• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

Yaşayan və yaşadan Müslüm

18.08.18 10:30 1452
Yaşayan və yaşadan Müslüm
Ey, əziz Anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan!
Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan” mahnısını dinləyərək böyüdük. Hər bu mahnı səslənəndə gözlərimiz məhz onu - Müslüm Maqomayevi axtardı. Biz onun sorağını ölkəmizin hüdudlarından kənardan eşitdikdə ürəyimiz dağa döndü. Çəpər oldu, sipər oldu, dünya oldu. Fəxrlə, sevinclə, qürurla Müslüm Maqomayevin sərhədlərimizdən kənarda azərbaycanlı sənətkar kimi təqdim edilməsini eşitdik. Onun mahnılarını dinlədik, həyatını, sevdiyi qadınları, onu sevənlərin hekayələrini oxuduq. Çəkildiyi "Oxuyur Müslüm Maqomayev”, "Nizami”, "Moskva notlarda” filmlərini izləyərək qəlbimizdə bir Müslüm sevgisi yaratdıq. Bu sevgi ildən-ilə böyüdü...
Dünən mahnılarını sevərək dinlədiyimiz, gur səsli ifaçı Müslüm Maqomayevin doğum günü oldu. Anadan olmasının 76-cı ildönümü nəinki doğulduğu Azərbaycanda, həm də dünyanın bir çox yerlərində qeyd edilən SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin fəth etdiyi qəlblərdə hələ də yaşadığının bir daha şahidi olduq. Hər il avqustun 17-də onun xatirəsi ehtiramla anılır. Sənətə və əsl sənətkara hörməti olan hər kəs həmin gün Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, onu mahnılarını dinləyir, filmlərini izləyir və yenidən xatırlayır.
Bəziləri opera və estrada müğənnimiz Müslüm Maqomayevin Rusiyada doğulduğunu hesab etsə də o, 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edib. İlk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanaraq oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok” jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləsini dərc edib. Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala” teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
Şanslı bəstəkar və istedadlı ifaçı
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya - öz dünyasını yaradırdı. Onun repertuarında 600-dək əsər var. O, həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz” və "Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, fərqləndirməyi, özününküləşdirməyi bacardı, bir növ fəlsəfi yüksəkliyə qaldırdı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
Böyük coşqu ilə qarşılanan sənətkar
Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib. Azərbaycan xalqına bağlı olan Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə mədəniyyətimizə geniş şöhrət qazandırıb.
Müğənninin ifasında "Koroğlu” (Ü.Hacıbəyli), "Şah İsmayıl” (M.Maqomayev), "Toska” (C.Puççini), "Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanmışdı.
Azərbaycan estrada ifaçılığı sənətini xaricdə yüksək səviyyədə dəfələrlə təmsil etmiş müğənni 1969-cu ildə Sopot Beynəlxalq Mahnı Müsabiqəsində, Kannda keçirilən "Qızıl val” müsabiqəsində birinci mükafata və laureat adına layiq görülüb. Müslüm Maqomayev unikal sənətkarlardandır ki, ona Parisin məşhur "Olimpiya” zalında solo konsertlə çıxış etmək nəsib olub.
Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və bir çox başqa ölkələrdə böyük uğurla çıxış edib. O, həm Azərbaycan, həm də keçmiş SSRİ-nin respublikalarında keçirilən dövlət əhəmiyyətli tədbirlərin, mədəniyyət günlərinin, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olub.
O, SSRİ-nin şəhərlərində çıxış edərkən stadionlar insanlarla dolu olurdu. Dünyanın opera və konsert salonları onu böyük coşqu ilə qəbul edirdi. Qaldığı otellərin qarşısından pərəstişkarları səhərəcən çəkilmirdi.
Müslüm Maqomayev uzun illər ümummilli lider Heydər Əliyevlə dostluq edib. 2003-cü ildə dostunun ölümündən sonra özünə qapanır. Xəstə ürəyi və ciyərləri ulduzu tez-tez narahat edirdi. Həyat yoldaşı Tamara Sinyavskayanın dediyinə görə, müğənni gün ərzində 3 qutu siqaret çəkirdi. Onun əsərləri içərisində ulu öndər Heydər Əliyevin, Bethovenin, Çaykovskinin, Sergey Rahmaninovun, Cüzeppe Verdinin portretləri də var idi. Portretləri çəkən zaman Tamara xanım onu royalda müşayiət edirdi.
2005-ci ildə Maqomayev Rusiya vətəndaşlığını qəbul etsə də, özünü azərbaycanlı hesab edərək Rusiya azərbaycanlıları diasporunu birləşdirən ümumrusiya ictimai təşkilatının rəhbərliyində təmsil olunurdu.
Müslüm Maqomayev xatirələrdə
2008-ci il 25 oktyabrında M.Maqomayev Tamara Snyavskayanın əlləri üstündə can verdi. Həkimlər dünya şöhrətli müğənninin ölüm səbəbini araşdırdıqdan sonra ona ürəyin işemik xəstəliyi və ateroskleroz diaqnozunu qoydular. Müslüm Maqomayev Bakıda - Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olundu. Tamara Sinyavskaya sevimli həyat yoldaşının ölümündən sonra hələ də özünə gələ bilmir. O, həyat yoldaşı ilə bağlı xatirələrində deyib ki: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçib. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.
Səməd Vurğun adınaRus Dram Teatrının aktyoru, aparıcı OleqƏmirbəyov Müslüm Maqomayevlə məhz onun ad günündə tanış olduqlarını xatırlayır. Bizimlə həmsöhbət olan aktyor mərhum sənətkarı gözəl tanıdığını və onun məsləhətlərini ömrü boyunca unutmayacağını deyir: "Uşaqlıqdan bizim evimizdə Müslüm Maqomayevin mahnıları dinlənilib. Onun internetdə səhifəsi var idi. 2004-cü ildə internetin təzə çıxan zamanlarında sənətkarın "Ad günü” mahnısını yükləmək üçün axtarış verdim. Onun səhifəsini gördüm və qonaq bölməsində Müslüm sevərlər ona mesaj yazırdılar. Orda M.M. adlı istifadəçi ünvanlanan suallara cavab yazırdı. Sonradan mənə məlum oldu ki, bu M.M. onun özü imiş. Mən də o sayta daxil oldum və ona təbrik yazdım. Mənə cavab yazdı və beləliklə, ünsiyyətimiz yarandı. Bizim onunla tanışlığımız məhz internet üzərindən oldu. Onun doğum günündə dünyanın bir çox ölkələrindən qonaqlar gəlmişdi. Real həyatda görüşmədiyi virtual dostlarını ad gününə dəvət etmişdi. Daha sonra o, bizi bağ evinə dəvət etdi. Mən Moskvada təhsil alırdım. Bu müddət ərzində onunla tez-tez görüşür, evlərində qonaq olurdum. Müslüm Maqomay dahi sənətkar olmaqla yanaşı, həm də mükəmməl insani keyfiyyətlərə malik idi. Dostluq anlayışı onun üçün böyük məfhum idi”.
Onu sonuncu dəfə ölümündən bir neçə həftə qabaq gördüyünü deyən Oleq görüşlərinin Moskvada olduğunu bildirdi: "Sonuncu görüşümüzdə mənə dedi ki, aktyor sənəti hər baxımdan çox çətindir. Mən çox istərdim ki, sən bu sənətdə qalasan. Hər dəfə məndə hansısa şübhələr yarananda, başqa bir sahədə çalışmaq istəyəndə onun bu sözlərini xatırlayıram. Onu həyatda tanımaq həqiqətən şərəfdir. Mənim üçün xoşbəxtlikdir”.
Aktyor sənətkarla birlikdə mahnı ifa etdiyi günləri xatırlayır: "Hətta mən onunla birlikdə bir royalın arxasında mahnı da ifa etmişəm. Bir dəfə 8 mart bayramında ikimiz də eyni məclisdə iştirak edirdik. Orada Rusiyanın, MDB ölkələrinin tanınmış sənət adamları var idi. Yaxınlaşıb Müslüm Maqomayevə bildirdim ki, bəlkə siz də bir Azərbaycan mahnısını oxuyasınız. Soruşdu ki, mən nə oxuyum? "Sənə də qalmaz”ın gözəl mahnı olduğunu dedim. Birdə gördüm ki, royala tərəf gedir. Təklif etdi ki, gəl, bir yerdə oxuyaq. Bildirdim ki, ifaçı deyiləm, oxuya bilmərəm. Dedi mən başlayım, sən də davam et. Yaxşı yadımdadır, 1998-ci ildə Müslüm Maqomayev səhnədə çıxışlarına son qoydu”.
Qəlblərdə taxt quran sənətkar
Müslüm Maqomayev nəinki yerli, eyni zamanda xarici sənətkarlar üçün də bir örnək idi. Onu özünə kumir seçənlər, yolunu davam etdirmək istəyənlər, yeri gələndə sitatlarından istifadə edən dünyaca məşhur sənətkarlar da az deyildi. Belə ki, "Hər bir istedadın səhnədən getmək vaxtı var” - deyən müğənni ömrünün son 10 ilini rəssamlığa həsr etmişdi. Rusiya estradasının primadonnası Alla Puqaçova Müslüm Maqomayevi çox sevir, onunla bağlı Rusiya mətbuatına açıqlamalar verirdi. Karyerası boyunca Müslüm Maqomayevi özünün kumiri hesab etdiyini deyib. Hətta bir dəfə özünə söz verib ki, onun səviyyəsinə çatdığı zaman səhnədən gedəcək: "Bax, mən Müslüm Maqomayevin uğurlarının səviyyəsinə çatdım. Mənə daha heç nə lazım deyil. Və o mənə dedi ki, 60 yaşında getmək lazımdı”. Primadonnanın sözlərinə görə, özünə vəd verib və sözünün üstündə durub. Alla Puqaçova 2010-cu ildə səhnədən getdiyini açıqlayıb. Bundan sonra o, solo konsert verməyib.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafında mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 və 75 illik yubileyləri prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd olunub. Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək. O, qəlblərdə yaşayıb və daim də yaşayacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər