• cümə axşamı, 28 mart, 23:20
  • Baku Bakı 13°C

Yarım litri iki manata...

20.02.14 10:05 2915
Yarım litri iki manata...
Bu günlərdə yolum “Sahil” metrosundan düşmüşdü. Aptekdən dərman götürüb yaxınlıqdakı mağazaya girdim ki, su alıb dərmanı içim. Vitrindən üzərində 2 rəqəmi gördüyüm və 20 qəpiyə olduğunu zənn etdiyim yarım litrlik “Evian” suyunu götürdüm və satıcıya yaxınlaşıb 20 qəpik uzatdım. Satıcı “bacı, o su iki manatdır e” deyəndə təəccüb içində qaldım. Dərhal da beynimdən “yaxşı araşdırma mövzusudur” deyə bir fikir keçdi və 2 manat verib həmin suyu aldım. Sözün düzü, su elə adi sudur, heç bir xüsusi dadı-ləzzəti yoxdur. “Bəs niyə belə bahadır” deyə sual etdikdə isə satıcı “Fransa suyudur, ona görə” cavabını verdi. Üstəlik, mənlə eyni vaxtda kassaya yaxınlaşan rusdilli xanım da öz dilində məni məzəmmət etdi ki, burda təəccüblü heç nə yoxdur, su “fransuziski”dir. Həmin “frasuziski” suyun üzərində azərbaycanca heç bir məlumatın olmaması da məndə onun təmizliyinə şübhə oyatdı. Çünki mövcud qanunlara əsasən, Azərbaycanda istehlak üçün nəzərdə tutulmuş məhsulların üzərində mütləq Azərbaycanca məlumat olmalıdır.
Xaricdən gətirilən suların keyfiyyətinə inanmaq olarmı? Xarici suların yerli sulardan fərqi, üstünlüyü varmı? Qiymətlər arasındakı bu böyük fərqin səbəbi nədir?
Su İstehsalçıları İctimai Birliyinin rəhbəri Dövlət Məmmədovun sözlərinə görə, Azərbaycanın kifayət qədər keyfiyyətli və təbii minerallarla zəngin suları var. Ekspert bildirir ki, bu təbii resurslarımızdan səmərəli istifadə edilsə, nəinki bütün əhalini təmiz və müalicəvi su ilə təmin etmək olar, hətta dünya bazarına iri həcmdə ixrac da edə bilərik. D.Məmmədov tövsiyə edir ki, əhali mağazalarda satılan suları alsın: “Əhali arasında iri həcmli qablarda satılan sulara tələbat artır. Əsasən 19 litrlik qablaşdırmalar daha çox satılır. Bəziləri evlərə, ofislərə gəlib böyük qablaşdırmalarda su təklif edirlər. Bunların yarıdan çoxu keyfiyyətsizdir. Yaxşı olar ki, insanlar bu suları mağazalardan alsınlar. Mağazada satılanlar bütün standartlara cavab verir”.
İB sədrinin sözlərinə görə, Azərbaycanın özünün suları dünya bazarında çox yüksək qiymətləndirilir: “Xarici ölkələrdə keçirilən yarmarkalarda Azərbaycan sularına keyfiyyətinə görə qızıl, gümüş medal verirlər. Prezident İlham Əliyev yerli suları çox yüksək qiymətləndirir. Xarici ölkələrin nümayəndələrini qəbul edəndə də həmişə yerli su təklif olunur”.
Xarici ölkələrdən gətirilən sular isə tərkibinə və keyfiyyətinə görə Azərbaycan sularından çox asağıdır. Ekspert təəssüflə bildirir ki, bir sıra insanlar xarici firmaların reklamına, rəngli etiketinə aldanıb xarici suları alırlar: “Bu gün Azərbaycanda sahibkarlar xaricə neftin, qazın daha çox ixracına meyl göstərdikləri halda mineral sularımızın ixracına laqeyd yanaşırlar. Yeri gəlmişkən qeyd edim ki, qonşu Gürcüstanda ötən 1 il ərzində xaricə qablaşdırılmış su satışından 1 milyard dollar gəlir götürüblər. Halbuki bizim suların tərkibi onların suyundan qat-qat keyfiyyətlidir. Xarici ölkələrdə Azərbaycan sularına çox böyük tələbat var. Sadəcə, sularımızı xarici ölkələrə təqdim edə bilmirik”.
D.Məmmədovun sözlərinə görə, hər bir istehlakçı bilməlidir ki, brendin üzərindəki yazı onun pasportudur: “Alıcı aldığı mal haqqında dəqiq məlumata malik olmalıdır. Bunun üçün də həmin qabların üzərində məlumatlar mütləq Azərbaycan dilində yazılmalıdır. Bu tələbləri yerinə yetirməyən brendləri ölkəyə buraxmaq doğru deyil.
İstehsal olunduğu ölkə, şəhər, ünvan, telefon, suyun mənbəyi, tərkibi, tərkibindəki kimyəvi əlavələr, istehsal olunduğu tarix, ölçüsü, hər hansı bir xəstəliyə zərəri və xeyri, hansı yaş qrupu üçün nəzərdə tutulub, ştrix-kodu qeyd olunmalıdır. Yazılar elə yazılmalıdır ki, alıcılar oxuya bilsinlər.
Azərbaycan qanunlarına hörmət edən, Azərbaycanda həmişəlik işləmək istəyən şirkətlər və öz qanunlarına, ana dilinə hörmət qoyan sahibkarlar respublikaya gətirdikləri suların etiketi üzərində əvvəlcə ana dilimizdə yazı yazdırıb həmin suyu zavoduna verirlər, zavod suyu şüşəyə qablaşdıranda etiketi onun üstünə yapışdırır. “Borjomi” buna misaldır. Gürcüstana aparılan malların üzərində gürcü dilində marka olmasa, malı sərhəddən buraxmırlar. Demək, gürcülər öz dillərinə, öz qanunlarına hörmət edirlər, başqa şirkətlər qarşısında da dillərinə və qanunlarına hörmət etmək tələbi qoyurlar”.
Ekspert bildirir ki, ümumiyyətlə, Azərbaycana xarici ölkələrdən daxil olan suların əksəriyyəti saxtadır. Çünki yerli mütəxəssislərin analizi ilə müqayisə etdikdə, suyun üzərindəki etiketlərin uyğun gəlmədiyi açıq-aşkar görünür: “Bu, o deməkdir ki, qonşu ölkələrdən saxta yolla məşhur firmaların suları doldurulub, Azərbaycana göndərilir. Ona görə də Azərbaycanda istehlakçılar həyatlarını təhlükə qarşısında qoymasınlar, Azərbaycanın bulaqlarının sularından doldurulan sulardan istifadə etsinlər. Çünki onsuz da Azərbaycana xaricdən təmiz su gəlmir. Məgər Fransanın keyfiyyətsiz məhsulları olmur? Millətin sağlamlığı bütün maraqlardan öndə olmalıdır. Hansı ölkədən hansı adda gətirilən məhsul bu günün tələblərinə cavab vermirsə, yararsızdırsa, biz bu məsələni ictimailəşdirməliyik. Həmin suları Azərbaycana gətirən şirkət də yaxşı olar ki, birinci növbədə insanların sağlamlığını fikirləşsin”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hazırda su bazarında hərc-mərclik var: “Mən ötən il Fransanın Marsel şəhərində keçirilən Dünya Su Konqresində iştirak etdim. Orada su haqqında qeyri-adi fikirlərə rast gəldim. Heç bir rəngi, dadı olmayan suyun az qala Allahın özü olması orda mənə agah oldu. O konqresdən sonra mən avtomobilimi yuduzdurmuram, çünki orada susuzluqdan əziyyət çəkən insanlarla söhbətlər etmişdik. Yəni su böyük qüvvədir, onu manipulyasiya etmək doğru deyil”. Həmsöhbətimizin sözlərinə görə, 14 yanvar 2011-ci il Nazirlər Kabinetində keçirilən müşavirədə ölkə prezidenti şişirdilmiş qiymətlərlə bağlı ciddi göstərişlər verib və bu ilin 16 yanvarında imzaladığı sərəncamda həmin mövzuya bir daha toxundu, bu problemlə mübarizə məsələsini qaldırıb: “Sularla bağlı da həmin problem mövcuddur. Ölkədə litri 40 qəpiyə və 10 manata sular var. Bu, anormal qiymətdir. Sual olunur: 2 payı hidrogen 1 payı oksigen olan suyun tərkibində nə var ki, qiyməti bu qədər bahadır? Ola bilər ki, qablaşdırmada üstünlük olsun, amma bu da o qədər təsir etməməlidir qiymətə. Çox təəssüflər olsun ki, bunun da alıcısı var, yəni tələb var ki, təklif də çıxır. Onu da qeyd edim ki, istənilən brend suyun Azərbaycanda saxta variantları mövcuddur. Dükanlarda, marketlərdə heç kəs araşdırmır ki, satılan sular əsldir, yoxsa saxtadır. Bu, yerli sularda da var, xaricdən gətirilənlərdə də. Lazımdır ki, aidiyyəti dövlət orqanları cənab prezidentin göstərişlərinə əməl edib araşdırma aparsınlar”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər