• cümə, 29 Mart, 16:43
  • Baku Bakı 14°C

Yaşayış məntəqələrində baş verən qəzalar

19.08.17 10:30 1293
Yaşayış məntəqələrində baş verən qəzalar
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10 faiz azalaraq 1147 nəfər olub. Onlardan 315-i həlak olub, 832-si isə yaralanıb.
Hadisələrin 45,2 faizi gündüz, 38,1 faizi gecə, 16,7 faizi isə toran vaxtı baş verib, 25,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Statistikada diqqət çəkən bir məqam var. Yol-nəqliyyat hadisələrinin 88,9 faizi yaşayış məntəqələrində baş verir. Bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 223 nəfər, yaralananların sayı isə 13,7 faiz azalaraq 779 nəfər olub. Azalma qeydə alınsa da, problem hələ də var və yol-nəqliyyat hadisələri can almaqda davam edir. Bəs yol-nəqliyyat hadisələrinin böyük hissəsinin yaşayış məntəqələrində baş verməsinin səbəbi nədir? Sürücülərin səhlənkarlığıdır, yoxsa piyadanın günahı? Yaşayış məntəqələrində yol hərəkətinin tənzimlənməsi üçün nişanların yerləşdirilməsi hansı səviyyədədir?
"Ya qaydaları zəif bilirik, ya da bildiklərimizə riayət etmirik”
Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Kaspi”yə açıqlamasında bildirdi ki, insanların çox yaşadıqları yerdə qəzaların sayı digər yerlərə nisbətən yüksək olur: "Bu, obyektiv bir qanunauyğunluqdur. Çünki insanların əksəriyyəti yaşayış məntəqələrinin yanında olur. Bu o deməkdir ki, piyadaların, avtomobillərin də çoxu oradadır. Demək ki, əsas yol-hərəkəti də həmin yerlərdə olur. Ona görə də orada qayda pozuntuları daha çox baş verir. İnsanların bu qəzalarda xəsarət alması, dünyasını dəyişməsi də o yerlərdə daha çox baş verir”.
Ekspert deyir ki, bəzi sürücü və piyadaların yol-hərəkəti qaydaları ilə bağlı münasibəti birmənalı deyil. Bu da problem yaradan əsas səbəblərdəndir: "Nəinki sürücü və piyadaların, hətta sərnişinlərə və velosipedçilərimizə də bunu aid edə bilərik. Ya qaydaları zəif bilirik, ya da bildiklərimizə riayət etmirik, biganə yanaşırıq”.
Ə.Hüseynovun sözlərinə görə, eyni zamanda yol hərəkətinin təşkilində də problemlər var: "Məsələn, gecə vaxtı küçələr işıqlandırılmır. Buna görə də gecə sürücü piyadanı görmür və vurur. Yol hərəkətinin təşkilində başqa problemlər də var. Tutaq ki, nişanlar, işıqforlarla bağlı… Bu problemlər də öz sözünü deyir”.
"Hər bir hadisənin kökündə hansısa davranış durur”
Ekspert Azər Allahverənov da yaşayış məntəqələrinin yaxınlığında qəzaların çox olmasını həmin yerlərdə hərəkətin intensivliyi ilə əlaqələndirir. Amma eyni zamanda bildirdi ki, hər bir hadisənin kökündə hərəkət iştirakçılarının davranışı dayanır: "
İstənilən halda, yol hərəkəti qaydaları nəqliyyat vasitələrinin intensiv olduğu yerdə pozulur. Nəqliyyat vasitəsinin intensivliyi isə əsasən iri şəhərdə müşahidə olunur. Baş verən qəzaların da çoxu iri şəhərlərin üzərinə düşür. Təbii ki burada intensivliyi önə çəkirik, amma reallıqda hər bir hadisənin kökündə hansısa davranış durur. Bəzi hallarda sürücülərin seçdiyi sürət həddi real vəziyyətə, şəraitə uyğun olmur. Bəzən sürücülərin yerinə yetirdiyi dönmə əməliyyatı qəzaya səbəb olur. Bu da sürücülərin bir qisminin peşəkarlığının aşağı səviyyədə olduğunu göstərir. Bəzi hallarda, iri şəhərlərdə - xüsusilə, Bakıda baş verən yol-nəqliyyat hadisələrində piyadaların günahkar olduğu bildirilir. Yollarda qəzalar, hərəkət iştirakçıları müəyyən olunmuş qaydalardan kənar davranış sərgiləyən zaman baş verir. Bu da həmişə qəzasız və xətasız ötüşmür. Məsələn, piyadalara bir qayda olaraq onlar üçün təyin olunan keçidlərdən, zolaqlardan istifadə etmək tövsiyə olunur. Amma bir qayda olaraq, vurulan piyadaların bir qisminin zolaqdan kənarda hərəkət etdiyi məlum olub. Son zamanlar velosiped sürənlərin iştirak etdiyi qəzaların sayı da artıb”.
A.Allahverənov qeyd etdi ki, yol-hərəkəti ilə bağlı maarifləndirmə, məlumatlandırma, ictimai kampaniyalar genişmiqyaslı və kifayət qədər çevik şəkildə, real vəziyyətdən irəli gələn tərzdə həyata keçirilməlidir.
"Piyadaların vurulması ciddi narahatlıq yaradır”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, hazırda Bakı şəhərində bütün göstəricilər üzrə yol-nəqliyyat hadisələri azalmağa doğru gedir. Azalması üçün də lazım olan işlər görülür. V.Əsədov problemdə həm sürücülərin, həm də piyadaların rolunun olduğunu bildirdi: "Avtomobil, sürücü, piyada və sərnişin varsa, hadisə qaçılmazdır. Ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə, hadisə də, ölüm faktı da aşağı düşüb. Ancaq ümumi hadisələrdə piyadaların vurulması ciddi narahatlıq yaradır. Hadisələrin də baş verməsinə səbəb sürücü diqqətsizliyi, piyada səhlənkarlığıdır”.
"Bütün istiqamətlər üzrə müvafiq yol nişanları var”
Qəza baş verən ərazilərdə yol-hərəkəti nişanlarının qaydasında olub-olmadığına gəlincə, V.Əsədov dedi ki, baş verən hadisələri təhlil edəndə, səbəbin qanunun tələbinin pozulması ilə bağlı olduğu ortaya çıxır: "Məsələn, təyin olunmayan yerdən keçən piyada, sürət həddinin aşan, sükan arxasında mobil telefonla danışan, yuxulayan, qarşı hərəkət zolağına çıxan, yorğun olan, təhlükəli manevr edən sürücü və digər səbəblər yol-nəqliyyat hadisələrinin yaranmasına gətirib çıxaran əsas faktorlardır. Hadisə yol hərəkəti haqqında qanunun tələbinin pozulmasından baş verirsə, kim olursa-olsun, tələbləri bilməli və yerinə yetirməlidir. Bütün istiqamətlər üzrə müvafiq yol nişanları var. Bu nişanların tələbləri üzrə də hərəkət edilməlidir. Təəssüf ki, sürücü diqqətsizliyi, piyada səhlənkarlığı hadisələri qaçılmaz edir.
Ərazidə xidmət aparan polis əməkdaşının olub-olmamağından asılı olmayaraq, qaydalara riayət etməliyik. Qonşu ölkələrlə müqayisə edəndə, yollarımız yüksək vəziyyətdədir, yol nişanları qaydasındadır, hətta hərəkətə avtomatik nəzarət edə biləcək, eyni zamanda tədbirlərin görülməsinə şərait yaradan texniki vasitələr hamısı müasirdir. Bunlar polis əməkdaşı olmasa da, ərazidə ən nümunəvi hərəkətin formalaşdırılması deməkdir. Ancaq adi bir diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur”.
Mentalitetimizlə bağlı təhlükəli vərdişlərimiz…
Şöbə rəisi qeyd etdi ki, səhlənkarlıqla diqqətsizliyin yanında mentalitetimizlə bağlı təhlükəli vərdişlərimiz də var: "O vərdişləri də açıb-ağartmaq lazımdır, XXI əsrdə bu vərdişlərdən uzaq olmaq lazımdır. "Heç nə olmaz” deyib, yaxınlaşmaqda olan maşının qarşısından yolu keçirilər, yaxud "görmədim”, "bilmədim” kimi ifadələr işlədirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər ərazidə yol polisinin olmadığını gördükdə, qaydaları pozurlar. Lüzumsuz olaraq səs siqnalları verirlər. Ailə quranda siqnalla evlənirik, sevinəndə, bir-birimizi çağıranda siqnal veririk. Bunlar olmaz. Ən azından, təhlükəli vərdişləri əksəriyyətimiz bilirik, amma yenə də edirik”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər