• çərşənbə axşamı, 19 mart, 14:00
  • Baku Bakı 8°C

Yaramazın tək qalması

22.01.18 13:35 1107
Yaramazın tək qalması
Səhər bu sözə rast gəlib "ölmüşəm” gülməkdən. Nədənsə, heç əlaqəsi yoxmuş kimi Motsartın can dostu Salyeri yadıma düşdü. Nədən, bilmədim. Sonra Saşa, yəni, böyük Puşkin. Məlum əsərin yerə (döşəməyə) düşən ilk ləpirlərində deyilir ki... Hə, bəstəkar Salyeri otağında tək-tənha (adam həyatda həmişə belə olur) ötüb keçmiş həyatını düşünür. Matəm, içdən hıçqırıq janrında. Yadına düşür cavanlığında necə musiqiyə başladığı və ilhamı gözardı edib qara fəhləliyə könül verdiyi. İlhamdan düşən Salyeri (yumor hissi) musiqinin canı olan harmoniyanı elm bildi, onu cəbrlə tutuşdurub rahat oldu. Belə... Səsləri öldürüb musiqi mətnini meyit kimi "araşdırdı”. İllər, illər ötüşəndən sonra nəhayət, özünü təsdiqlədi, şöhrət gəldi, nə gəldi. Heyranların parıltılı gözləri də öz yerində. Ancaq... Allah şeytana lənət eləsin. Əhlikef, avara, meyxanalar dostu Motsart tezliklə Salyerinin mağar (toyxana) işıqlarını söndürdü. Yadıma gəlir, uşaq idim, kənddə mağar qurulanda axşam üstü montyor gələrdi. Ən böyük lampanı mağarın düz ortasından asardı. Gözlərim qamaşardı. Kiçik lampalar büzüşüb qalardı "Vətən” adlı sürgündə. Aşıqlar, çalğıçılar gələrdi, ancaq o lampanı kimsə söndürə bilməzdi. Nə isə, sözü dolandırmayaq. Ən dəhşətlisi bu idi ki, Motsart Salyerinin namuslu əməklə qazandığı şöhrəti heç zəhmət çəkmədən əldə edirdi, belə yanğın olar, kolxozun bütün ot tayaları alışmazmı, ay zalım? Salyeri bunu hər dəfə Motsarta desə də, Motsart bu qulağından alıb o birindən... – uşaqlar üçün bir cür şartəhər var, başından piləyəndə o biri ucu səs çıxara-çıxara toppuz kimi çıxır... – bəli, eynən belə çıxarardı. Axırda paxıllığı da özünə qaldı. Qulağı tutuldu, adam nə qədər şar piləyər, ayıbdı axı...
Hə, deyilənə görə, Salyerinin qəlbində Motsarta qarşı qarşısıalınmaz bir həsəd yaranır. Əslində, Puşkin bunu şişirdir, kim olsa elə belə edərdi, zalım oğlu, görürsən ki, adam çox ciddidi, yəni, pürmüddəadır...
Müəllif daha sonra lap ağ eləyir, guya meyxanada sağlıqsız badələri aşırandan sonra orda küçə skripkaçısı ilə rastlaşır. Küçədə çalıb qəpik-quruş qazanarmış. Kor musiqiçi Motsartın operasından bir hissəsini xoruz buraxa-buraxa çalmağındaykən, Motsart qulağında qəribə qızartı hiss edir, bir neçə saniyədən sonra həmin o toppuzabənzər şarlar aram vermədən özlərini "çölə atırlar”. Motsart onu dostu Salyerinin evinə gətirir ki, dinləyib birlikdə şar partlatsınlar. Ancaq ... skripkaçının "Küçələrə su səpmişəm” (bəlkə də Heyva gülü rəqsini, kim bilir...) mahnısının qol-qanadını qıra-qıra ifa etməsi Salyerini kədərləndirir, sənətin bu günə düşməsi ona ağır təsir edir, pürmüddəa dərəcəsi daha da artır və qatılaşır. Lap dədəsi olsun, görəndə ki, hansısa rəngsaz Rafeyelin madonnasını "batıranda” da qeyzlənər, özündən çıxarmış.
Zarafat elədik, güldük, day bəsdi. İndi də gəlir həyatda çoxunun başına gələ bilən qəziyyələr. Skripkaçının cibinə pul qoyub yola salandan sonra Motsart piano arxasına keçib sonuncu bəstəsini ifa edir. Salyeri məhv olur. Qəlbinin başındakı göynərti artıq həyatdan köçmüş arvadının son hədiyyəsini yadına salır: zəhər. İndi bu damcılar dostunun fincanına düşməlidir. Ancaq adamın Allahı var, o damcılardan biri o xəyanət yuvası fincana düşmək istəmirmiş, etiraz edirmiş, çünki Salyerinin can üstə olan arvadının gözlərinin içindəki yalvarışı görmüşdü, ancaq Salyeri o damcını başına döyə-döyə ağıllandırdı sonda.
Salyeri dostunu meyxanaya dəvət edir. Onların oturduqları stola bir adam yaxınlaşıb Motsarta indi dünyada çox məşhur olan Rekviyemi sifariş edir. Qara paltarlı adam. Bu qara adam "it-bata düşür”, sifarişinin dalınca gəlmir. Bu tale imiş, qədər imiş, bəlkə də həmin o vicdanlı damcının içindəki yalvarış, kim bilir... Motsart bu son dərəcə kədərli musiqini özünə yazıbmış.
Təqlidçilər. Bəlkə də adi adamlardı. Yazıq, binəva. Ya da sənətdə bəxti gətirməyənlər. Normal şeylərdir. Çox böyük istedad sahibi olan, həyatda olmazın faciələrdən keçmiş Bodler də nədənsə ən mənasız, mahiyyətcə antisənət nümunələrinə tamaşa etməkdən zövq alarmış. Yəqin, kimlərsə bu əsərlərə baxıb cin atına minir, gör nə günə qaldıq deyə-deyə...Bunlarla bir yerdəsən, həyatın damcı-damcı qeyb olur, nəyin var, göz qoyur, əlindən alırlar. O şey ki sənin qəlbinə dərmandı, bunu bilməsinlər, bildilərsə, qəsb edəcəklər. Sonra: "qardaş, hardasan, gəl bir oturaq...”
Ən kədərlisi bu deyil.Ən kədərlisi, ən acısı... o zəhəri içəndən sonra yaramazın tək qalmasıdır. Puşkinin əsərinin əvvəlində Salyeri otaqda tək-tənhaydı. Bu adi kompozisiya elementi deyil ki... Sonda da tək qalır.Ancaq...
Ən kədərlisi bu da deyil.Ən acı verəni...Birdən Motsartın əhlikefcəsinə dediyi sözü xatırlayır: dahiylə yaramaz canbirqəlbdə ola bilməz. Ömründə ilk dəfə kəşf edir: demək mən dahi deyiləmmiş. İnanmır, inanmağı gəlmir...Yəni, zəhəri, əslində, özünə verir.
Keçmiş ola, indi buna heç kəs inanmaz, gəl, bir gülək, dostum, dünyadan xəbərsiz kimi...
Cavanşir Yusifli
banner

Oxşar Xəbərlər