• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Yaratdıqlarına görə daşıdığı məsuliyyət hissini heç vaxt unutmayan rəssam - Fotolar

06.11.18 12:30 1226
Yaratdıqlarına görə daşıdığı məsuliyyət hissini heç vaxt unutmayan rəssam - Fotolar
İnsan dünyaya göz açır və elə lap körpəcə çağlarından səs və rənglərin sehrinə düşür. Uşaqlıq çağlarının susmaq bilməyən əks-sədası sonralar rəssamlığı özünə peşə seçmiş sənət adamlarının bədii axtarışlarında üzə çıxır. Rəssamın lazım gələndə ən doğma adamlarına, hətta ailə üzvlərinə belə bağlı bir dünyası var. Onları yalnız öz əsərlərində bu dünyanın sehr və möcüzələri, ağrı-acıları, sevinc və kədərləri ilə insanları tanışlığa dəvət edir. Milli qrafika sənətimizin ən görkəmli nümayəndələrindən olan Ələkbər Rzaquliyev kimi...

Görkəmli rəssam yaradıcılığında mühüm yer tutan portret də çəkib, ölkəmizin gözəlliklərini rənglərin dili ilə vəsf edən mənzərələr də. Qəlbinin pünhan duyğularını da kətana köçürüb, əzablı həyatının real mənzərələrini də yaradıb. Ə.Rzaquliyevin yaradıcılığında linoqravüra texnikasının bütün incəliklərini əks etdirən "Köhnə Bakı”, "Tələbəlik illəri, "Solovki adaları” kimi silsilə əsərlərlə yanaşı, Azərbaycan mənzərələri, müasirlərinə həsr olunan əsərləri, gündəlik işlə məşğul olan - xalıları yuyan, lampaları yandıran, su satan, balıq tutan, neft çıxaran insanlar da parlaq əksini tapıb. Rəssam "Təmiz incəsənəti” istehsal incəsənəti ilə birləşdirərək dövrünün ideyalarına uyğun əsərlər yaradır, yaradıcılığındakı novatorluq ruhunu qoruyub saxlayırdı. O, bütün əsərlərində təkcə zahiri əlamətləri önə çəkməyib, eyni zamanda xalqımıza xas xüsusiyyətləri fırçanın gücü ilə nümayiş etdirib. Yaratdıqlarına görə rəssamın məsuliyyət daşıdığını vurğulayan rəssamın bu hissə bütün fəaliyyəti boyu sadiqliyini əsərləri təsdiq edir.

Ağ və qara rənglər

Rəssamın həyatının ağ və qara zolaqları sonradan onu sənətkar kimi tanıdan və sevdirən əsərlərinin əsas rənglərinə çevrilir.

Doğulduğu İçərişəhərin - əsrlərin sirrini özündə gizlədən dar küçələrin, sirli qəssab dükanında satıcı işləyən atasının gündəlik əməyi onun uşaq yaddaşında təsirli izlər buraxıb. Elə uşaq ikən mollaxanaya getmədiyi günlərdə həmin dükanda ilk dəfə "Bakılı” tipajları ət satmaq üçün istifadə olunan kağızların üzərində görünüb. Ələkbər heç kimin nəzərini cəlb etmədən bir küncdə oturub alıcıları müşahidə edərək gördüyü personajlarla bağlı məzəli əhvalatlar uydurmağı xoşlayırdı. Əslində bu əyləncəsi onun sənət yoluna ilk addımları idi. Ən xarakterik tipajları "Molla Nəsrəddin” jurnalının karikaturaları ruhunda çəkməyə çalışırdı. Sərrast müşahidə qabiliyyəti insanın xarakterik cizgilərini qabartmağa imkan verirdi. Hərçənd onun rəssamlığa olan marağı mollaxanada yaxşı qarşılanmırdı. Müxtəlif karikaturalar, o cümlədən, satirik qrafika ustası Əzim Əzimzadənin əsərləri onun üçün rəssamlıq dünyasına körpüyə çevrilir. Beləcə, Əzim Əzimzadə onun ilk müəllimi olur. Uzun illər sonra bükmə kağızının üzərindəki obrazlar "Köhnə Bakı” linoqravüra seriyasının əsasını təşkil edəcək, rəssama məşhurluq qazandıracaqdı...

Ələkbər 1918-ci ildə rus-tatar məktəbini bitirərək "Realnı məktəb” nəzdində rəssamlıq studiyasına getməyə başlayır və orada rəsm və yağlı boya rəngkarlığının əsaslarını öyrənir. Sonradan baş verən siyasi hərəkatlar onun da həyatından izsiz ötüşmür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, sonradan məhv edilərək Azərbaycan Sovet Sosialist Respublikasının elan olunması, daha sonra repressiyaların başlanması, etnik və sinfi təmizləmələr, qarət, dinc əhaliyə qarşı törədilən vəhşiliklər, sürgünlər onun gənclik dövrünə təsadüf edir. Ə.Rzaquliyevi də inqilabi hərəkatın, bolşeviklərin vətəndaş hüquqlarının bərabərliyi, qardaş xalqların dostluğu haqqında şüarları, əməyə və təhsilə çağırışları cəlb edirdi. Ancaq partiya işi gənc rəssama incəsənətin əsaslarını maraqla öyrənməyə mane olmur.

Rzaquluyev Bakı İncəsənət Kolleci açılan kimi bu təhsil ocağına daxil olur. Sonradan "yəqin ki, mənim bəxtim gətirib. Mən Sergey Gerasimov, Konçalovski, Şterenberq, Favorski, Pavel Kuznetsov, Falk kimi böyük sənətkarlardan dərs almışam” deyə qürurlanmasına səbəb olan Moskva Ali-Bədii Texniki Emalatxanalarda (VXUTEMAS) təhsili onun gələcəkdə görkəmli bir rəssam kimi yetişməsinə səbəb olur. Neçə-neçə istedadlı rəssamı yetişdirən bu əfsanəvi təhsil ocağı 1925-1928-ci illərdə onun da sənətinə fərqli ştrixlər bəxş edir.

1928-ci ilin 29 iyulunda Azərbaycan rəssamlarının ilk sərgisi açılır və orada gənc rəssamın bir neçə rəngkarlıq və qrafika əsəri təqdim olunur. İyulun 30-da isə onu həbs edirlər. Repressiya illərinin qara əlləri onun da qapısını döyür...

25 ilin əzabı

1928-ci ildə gənc rəssamın sənəti ilə bağlı coşub daşan arzularına son qoyulur. O, amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur.

Ələkbər həyatının beş ilinin Xüsusi Təyinatlı Solovki düşərgəsində keçirir. Məşəqqətli illərdə möcüzə nəticəsində sağ qalmasına sonralar da inanmır.

Oğlu Aydın həmin dəhşətli illərlə bağlı belə danışır: "Məncə, kimsə atama yalandan böhtan atmışdı. Axı o, Azərbaycanda olan ilk komsomçulardan biri idi, kommunist sisteminə inanırdı. Partiyanın tam hüquqlu üzvü olmağa hazırlaşırdı. Belə bir adam necə başqa bir tərəfə dönüb hökumətə qarşı çıxa bilərdi? Bu ağlabatan deyildi. Əminəm ki, onu günahsız həbs etmişdilər”.

1933-cü ildə Ələkbəri soyuq Arxangelsk şəhərinə köçürürlər. Ağır fiziki iş və şaxta sağlamlığına zərər yetirsə də, sag əlinin barmaqlarının ikisini don vursa da, sənətini davam etdirməkdən əl çəkmir. Rəssam öz xatirələrini əsərlərində həkk edir. Solovki və Arxangelskdəki əzablı həyatı kağız üzərinə köçürür. İnsan qəlbini titrədən bu tablolarda – "Ağacın yüklənməsi”, "Solovki monastrı”, "Şimali Dvina çayı”, əyilmiş taxta evlər, kater, ağacla yüklənmiş barjalar və s. əsərlərində acı xatirələrindən bəhs edir. Həbsdən azad edilib Bakıya qayıdan Ələkbəri yenə də qarşıda xoş olmayan günlər gözləyir. Ona Bakıda yaşamağa icazə vermirlər. Gəncədə Dövlət Dram Teatrında işə düzəlir və teatr tamaşaları üçün eskizlər hazırlayır. Bakıya qayıtmağı arzulasa da, bu arzusuna çatmaq ona asan başa gəlmir. Onu 1937-ci ildə yenidən həbs edirlər. Gənc rəssam bu dəfə Vorkuta-Reçora islah əmək düşərgəsinə göndərilir. Bu yolu isə nə az, nə çox - düz 10 il uzanır...

"Cəza”sını çəkib qayıdandan sonra hökumət orqanları ona Bakıda yaşamağa icazə vermirdilər. 1947-ci ildə Bakıya qayıdan rəssamı bədii dərnək rəhbəri kimi çalışmaq üçün Şəkiyə göndərirlər. O, Şəkidə ipək fabriki üçün eskizlər hazırlayır, həmçinin məktəbdə də müəllimlik edirdi. 1949-cu ildə Ələkbər yenidən həbs edilir və Rusiyanın şimalındakı Altay vilayətinə sürgün edilir. Sürgündə olarkən sonralar qızına "acından və soyuqdan ölməmək üçün yenidən evlənmək məcburiyyətində qaldım. Həmin qadınla evlənməklə özümə isti ev tapa bildim” - deyə yazaraq Berta adlı alman qızı ilə evlənməsinə haqq qazandırmağa çalışır. Müharibə başladıqda, SSRİ-də yaşayan digər almanlar kimi Bertanın ailəsi də sürgün edilmişdi. Onların Oktay və Aydın adlı iki oğlu və Sevda adlı qızları doğulur.

"Həyatımın qalanını çalışmalıyam”

1953-cü ildə - Stalinin ölümündən sonra əksər repressiyaya məruz qalan insanlar kimi, onun da həyatında yeni səhifə açılır. 1956-ci ildə Ə.Rzaquliyev bəraət alaraq sürgündən azad olunur. 1960-cı illərin əvvəllərində Berta və onun övladlarına Azərbaycana gəlməyə icazə verilir. Təəssüf ki, 25 illik sürgün dövrü onun həyatına izsiz ötüşmür, səhhətinə ciddi ziyan vurur. Taleyin amansızlığı idi - heç bir təqsiri olmayan insan ömrünün 25 ilini həbs düşərgələrində keçirmişdi. "Atam sürgündən qayıtdıqda, əlləri bükülmürdü. O hətta qələmi tuta bilmirdi” - deyə oğlunun yaddaşında qalan o xatirələr çox ağrılıdır: "Bütün o illəri həbsdə olmaq onu mənəvi cəhətdən sındırmışdı. Ancaq o bu barədə danışmağı sevmirdi”.

Ə.Rzaquliyevə ailəsi ilə Bakıya köçməyə icazə verilir. O, mənzil və Rəssamlar İttifaqında emalatxana ilə təmin olunur. Partiyaya bərpa olunur, sovet rəssamlarının sıralarına qəbul edilir. Əlbəttə, bunlar itirdiyi illərin, çəkdiyi əzabların əvəzi ola bilməzdi, ancaq sevdiyi sənətini davam etdirmək, duyğu və düşüncələrini reallaşdırmaq üçün fürsət idi. Onsuz da onun bütün həyatı ağ və qara zolaqların harmoniyası idi. "İtirdiyim illəri geri qaytarmaq istəyirəm. O illər mənim bütün fikirlərimi, işlərimi və xatirələrimi əlimdən alıb. Ona görə də həyatımın qalanını çalışmalıyam” - deyən rəssam özünü bütünlüklə emalatxanaya həsr edir.

Ə.Rzaquliyevin linoqravürlərdən ibarət əsərləri Bakı və Moskvada fərdi, Yaponiya və ABŞ-da qrup sərgilərində nümayiş olunur. Bu sərgilərdən sonra Azərbaycana "Köhnə Bakı” estamplarını əldə etmək üçün sorğular gəlməyə başlayır. Rəssam həyatının sonuna qədər "Köhnə Bakı” adlandırdığı silsiləyə yeni rəsmlər əlavə edir.

1964-cü ildə ona Əməkdar incəsənət xadimi adı verilir.
İtməyən dəyər

Yaxşı ki, dəyərləri qoruyan, nəsildən-nəslə ötürən xeyirxah əməllər yaşayır. Xalq Bankın "Xalq Əmanəti” layihəsi Ələkbər Rzaquliyevin həyat və yaradıcılığına həsr olunan bədii albomun təqdimatı və əsərlərindən ibarət təşkil etdiyi sərgi ilə xalqımıza yeni bir əmanət bəxş etdi. Rəssamı tanıyanlar onu həm bütöv şəxsiyyət, həm də istedadlı rəssam kimi dəyərləndirdilər.

"Ələkbətin həyatı fərqli və çətin idi” deyən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov onu Azərbycan qrfika sənətinin ən qiymətli üzvü kimi dəyərləndirdi: ”Ələkbər həm şəxsiyyət, həm də rəssam kimi bütün yüksək titullara layiq idi”.

Xalq rəssamı Tofiq Ağababayev "Ələkbər Moskvada oxuyub və o vaxt Rusiyada təhsil alan rəssamlar arasında yaxşı yaradıcı qida alıb” deyərək bu təhsil ocağının rəssamın həyatında oynadığı roldan danışdı: "Moskva mühiti sənətin müxtəlif üslub və istiqamətlərini dərindən öyrənmək üçün əvəzsiz məkan idi. Ancaq onun həbsi rəssamın yaradıcılığına mane olur. Onun əsərlərinə baxanda, böyük işlər yaratdığını görürsən. Van Qoq 13 il işləyib. O isə Van Qoqdan çox çalışıb”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova kitab üzrə materialları toplayarkən rəssamın ailə üzvləri, qohumları, həmkarları ilə görüşüb: "Ələkbər Rzaquliyevin həyatının 25 ili qaranlıq səhifələrdən ibarət olub. Rəssam heç vaxt heç kəslə ona qarşı irəli sürülən ittiham, həbsdə keçirdiyi illər haqqında danışmaylb”. Ş.Məlikova rəssamın həyatı haqqında materiallar əldə etmək üçün xüsusi xidmət orqanlarına müraciət edib. Həbs olunmasının səbəbləri, o müddətdə haralarda olması, hansı işlə məşğul olması ilə bağlı məlumatlar əldə edə bilib və faktları ilk dəfə qələmə alıb.

Ə.Rzaquliyev Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. Öyrəndiklərini gənc rəssamlara öyrətməkdən çəkinmir, sənətdə onlara dəstək olmağa çalışırdı. Bakıda yerli rəssamların əsərlərindən ibarət sərgilərin təşkilində yaxından iştirak edir, öz əsərlərini də nümayiş etdirirdi. O illərdən günümüzə çatan iki işi – "Azərbaycanlı qadın” və "Pəhləvanlar” əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Bu iki akvareldən başqa Ə.Rzaquliyevin bütün boyakarlıq işləri itirilib.

Görkəmli rəssamı həmin illərdən tanıyan Xalq rəssamı Arif Hüseynov həmkarı ilə ilk tanışlığından danışdı: "60-cı illərdə fəaliyyət göstərən biz gənc rəssamlar onunla tanış olduq. Onun linoqravüraları bizim üçün yenilik idi. Bu əsərlər Azərbaycan xalqının mədəniyyətini, məişətini, həyat tərzini əks etdirmək baxımından əhəmiyyətli idi. Biz gənclər bu canlı məktəbdən çox şey öyrənirdik”.

Rəssamın oğlu Aydın Rzaquliyev atasının xatirəsinə göstərilən diqqət və hörmətə görə Xalq Banka təşəkkürünü bildirdi: "Mən atamın xatirəsini andıqlarına, yaradıcılığının bir albom şəklində ərsəyə gəlməsində göstərdikləri diqqətə görə təşkilatçılara təşəkkürümü bildirirəm”.

Görkəmli rəssamın sərgilənən əsərləri onun xatirəsinə ən dəyərli qiymətdir.
Xatırladaq ki, "Xalq Əmanəti” layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən həyata keçirilir. Xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyan layihə çərçivəsində nəşr olunan əsərlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilir və ölkənin ali və orta təhsil müəssisələrinə, kitabxanalara, uşaq evlərinə, ölkəmizin xaricdəki və xarici ölkələrin ölkəmizdəki səfirlikərinə, dünyanın böyük muzey və kitabxanalarına hədiyyə olunur.

Qeyd edək ki, rəssamın əsərlərinin sərgisi noyabr ayının 3-dən başlayaraq Xalq Bankın əsas binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) nümayiş olunur. Sərgini iş günləri saat 18.00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10.00-dan 16.00-dək izləmək mümkündür. Giriş sərbəstdir.

Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər