• şənbə, 20 Aprel, 20:04
  • Baku Bakı 24°C

Yaşar Cəfərli milli maraqlarımıza zərbə vurur

29.08.13 11:36 1924
Yaşar Cəfərli milli maraqlarımıza zərbə vurur
Son vaxtlar özünü hərbi ekspert kimi qələmə verən Yaşar Cəfərli adlı birisi müharibə şəraitində olan ölkənin ordusu haqqında müxalifət qəzetlərində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaymaqdadır. Onun ölkəmizin ordu quruculuğu prosesinə qərəzi o həddə çatıb ki, Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-a səfəri zamanı təntənəli şəkildə qarşılanmasına belə öz etirazını bildirib. «Kaspi» qəzetinə müsahibəsində «Silahlı qüvvələrə ictimai nəzarət birliyi»nin sədri Emin Həsənli «hərbi ekspertin» yalanlarını açıqladı.
-Yaşar Cəfərlinin son dövrlər verdiyi açıqlamasında Azərbaycan ordusuna qarşı tutduğu mövqe sizcə, nəyi ifadə edir?
- Yaşar Cəfərli müxalif yönlü insandır və Milli Şurada təmsil olunur. Həmin şəxs Azərbaycanın uğurlarına sevinmir, dünyanın super dövləti ilə Azərbaycanın münasibətlərinin inkişafını qəbul etməyi bacarmır. Reallıq budur ki, Azərbaycan hərbi qüdrətini daim artırır. Ölkəmizin ABŞ-la birgə Əfqanıstandakı çıxışını hər kəs bilir. Bununla yanaşı, azərbaycanlı tələbələr dünyanın müxtəlif ölkələrində hərbi sahədə təhsil alırlar. Beləliklə də, Azərbaycanın nüfuzu, gücü artdıqca ikitərəfli əməkdaşlıq dərinləşir. Azərbaycan müdafiə nazirinin səfəri də iki tərəfli maraqlar əsasında həyata keçirildi. Azərbaycan dövlətinin milli maraqları hər zaman qorunub. Yaşar Cəfərli heç bir uğur qazanmayan Milli Şuranı təmsil edən şəxsdir. Həmin qurumun rəhbəri heç pasport işini həll edə bilmədi. Milli Şurada toplaşanlar necə uğursuzluğa düçar olurlarsa, Y. Cəfərli də bu sahədə həmin vəziyyətə düşəcək. Onlar Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışırlar. Bunu bacarmasalar da, yenə də cəhd edirlər. İstəyirlər ki, Azərbaycan dünyada zəif, bacarıqsız ölkə kimi tanınsın.
Ölkəmizin inkişafına uyğun olaraq hərbi quruculuq sahəsində də irəliləyişlər göz qabağındadır. Hərbi hissələrdə müasir kazarmalar, hərbi hospitallar tikilir, zabitlərə evlər verilir. Bunları bilə-bilə əksini danışan müxalifət üzvündən nə gözləmək olar? Təəssüf ki, ancaq böhtan, yalan danışmaqda davam edirlər, Azərbaycanın hərbi sahədəki uğurlarına kölgə salmaq istəyirlər. Onların ətrafında heç bir zabit toplaşmayıb. 3-4 nəfər özü kimi insan var ki, onlar da ölkəmizin uğurlarını qəbul edə bilmir.
Xalqımız isə öz ordusunu dəstəkləyir. Azərbaycan ordusunun gücü dəfələrlə sübut olunub. Bildiyiniz kimi, hərbi büdcəmiz Ermənistan dövlətinin büdcəsindən çoxdur. Müdafiə nazirimizin hara, nə zaman səfər etməsinə qaldıqda isə, hər bir iş Ali Baş Komandanın tapşırığına uyğun olaraq həyata keçirilib. Yaşar Cəfərlinin nə elmi savadı, nə dünya görüşü, nə də bugünkü mövqeyi o cür səfərləri təhlil etmək üçün yetərli deyil. Heyf ki, həmin səfəri gözdən salmaq üçün qarayaxma kampaniyası aparılır. Bu, Azərbaycan vətəndaşına, Azərbaycan zabitinə yaraşmayan hərəkətdir. Belə məsələlərdə həssas olmaq lazımdır. O şəxs müxalifət cəbhəsində olsa da, siyasi məsələləri ciddi təhlil etmədən bu cür bəyanatla çıxış etməməli idi. Ölkənin milli maraqları məsələsində ilk olaraq, vətəndaş mövqeyindən çıxış etmək lazımdır, hansısa qrup mənafeyindən yox. Təəssüf ki, Yaşar Cəfərli bunun əksini etdi.
-Siz hansı qənaətdəsiniz, müharibə şəraitində yaşayan ölkənin ordusunda ictimai nəzarət necə həyata keçirilməlidir?
- Ehtiyatda olan hərbiçilər, millət vəkilləri, media nümayəndələri və baş redaktorlar tez-tez hərbi hissələrə səfər edirlər, hərbi hissədə olan vəziyyətlə tanış olurlar. Mən “Silahlı qüvvələrə ictimai nəzarət birliyi”nin rəhbəri kimi deyə bilərəm ki, biz daim bütün qoşun növləri ilə maraqlanırıq, hərbi hissələrdə tədbirlər keçiririk. Əsgər-zabit münasibətləri, onların sağlamlıqları, sosial durumları ilə maraqlanırıq. Biz ictimaiyyətin üzünə açığıq. Valideynlər də, mətbuat da, QHT-lər də, millət vəkilləri də istədiyi vaxt bizimlə əlaqə saxlaya bilir. Tez-tez hərbi hissələrdə, cəbhə bölgələrində oluruq. Oradakı vəziyyət haqqında ətraflı məlumat toplayırıq. ABŞ-da və ya Avropa ölkələrində ordunun qapıları bütün cəmiyyətin üzünə açıqdırmı? Xeyir, bu mümkün olan iş deyil. Təbii ki, bizdə də məxfi yerlərə heç kəs buraxılmır. Sirr daşıyıcı yerlər haqqında kiməsə məlumat vermək qadağandır. Nəzərə çatdırım ki, ölkəmizdə on il bundan əvvəlki dövrlə müqayisədə xeyli işlər görülüb. Azərbaycan ordusu 20 il bundan əvvəlki ordu deyil.
- Emin bəy, ümumiyyətlə son vaxtlar mətbuatda ordumuz haqda gedən, həqiqətə uyğun olmayan fikirlərə münasibətiniz necədir?
- Çox təəssüf doğurur ki, Azərbaycanı istəməyən qüvvələr onu gözdən salmağa çalışır. Bu yolverilməzdir. Hər çağırış ərəfəsi və ya mühüm hadisə baş verən zaman bu xoşagəlməzliklər baş verir. Elə bir cəmiyyət, elə bir təşkilat yoxdur ki, orada problem, hansısa çatışmazlıq olmasın. Kiçik çatışmazlığı bütün kollektivin üzərinə yıxmaq olmaz. İllərlə görülən əziyyəti itirmək düzgün deyil. Bir əsgərin və ya bir çavuşun səhvi bütünlükdə ordunun boynuna qoyulmamalıdır. Ordu bu qədər yaxşı nailiyyətlər əldə edib, Əfqanıstanda, İraqda sülh yaratmaq prosesi həyata keçirib. Azərbaycan dünyada sülhə, təhlükəsizliyə təminat verir, töhfə verir. Xarici ölkələrdə Azərbaycan hərbiçiləri haqqında yüksək fikirlər var. Müxalif şəxslər bu haqda da yazsınlar. Ön xətdə hərbiçilərimiz hər zaman düşməni susdururlar. Azərbaycanın çox gözəl peşəkar hərbiçiləri, hərbi həkimləri var. Ölkəmizdə çox gözəl kadr potensialı formalaşıb. Yaxşı psixoloji mühit, müasir silahlarımız var. O adamlar belə məqamlara fikir vermir, ancaq diqqətdə saxlayırlar ki, görəsən, daha bir əsgərimiz öldümü? Bunu yazmaqlarına bir söz demirəm. Lakin yaxşı cəhətlərdən də yazsalar, onda demək olar ki, o şəxslər qərəzli deyil. Təəssüf ki, onlar məkrli niyyətlərini gizlətməkdə maraqlı deyillər. Ordumuza nəzarət kifayət qədər güclüdür. Ali baş komandan şəxsən özü diqqətini üzərimizdən əsirgəmir və lazımi tapşırıqlarını verir. Hər il nə qədər müsbət işlər görülür ki, o şəxslər gərək əvvəlcə bundan danışsınlar. Vətəndaşlar arasında ordunu nüfuzdan salmağa cəhd yolverilməzdir. Şükürlər olsun ki, Azərbaycan xalqı belə insanlara önəm vermir və böyük əksəriyyət öz ordusunu dəstəkləyir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər