• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Yaşamaqdan və yazmaqdan öyrəndiklərim

05.02.18 14:00 1230
Yaşamaqdan və yazmaqdan öyrəndiklərim
Yeddi yaşlı nəvəmin otağı ilə mənim yataq otağım eyni dəhlizə açılır. Bəzi səhərlər yuxudan duran kimi yanıma qaçır: "Bilirsən, bəlkə də bu gün dünyanın ən yaxşı günüdür”. Bəzən isə, xüsusilə gecə yarısı narahat, titrək səslə məni çağırıb, soruşur: "Nana, sən, doğurdan da, bir gün xəstələnib, öləcəksən?”.
Mənə elə gəlir ki, bununla həm mənim üçün, həm də yaxın ətrafımdakı bir çox insan üçün vacib bir şeyə işarə edir: hamımız xoşbəxt gələcək gözləntisi ilə sonsuz nigaranlığın qarışığıyıq. 61 yaşımın tamamlanmasına bir neçə gün qalmış bəşəri həqiqət olduğunu artıq birmənalı şəkildə qəbul etdiyim şeyləri siyahılaşdırmağa qərar verdim. Populyarlığın dəb olduğu çağdaş mədəniyyətdə yekdil formada doğru kimi qəbul edilən şeylər sayca çox azdır. Düşündüm ki, bəzi şeylərin doğruluğundan tamamilə əmin olmaq hamı üçün faydalıdır.
Məsələn, artıq 47 yaşım yoxdur. Halbuki, özümü 47 yaşımdakı kimi hiss edirəm. Və imkanım olsaydı, məhz 47 yaşıma qayıdardım. Pol adında bir dostum var. 80-ə yaxın yaşı olsa da, özünü gənc, tərs, üsyankar dəliqanlı kimi hiss edir, elə davranır. (Gülüş)
Görünən xarakterimiz zaman və məkandan asılı deyil, tamamilə müstəqildir. Rəsmi sənədlərə baxanda görürəm ki, doğurdan da, 1954-cü ildə anadan olmuşam. Amma daxili dünyam, təbiətim, duyğularım illərə, yaşadığım yerin yaşıdlarıma qoyduğu tələblərə uyğun deyil, özbaşınadır. Onun müəyyən bir yaşı yoxdur, öz zaman anlayışı var. Mən indiyə kimi bütün yaşlarımın, illərimin cəmiyəm. Sizin kimi. Amma yenə də bir şeyi etiraf etməliyəm – kaş ki, bədənimi ruhuma uyğunlaşdırmaq üçün 60 yaşlı xanımlara məsləhət görülən estetik prosedurlardan keçməyəydim. Bir ara da bir trend var idi, min əziyyətlə bu mərhələni icra edirdim – günəş mümkün olduqca çox yandırsın deyə, ən qızmar saatlarda günəşlənmək və bu zaman çoxlu uşaq kremləri, yağları sürtmək, amma reflektor xüsusiyyətinə görə, prosedurda mütləq alüminium folyodan da kimi istifadə etmək. (Gülüş)
Sonra isə sakitləşdim. Artıq ömrün yarısından çox keçdiyini qəbul etməyimin, doğru olduğunu bildiyim hər şeyi qələmə alaraq, rahatlıq tapmağa qərar verməyimin mənə çox köməyi oldu. İndi elə bir dövrdə yaşayırıq ki, insanlar səbəbli-səbəbsiz özlərini yorğun hiss edirlər, harda görsələr, daha ağıllı, intellektual hesab etdikləriı adamlardan nəyin daha doğru olduğunu soruşurlar, cavab axtarırlar. Ümid edirəm, mənim uzun illər ələyə-ələyə ərsəyə gətirdiyim "doğruluğuna əmin olduqlarım” siyahısı bu bitkin, yorğun, dörd bir yandan bədliklə çevrələnmiş kimi hiss edən insanlara bəzi ibtidai həqiqətlər haqqında yol göstərə bilər.
1. İlk və ən doğru şey – bütün həqiqətlər paradoksaldır. Həyat həm olduqca dəyərli, heyrətamiz dərəcədə möhtəşəm bir hədiyədir, həm də bütün hekayələrin sonuna nəzər saldıqda görürük ki, imkansızdır, mənasızdır. Dövranın indiki gərdişi, xüsusilə də, təbiətən həssas olanlarımız üçün dözülməzdir, ağırdır. Bəzən isə o qədər əzabverici və ağılasığmaz hala düşür ki, insan öz-özünə "yəqin ki, bu gizli kamera zarafatıdır” – deyir. Həyat paralel zamanda baş verənlərin - qəlbimizə toxunan gözəlliklərin, çarəsiz yoxsulluğun, təbii fəlakətlərin, körpə sevincinin, dəri sızanaqlarının bir-birinin içinə keçib, gözümüz önündə təzahür tapmasıdır. Doğruluğuna əmin olsam da, qətiyyən bunun ideal bir sistem olduğunu düşünmürəm.
2. Demək olar ki, hər şeyin elektrik xəttini bir neçə dəqiqəliyinə çıxarıb, yerinə taxsanız, işləməyə davam edəcək. (Gülüş. Alqış.) Siz də daxil.
3. Əgər gözlədiyiniz şey orqan köçürülməsi deyilsə, bilin ki, xaricdən gələn hansısa dəstək, müdaxilə sizə kömək etməyəcək. Rahatlığı, mənəvi sakitliyi satın ala, ya da vaxtını müəyyənləşdirə bilməzsiniz. Bu kəşf etdiyim ən acı həqiqətdir və məni çox kədərləndirir. Amma digər tərəfdən də birbaşa daxili dünyamızdan qaynaqlanan bir məsələdir. Məhz buna görə də, dünyada ən çox sevdiyimiz, qayğısına qaldığımız insanlar üçün də daimi rahatlıq, rifah təmin edə bilmirik. Onlar öz yollarını, cavablarını özləri tapmalıdır. Övladlarınız yetkinləşəndə öz hekayələrinin qəhrəmanına çevrilirlər, əlinizdə günəş kremi, günəş qoruyucusu götürüb dallarınca qaça bilməzsiniz. Onlara sərbəstlik verməlisiniz. Əks halda, onlara şəxsiyyət kimi hörmətsizlik etmiş olarsınız. Üstəlik, əgər problem başqasına aiddirsə, cavabı onsuz da sizdə deyil. (Gülüş)
Köməyimiz çox vaxt elə də ciddi fayda vermir. Hətta çox vaxt zəhərli kol olur. Hamını yaxşılığınızla, yardımsevərliyinizlə utandırmayın.
4. Hamı bezmiş, incik və qorxmuş vəziyyətdədir. Odur ki, daxili dünyanızın vəziyyətini, başqalarının xarici görünüşü ilə müqayisə etməyin. Bu sizi lap pis vəziyyətə salacaq. Bir də ki, siz kimisə sağalda, dəyişdirə, xilas edə və oyada bilməzsiniz. Bundan 30 il əvvəl içkini və narkotiki birdəfəlik atdım. Əvvəl dindar dostlardan kömək istədim, Tanrının bir başqa adı da "çarəsizliyin hədiyəsi”dir. Sonra əvvəllər alkoqolik olmuş bir dostum dedi ki, onlardan kömək istəmək özünü başqa bir gücə təslim etməkdir:Düzəliş etmək, ya da xilas etməyə çalışmaq bihudə cəhd olmaqla yanaşı, yaxşı bir özünəqulluq üsuludur – xoş niyyət nəfəs kimi sizdən ayrılar və atmosferə yayılar. Kainatın ən çox ehtiyacı olan hədiyə...
İnsanlar sizə baxıb, "necə də özünəməxsus” deyirsə, Mona Liza kimi gülümsəyin. İnsan o vaxt özünü evindəki kimi hiss edir ki, gizlətdiyi səfeh, eqoist, dağınıq və bir çox dözülməz keyfiyyətlərinə simpatiya nümayiş etdirə bilir. Elə bu böyük dünyada bəşəri sülh də buradan başlayır.
5. Tərkibində 75% kakao olan şokoladlar, əslində, qida deyil. (Gülüş) Ən yaxşı halda ilanlar üçün qurduğunuz tələlərdə yem kimi istifadə edə bilərsiniz. Yoxsa bu şokoladları insanların istehlak etməsi üçün hazırlamazlar.
6. Yazmaq. Tanıdığınız bütün yazarların üzə çıxarılmayası ilk əlyazması var. Amma bu zəif nümunəyə məhəl qoymadan təmkinlə yazmağa davam edirlər. Həyatın sirri də elə budur. Ehtimal ki, onlarla sizin aranızdakı ən böyük fərq də burdadır. Onlar səbirlə bir işi mükəmmələ çatana kimi icra edirlər. Sonuna kimi yazmaq üçün özlərinə söz verirlər. Bu onlar üçün şərəf məsələsidir. Ürəklərindəki hekayəni danışırlar.
Qardaşım dördüncü sinifdə oxuyanda dedi ki, səhərə rüblük tapşırığı təhvil verməlidir, amma heç başlamayıb – quşlar haqqında yazmalı idi. Atam audubon kitabı (təbiət elmlərinə həsr olunmuş şəkil kitabı – red.), vərəq, qələm və pozanı götürüb, qardaşımın yanında oturdu və dedi: "Quşları bir-bir yaz, balası. Qutanlar haqqında oxu və sonra onlar haqqında öz dilində yaz. Sonra çikadalar (Şimali Amerikaya məxsus başı qara quşlar – red.) haqqında məlumat topla və sonra öz düşüncələrinlə onları şərh et. Sonra qazları”.
Beləliklə, yazı prosesində iki vacib məsələ var: quşları bir-bir yazmaq, və üzə çıxarılmayacaq qədər bərbad bir ilk versiya. Əgər haradan başlamalı olduğunu bilmirsənsə, sənə təsir edən, həyatına yön verən şeyləri bir-bir xatırla və elə bir-bir də danış. Çünki kimsə bilsə ki, ondan yazırsan, başlayacaq davranışlarını düzəltməyə.
7. Nəşr olunmaq və yaradıcılığınızın gətirdiyi müvəqqəti uğurların sərxoşu olmaq problemi öhdəsindən gəlməli olduğunuz hadisələrdir. Bu uğurlar əvvəl güldürər, sonra öldürər. Təsəvvür belə etməyəcəyiniz formada ruhunuzu yaralayar, sizə zərər verər, sizi dəyişdirərlər. Həyatımda tanıdığım ən alçaq və ziyanlı insanlar bestseller siyahısına düşmüş kişi yazarlardır. Kitabının nəşr olunmasını, hekayələrinin oxunmasını, eşidilməsini möcüzə kimi qəbul et. Özünü alicənab bir şəkildə mükafatlandır.
8. Ailələr. Nə qədər sizə dəstək verib, köməkləri ilə təəccübləndirsələr də, ailə ilə çətindir, çətindir, çətindir.
9. Qidalanmaq – Çalış əlindən gələnin ən yaxşısını edəsən. Çox sözə ehtiyac yoxdur, siz anladınız nə demək istəyirəm. (Gülüş. Alqış)
10. Rəhmət ruhu paslardan təmizləyəndir. Bu bizi dəyişdirən, dünyamızı yaxşılığa doğru aparan bir gücdür. Bu duyğu sizi harada olsanız tapar, amma əsla olduğunuz yerdə buraxmaz. Dönə-dönə nəfəs almağımıza imkan verər, bizi özümüzə gətirər, həyata və bir-birimizə olan inancımızı yeniləyər. Mərhəmət hər zaman gözünü ən son bağlayandır.
11. Tanrı sadəcə yaxşılıq deməkdir. Bunda qorxulası bir şey yoxdur. Tanrı müqəddəs, qayğıkeş bir qeyri-adi beyindir. Emerson deyir ki, dünyadakı ən xoşbəxt insan ibadəti təbiətdən öyrənəndir. Çölə çıxın və səmaya baxın. Həyatın sirri ordadır.
12. Və son olaraq, ölüm. 12-ci dərs. "Onsuz yaşaya bilmərəm” dediyiniz bir ovuc adamlar var. Onların ölümünə dözmək çətindir. Çevrə nə tələb edirsə etsin, bu itkinin ağırlığının altından çətin qalxacaqsınız. Biz xristianlar ölümü ünvanını dəyişmək kimi qəbul edirik. Əgər qəlbiniz möhürlənməyibsə, o adamı çinət unudacaqsınız. Leonard Kohenin dediyi kimi: "Hər şeyin üstündə çatlar var, işıq içəri ancaq belə süzülür”. Bütün sevdiklərimizin işığını da ancaq belə hiss edirik.
Bəzi insanlar səbəbsiz yerə qəhqəhələrə səbəb olurlar, bu möhtəşəm duyğudur. Yas tutmaq, zaman və göz yaşı sizi ancaq bir qədər sağalda bilər. Bir gün göz yaşlarınız üstündə durduğunuz yeri yuyub aparar.
Tanrının Həzrəti Musaya dediyi ilk şeyi xatırlayın: "Ayaqqabılarını soyun. Kim nə deyirsə desin, basdığın torpaq müqəddəsdir”. Yaşlandıqca ölümün də torpaq kimi müqəddəs olduğu qənaətinə varırsınız. Qorxmayın – yaşamağa davam edin. Bizi digər tərəfdə gözləyən hər nədirsə, keçidə kömək edəcək...
Elə bu qədər.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər