəxindən ibarət restoran və kafelər bu münasibətləri daha da sıxlaşdırır.
Qiymətlərin bütün sahələrdə münasib olması da turistlərə əl verir. Sofiyada oteldə 2 nəfərlik otaq 30, apartmentlər 30-40, hostellər isə 8-10 avrodan başlayır. Turizm məkanı kimi formalaşdığından otellər müxtəlif ulduzlar üzrə çeşidlənir. Bu da turistlərə ciblərinə uyğun hərəkət etməyə imkan yaradır. Milli valyutaları (lev) təxminən Azərbaycan manatı ilə eynidir.
Şərq və Avropa mədəniyyətlərinin birləşmə nöqtəsi

Ölkə əhalisinin 96 faizi bolqarlar, təxminən 4 faizi türklərdir. Qaraçılara da hər addımbaşı rast gəlinir. Bolqarıstan miqrantlara qucaq açmayan ölkələrdəndir. Səbəbi də aydındır: əhalinin özünün yaşayış səviyyəsi o qədər də yüksək deyil. İstehsal sahələrinin bir çoxu da sovet sistemi ilə birgə dağılıb. Düzdür, ölkə öz ayaqları üstündə dayanmaq üçün iqtisadiyyatını özünə bəs edəcək səviyyədə qurmağa çalışır. Kənd təsərrüfatını, sənayeni inkişaf etdirir. Sofiyaya daxil olandan sonra ölkənin turizm hesabına da yaşadığına əmin olursan. Küçələrdəki çoxsaylı turistlər bunu deməyə əsas verir. Otellərin rezervasiya üçün məşğul olması xüsusən iyun-avqust və dekabr aylarını əhatə edir. Ancaq bu o demək deyil ki, turistlər Sofiyaya ilboyu səfər etmirlər. Zəngin və fərqli tarix, möhtəşəm dağ təbiəti Sofyanı əsl səyahətsevərlər üçün cazibədar şəhərə çevirib. Unikal divar rəsmləri küçələrdəki əksər binaları, keçidləri bəzəyir. Üzərində qrafiti sənətinin gözəl nümunəsi olmayan tikiliyə rast gəlmək çətindir. Şəhərdə bir çox kilsə və tarixi arxitekturanın gözəl nümunələri saxlanılıb. Sofiya şəhəri maraqlı mədəni mərkəz, Şərq və Avropa mədəniyyətlərinin birləşmə nöqtəsi, gözəlliklər, azad ruhla dolu şəhərdir. Sofiyanın küçələri tarixi məkanları maraqla izləyən turistlərlə doludur. Dünyanın ən böyük pravoslav kilsələrindən sayılan Aleksandr Nevski Katedralı, Müqəddəs George Rotunda kilsəsi, erkən xristian dövründən qalan ən qədim Sankt-Corc kilsəsi, bir çox məşhur Batı markası və kafe və restoranlarla dolu olan, üstəlik, Milli Mədəniyyət Sarayı, Sveta Nedelya Pravoslav Kilsəsi və Sofiya Ədalət Sarayının sıralandığı Vitoşa Bulvarı turistləri cəlb edir. Məşhur Osmanlı strukturlarından biri olan Banyabaşı məsçidində 700 nəfər ibadət edə bilir. 1576-cı ildə memar Sinan tərəfindən inşa edilən tikili yeganə müsəlman ibadət yeridir.

Milli Təbii Tarix Muzeyi, Arxeoloji Muzey, İvan Vazov Milli Teatrı, Milli Sənət Qalereyası, memarlıq üslubu ilə Sofiyanın ən zərif kilsəsi sayılan Rusiya kilsəsi, xüsusən gənclərin və uşaqlı ailələrin şəhərdə ən çox maraq göstərdiyi Zoopark, üç mərtəbəli Sofiya Mərkəzi Bazarı ilə yaxından tanış olmaq üçün turistlərə 2 gün vaxt lazımdır. Sofiyanın qədim vaxtlardan müxtəlif müalicəvi xüsusiyyətləri olan bir çox soyuq və termal mineral bulaqları ilə məşhur olması da xüsusən Avropa turistlərini bu şəhərə çəkir.
Tarator, rakı, qızılgül yağı
Sofiyanın turistləri cəlb edən şəhərə çevrilməsi üçün vacib komponentlərdən biri də dadlı mətbəxi sayılır. Restoranlar öz milli yeməkləri ilə yanaşı başqa xalqların mətbəxlərini də təklif edirlər. "Happy” restoranlar şəbəkəsi yerli sakinlərlə bərabər turistlərin ən çox üz tutduğu məkandır. Peşəkar səviyyədə xidmət, işçilərin cəldliyi, müştəri ilə ünsiyyəti xidməti cəlbedici edir. Milli yeməklərindən olan soyuq tarator supu çox məşhurdur. Təxminən bizdə hamının hazırlaya biləcəyi atlamaya bənzəsə də, qoz, yoqurt və zeytun yağı əlavə olunması yeməyə fərqli tam verir. Restoranlarda 10-25 lev ödəməklə yemək sifariş etmək olur. Mətbəxlərində müxtəlif salatlar, balıq və ət yeməkləri üstünlük təşkil edir. Supların da çeşidləri boldur. Rakı bolqarların sevimli içkisidir. Çayı o qədər sevmirlər. Restoranlarda, kafelərdə az qala yarım stəkan çay üçün 3-5 lev ödəmək lazım gəlir. Küçələrdə kiçik şirniyyat dükanlarının vitrinlərindən çox da baha olmayan, dadı sovet dövründəki bulkaları xatırladan şirniyyatlar adamı cəlb edir. Dünyanın hər yerində qiymət və çeşid baxımından əlçatanlığı ilə diqqət çəkən türk mətbəxləri də az deyil. 10-15 lev ödəməklə doyumluq yemək mümkündür. Nəqliyyatı Avropa ölkələrində olduğu kimi mükəmməl qurulub. Birdəfəlik gediş üçün 1.6 lev ödəmək lazımdır. Gündəlik kartlardan isə gün ərzində istifadə etmək mümkündür. Xüsusən sovet dövründə tikilən metro öz təmizliyi, xətlərinin çoxluğu və xidmət səviyyəsi ilə seçilir.

Sofiyadan hər gün İstanbula avtobuslar işləyir. 50 lev ödəməklə turistlər Bolqarıstandan sultanlar şəhərinə səfər edirlər. Yerli sakinlər də alış-veriş məqsədi ilə Türkiyəyə yollanırlar. Qonşu ölkənin tekstili onlara daha sərfəli başa gəlir.

Şəhərdə uşaqların oynadığı, qocaların dincəldiyi, gənclərin söhbətləşdiyi, sevgililərin görüşdüyü yaşıl parklar çoxdur. Amma şəhərin bir çox küçələrində rast gəlinən zibilləri Parisdə olduğu kimi, turistlərin çoxluğu il əlaqələndirirlər.

Bolqarıstanın qızılgül yağları dünya bazarında yüksək qiymətləndirilir. Bu təbii komponentin istehsal mərkəzi Kazanlıq şəhəri yaxınlığındakı qızılgül vadisidir. Hazırda dünyada gül yağı istehsalının 85%-i Bolqarıstanın payına düşür. Küçələrdə əlində xəritə tutub gəzən turistlərin ən çox üz tutduğu yerlər üzərində "Roza” yazılan kosmetik dükanlardır. Digər məhsullar o qədər baha olmasa da, təxminən 30 lev ödəməklə kiçik bir flakonda qızılgül yağı almaq olur. Yağlar xüsusən parfüm və kosmetikada geniş istifadə olunur. Yerli mağazalarda bu yağla geniş çeşiddə assortimentlərə rast gəlmək mümkündür. Əl və üz kremləri, duxilər, kosmetik təmizləyicilər, efir yağları mağazaların vitrinlərini bəzəməklə yanaşı, ətrafa yayılan qoxuları ilə yoldan keçənləri uzaqdan cəlb edir.

Şengen məkanına hazırlıq

Şəhərin qonaqları Sofiyanın yerli sakinlərinə tez qaynayıb-qarışır. Bolqarlar mehriban, səmimidirlər. Bu ölkədə hər hansı suala "bilmirəm” cavabı vermək nəzakətsizlik sayılır. Odur ki, yerli sakinlər turistlərin istənilən sualına cavab vermək üçün bəzən yalan danışmağa da üstünlük verirlər. Hansısa məkanı soruşanda məmnuniyyətlə vaxt ayırıb bələdçilik də edirlər. Parklarda dincələn səliqəli geyimli qocalar turistlərlə söhbət etməyə meyllidirlər. Şəhərin küçələrində insanlar çox rahat görünür. Siqaret və pivə isə həm qadınların, həm də kişilərin əsas vərdişidir.

Bu ölkəyə gələnlər, əlbəttə, Sofiya qarışıq, bütün şəhərlərdə kök salan qaraçılardan ehtiyatlanırlar. Hətta onların kompakt yaşadıqları yerlərə gündüzlər də ayaq basmaq istəmirlər.

Bolqarıstanın 2007-ci ildən Avropa İttifaqına qəbul olunması ölkəyə bir sıra üstünlüklər verib. Bolqarıstan Şengen məkanına daxil olmağa hazırdır. Ölkə bunun üçün qarşısına qoyulan tələblərə riayət etməyə çalışır...
Təranə Məhərrəmova
Bakı-Sofiya








banner

Oxşar Xəbərlər