• cümə, 29 Mart, 01:14
  • Baku Bakı 7°C

Yardımlıdakı münaqişəyə görə cinayət işi açıldı

05.03.19 14:00 774
Yardımlıdakı münaqişəyə görə cinayət işi açıldı
23 fevral 2019-cu il tarixdə saat 17 radələrində Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında qeyd olunur ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb.
İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam ediliblər.
Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının Baş prokuroru və Daxili İşlər naziri tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər