• çərşənbə axşamı, 16 aprel, 19:02
  • Baku Bakı 18°C

“Yaşıl enerji”nin gücü

30.01.21 12:00 2387
“Yaşıl enerji”nin gücü
İşğaldan azad olunan ərazilər bu sahədə dünya üçün nümunə olacaq

İnsanlar qaz və neft ehtiyatları daxil olmaqla ənənəvi enerji mənbələrindən istifadə etməyə öyrəşiblər. Lakin bu resurslar gələcəkdə tamamilə tükənəcək. Mütəxəssislər hesab edir ki, xoşagəlməz vəziyyətlərə düşməmək üçün insanlar tədricən alternativ mənbələrə keçid etməlidirlər. Müasir dövrdə günəş, külək və digər mənbələrdən alınan təbii enerjinin istifadəsinə xüsusi diqqət yetirilməlidir. Alternativ enerji mənbələrinin bir çox üstünlükləri var. Ən əsası isə tükənməz, bərpa olunan və ekoloji zərərli olmamasıdır. Lakin onların effektivliyi iqlimin xüsusiyyətlərindən asılıdır.
Xarici təcrübə...
"Der Spiegel” nəşrinin məlumatlarına əsasən, 2018-ci ildə Almaniya iki milyard avrodan artıq məbləğ dəyərində elektrik enerjisi ixrac edib. Nəşr yüksək ixrac göstəricilərinin səbəbi kimi həm üzvi yanacaqla çalışan elektrik stansiyaları, həm də bərpa olunan mənbələrdən elektrik istehsalçılarını əhatə edən alman elektrik bazarında istehsal gücünün həddindən artıq olduğunu göstərir.

Orada günəş, külək və biokütlə köməyilə yaranan ekoloji təmiz elektrik enerjisinin payı istehsal olunan elektrik enerjisinin ümumi həcminin 35 faizindən çoxdur. Almaniya hökumətinin planlarına əsasən, 2030-cu ilə qədər ölkədə elektrik enerjisinin 65 faizi bərpa olunan mənbələrdən əldə olunmalıdır.
Rusiyanın Stavropol vilayətinin rəhbərliyi də bölgədəki sosial qurumların alternativ elektrik enerjisinə keçməsi layihəsinin reallaşdırılması ilə bağlı potensial investorlarla danışıqlar aparır. Cəlb olunan xarici şirkətlərə vilayətin ucqar bölgələrindəki ərazilərdə yerləşən kənd təsərrüfatı və sənaye müəssisələrini günəş batareyaları ilə təchiz etmək təklif olunub.
Həmçinin, Ulyanovsk vilayətində də bələdiyyə rəhbərlərinə alternativ enerji istehsal etmək üçün günəş panellərinin quraşdırıla biləcəyi qurumların siyahısını tərtib etmək tapşırılıb. Yerli mütəxəssislərin hesablamalarına görə, elektrik enerjisinin müstəqil generasiyası xəstəxana binalarının baza kompleksinin ehtiyaclarının 75 faizini bağlamağa imkan verir. Təşəbbüslərə isə hələ 2018-ci ildə Rusiya hökumətinin bu məsələni ayrıca bir qanunla tənzimləməyi təklif etdiyi zaman start verildi.
Bəs ölkəmizdə vəziyyət necədir?
"Yaşıl enerji” kimi tanınan bu təcrübə dünyada geniş yayılıb və hesab edilir ki, Azərbaycanda da uğurla tətbiq oluna bilər. Keçən əsrin sonunda, dünyada iqtisadiyyatın enerji səmərəliliyinə və bərpa olunan enerji mənbələrinin inkişafına qlobal keçid başlandıqda, Azərbaycan Ermənistanla mövcud geosiyasi münasibətlər və hərbi əməliyyatlar səbəbindən bu inkişafda geri qalmağa məcbur oldu. Və yalnız bu əsrin əvvəllərindən bəri bu məsələ prioritet halına gəldi, hökumət müvafiq tədbirlər hazırladı və həyata keçirməyə başladı. Buna Azərbaycanın geniş miqyaslı maliyyə tələb etməyən, bərpa olunan enerji mənbələri potensialına malik olması kömək etdi.

Xarici mütəxəssislər Azərbaycanın həm günəş, həm də külək enerjisi üçün əlverişli iqlimə sahib ölkə olduğunu etiraf edirlər. Günəşli günlərin bolluğu və sabit, kifayət qədər güclü külək bərpa olunan enerji mənbələrini iqtisadi cəhətdən səmərəli və etibarlı edir.
Energetika Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensial mövcuddur. Ölkənin mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. 2013-2019-cu illərdə külək və günəş stansiyaları tərəfindən Azərbaycanda 408 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. Belə ki, 2013-cü ildə bu stansiyalar cəmi 1,6 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 149 mln. kVt-saat təşkil edib, bu da son 7 ildə 93 dəfə artım deməkdir.
Qeyd olunan dövr ərzində istehsal artımı bioelektrik stansiyalarda da müşahidə olunub. Hesabat dövründə ölkənin bioelektrik stansiyaları 1,19 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib və 2013-2019 illəri əhatə edən dövrdə enerji istehsalı 46,3 faiz artıb.
Alternativ energetika sahəsində 2020-ci ildə də artım qeydə alınıb. Həmin ilin yanvar-may aylarında Azərbaycandakı Külək, Günəş Elektrik Stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 151,9 mln. kVt- saat elektrik enerjisi istehsal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 mln. kVt-saat çoxdur.
Bəli, alternativ enerji mənbələrindən istehsal hələ ki, bir o qədər də yüksək deyil. Buna baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

"Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”

Azərbaycanın haqlı mübarizəsi nəticəsində Dağlıq Qarabağda zəfər qazanması bölgəyə sülh və sabitlik üçün yeni imkanlar açdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq: "Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir və iqtisadi cəhətdən ən sərfəli, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş enerjisi tətbiq edilməlidir. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir. Digər layihə - 200 meqavat gücündə günəş elektrik stansiyası nəzərdə tutulur. Bunları nəzərə alaraq biz xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik. Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır. Biz öz enerji potensialımızı gücləndiririk. İndi gücü 300 meqavatdan çox olan Qobu elektrik stansiyası da inşa edilir və bu, bizim enerji potensialımızı gücləndirəcək. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılmalıdır”.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl zona", yaxud "yaşıl məkan" konsepsiyasının hazırlanmasına başlanılıb. Onun sözlərinə görə, bu istiqamətdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır: "İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4 000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb”.
P. Şahbazov vurğulayıb ki, ilkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. "Yaşıl enerji" layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.
"Yaşıl enerjinin tətbiqi ekoloji baxımdan vacibdir”

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun sözlərinə görə, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı ölkənin ixrac potensialını artıra bilər. Bu məsələdə isə iki variant mümkündür: "Birincisi, artıq istehsal və səmərəli tarif təklifi olduğu halda elektrik enerjisi ixrac edilə bilər və ölkə bərpa olunan enerji mənbələrindən aldığı enerjidən gəlir əldə edə bilər. İkinci istiqamət isə qazla bağlıdır. Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalında qazın payı 92 faizdən çoxdur. Enerji sisteminin qoyuluş gücündə isə ənənəvi enerji mənbələrinin payı 83 faizdir. Beləliklə, bərpa olunan enerji mənbələri hesabına qənaət edilən qaz daxili bazarda istifadə etməklə yanaşı, ixrac edilə bilər”.

Ə. Həsənov əlavə edib ki, alternativ energetika sahəsinin inkişafı və yeni enerji obyektlərin respublikanın enerji sistemini qoşulması çərçivəsində bir sıra hazırlıq işləri aparılmalıdır – şəbəkənin gücləndirilməsi, yarımstansiyaların tikintisi, ötürücü xətlərin tikintisi və digər infrastrukturun yaradılması həyata keçirilməlidir.
Millət vəkili Vüqar Bayramov isə deyir ki, işğaldan azad olunan ərazilərimizdə yaşıl enerjidən istifadə ilə bağlı geniş imkanlar var: "Həmin ərazilərimizdə həm günəş şüaları, həm külək, həm də su ehtiyatları kifayət qədər böyükdür. Bu da təbii ki, yaşıl enerjidən istifadə üçün imkanlar yaradır. Yaşıl enerjinin tətbiqi ekoloji baxımdan vacibdir. İşğaldan azad olunan ərazilərimizdə yeni və müasir standartlar tətbiq olunacaq. Digər tərəfdən, vətəndaşlarımız artıq alternativ enerji mənbələrindən istifadə etmək imkanı qazanacaq. Bu da vətəndaşların enerji təminatının fasiləsizliyi baxımdan vacib hesab olunur. Özəl şirkətlərin cəlb edilməsi istiqamətində fəaliyyətlər davam etdirilicək. Sahibkarlar praktik olaraq həmin prosesdə iştirak edərək gəlir əldə etmək imkanı qazanacaqlar. Bu da işğaldan azad olunan ərazilərdə həm biznesə dəstəkdir, həm ekoloji baxımdan vacibdir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər