AZE | RUS | ENG |

Yaradıcılığının əsas mövzusu “Mənim Naxçıvanım” olan rəssam

Yaradıcılığının əsas mövzusu “Mənim Naxçıvanım” olan rəssam
Təsviri sənətdə etalon yaradıcılıq dəst-xətti ilə seçilən Hüseynqulu Əliyev 70 illik yubileyini qeyd edir

Bu il Azərbaycan Respublikasının Xalq rəssamı, professor Hüseynqulu Əliyevin 70 illik yubileyi tamam olur. Hüseynqulu Əliyevi Naxçıvanla bağlayan qırılmaz, incə tellər çoxdur. Bu məqamlar onun həyat və yaradıcılığında aydınlığı ilə müşahidə olunur.

 "...Doğma xalqın həyatı, vətən torpağı əsl ilham mənbəyidir” deyən görkəmli Azərbaycan rəssamı, ölməz sənətkar Səttar Bəhlulzadənin bu sözləri Hüseynqulu Əliyevin həyat və yaradıcılığında da öz əksini tapmışdır. Vətəninə, elinə, obasına bağlı sənətkarın əsas ilham mənbəyi doğulduğu torpaq və bu yurdun insanları olub. Onun yaradıcılığının əsas mövzusu, rəssamın öz dili ilə desək "Mənim Naxçıvanımdır”. Bu günə kimi öz doğma yurdunun təbiətini, insanlarını, güllərini, çiçəklərini, qəhrəmanlıq səhifələrini böyük sevgi ilə vəsf edən sənətkarın hər bir tablosu, yurd sevgisinin bir parçadır.

70 illik ömrünü Naxçıvana bağlayan sənətkarın həyat və sənət uğurları da bu torpaqla bağlıdır. Əlbəttə, çəkilən zəhmət bəhrəsiz qalmır. Olduqca məhsuldar fəaliyyəti ilə diqqət çəkən rəssamın işlərində ötəri yanaşma müşahidə olunmur. Sənət amalına həmişə sadiq qalan H.Əliyev, hətta sifarişlə işlədiyi işlərdə də bu çərçivədən kənara çıxmamış, əl işlərini sevdirməyi bacarmışdır.

Hüseynqulu Əliyev 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində sadə, zəhmətsevər ailədə doğulub. Atası Əli Əliyev və anası Lalə Novruzovanın qayğısı ilə böyüyən rəssam, uşaqlıq və gənclik illərini bu kənddə keçirib. Bist kəndi ilə bağlı xatirələri onun üçün əvəzsizdir. Həmin illər haqqında danışdıqca, qayğısız günlərini xatırladıqca kövrəlir: "Hər səhər gözümü açanda ilk gördüyüm Gəmiqaya dağı olub. Mən bu əzəmətli dağın ətəyində böyümüşəm. Kəndimizin təbiəti öz gözəlliyi ilə məni həmişə heyran edib. Dağlarda qar olmasına baxmayaraq, gilənar yetişir. Çox saf havası var. Bu torpaqlarda bitən baldırğan bitkilərinin dibindən şır-şır axan sular Gəmiqayadan axıb gəlirdi. O suların dadı hələ də damağımdadır. Bəlkə də elə adamı saflaşdıran o sular idi.

Vaxt tapan kimi kəndə gedəndə uşaqlıq, gənclik illərimə qayıdıram. İndi Gəmiqayada ulu babalarımızın çəkdiyi qayaüstü rəsmləri görəndə, özümdən xəbərsiz, müqəddəs yerlərdə böyüdüyümün fərqinə varıram. Sən demə, babalarımız burada minillik tarix qoyub”.

Hüseynqulu Əliyev kənddən ilk dəfə 18 yaşında ikən, 1967-ci ildə çıxmış və tarix üzrə ali təhsil almaq üçün Bakıya getmişdir. O vaxtlar Naxçıvanda ali məktəb olmadığından, gənclər paytaxta getməli olurdular. Qismət elə gətirir ki, ilk ixtisas imtahanından sonra tarixçi olmaq fikrindən daşınır. Rəssam həmin vaxtları xatırlayaraq deyir: "Sənədlərimi götürəndən sonra Bakını gəzmək istədim. Xəzərin sahilindən üzü bəri xeyli gəzdikdən sonra Bakı zooparkına gəldim. O vaxt bu yer çox məşhur idi. Zooparkda Bakı rəssamlıq məktəbinin tələbələrini gördüm. Praktikada olan tələbələr rəsm çəkməkdə idilər. Aralarında kəndçimiz Ağaqulunu görəndə çox sevindim. Uzun söhbətdən sonra dedim ki, mən belə şeylər çox çəkmişəm. Hələ bunlar nədir, adam şəkli də çəkə bilirəm. O, sözümü kəsib dedi, sən adam çəkməyə tələsmə, ilk olaraq əşyalardan başla, qara qələm, sulu boya texnikasını mükəmməl mənimsə, imtahanlara qatıl.

Kəndə qayıdandan sonra ürəyimin səsi rəssam olmaq istədiyimi söyləyirdi. Məktəbdə oxuyan vaxtlar qabiliyyətimə hamı bələd idi. Ona görə də, məktəbin divar qəzetləri, həmçinin kənddə hazırlanan tamaşaların dekorasiyası mənə həvalə olunurdu. Rəsm işləri ilə məşğul olanda özümü başqa aləmdə hiss edirdim. Bu aləmdən özümü uzaq təsəvvür edə bilməyəcəyimi anladım və qərarım Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə hazırlaşmaq oldu. 1968-69-cu illərdə Rusiyada hərbi xidmətdə oldum. Qayıtdıqdan sonra - 1971-ci ildə sənədlərimi həmin məktəbə verdim və müvəffəqiyyət qazandım. Deyə bilərəm ki, rəssam olmaq ağlımdan keçmirdi. Amma bir təsadüf mənim bütün gələcəyimi dəyişdirdi”. 

Rəssamlıq Məktəbində toxuculuq ixtisası üzrə təhsil alan rəssam, bu illər ərzində Azərbaycan xalq yaradıcılığının qədim sahəsi üzrə biliklərini zənginləşdirir. Onun kompozisiya üzrə müəllimi Sabir Şıxlı, rəngkarlıq müəllimi isə o vaxt Daşkənddə təhsil alıb gələn Mirmahmud müəllim olub. 

Gənclik enerjisi, arzularla çırpınan ürək, qaynar paytaxt həyatı, oradakı muzeylər, qalereyalar və sair rəssamın həyat hekayəsinin yeni səhifələrindən birini təşkil edirdi. Onun diplom işi "Azərbaycan dekorativ-tətbiqi sənətində parça elementləri” adlanırdı. Maraqlı mövzuya layiqli axtarışlarla cavab verməyə çalışan gənc rəssam, istəklərinə nail ola bilir və uğurla diplom müdafiəsini yekunlaşdırır. Məktəbi fərqlənmə diplomu ilə bitirdiyi üçün ona M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna göndəriş verilir.

Təhsilini bitirən gənc hələlik Naxçıvana qayıdıb, burada işləmək istəyir. 1975-76-cı illərdə Azərbaycan Rəssamlar İttifaqı Bədii Fondunun Naxçıvan filialında ilk əmək fəaliyyətinə başlayır. İşlədiyi vaxtlarda 2 ay ərzində 44 rəsm əsəri çəkir. Bu uğurlu başlanğıc onun gələcək fəaliyyətində böyük rol oynayır. Burada işlədiyi dövrdə orta ixtisas təhsili ilə qane olmur və ali təhsil almağı qərarlaşdırır. 

Gələcək arzularını yalnız sənətlə bağlayan rəssam, artıq öz yolunun cizgilərini çoxdan cızmışdı. O, qardaşının xeyir duası, maddi və mənəvi dəstəyi ilə bir il sonra, dəqiq desək, 1977-ci ildə yenidən paytaxta gəlir, sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsinə verir və ikinci dəfə tələbə adını qazanır. Ona Azərbaycan təsviri sənətinin qaymaqları - görkəmli rəssamlarımız Toğrul Nərimanbəyov rəngkarlığı, Tokay Məmmədov heykəltəraşlığı, Lətif Kərimov ornament sənətini öyrədib. Xalq rəssamı Rasim Xalafovun rəhbərliyi ilə hazırladığı diplom işi də mövzusunun maraqlı olması, texnikası və bədii həlli ilə diqqəti cəlb etmişdi. 7,5×2,5 metrlik "Mənim Naxçıvanım” monumental baralyef-pannosu onun uğurlu əl işlərindən biri olmuşdur. Qırmızı rəngli şamotdan hazırladığı 3 hissəli pannoda Naxçıvanı tərənnüm edən Hüseynqulu Əliyev, doğma yurdu haqqında düşüncələrini, duyğularını əks etdirmişdir.

Paytaxtda yaşadığı, təhsil aldığı illər rəssam üçün əvəzolunmaz olur. 9 il Bakı təəssüratları haqqında rəssam belə deyir: "Bakı mənə sənət verdi, sənət mühiti verdi, sənət dostları, ustad müəllimlər qazandırdı, böyük sənət aləmi ilə tanış oldum. Mənə dərs deyən müəllimlərdən Toğrul Nərimanbəyov, Tokay Məmmədov, Lətif Kərimovla yanaşı, sənətinə böyük heyranlıq duyduğum Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Nadir Qasımovla tanış oldum”.   
    
Təhsilini yekunlaşdırdıqdan sonra Naxçıvana geri qayıdır. O, 1968-69-cu ildə valideyinlərini itirdiyi üçün qardaşının himayəsi ilə gələcəyini qura bilir. 1999-cu ildə çap olunmuş Mədəni-Maarif jurnalında sənətşünas Ələkbər Qasımov tərəfindən yazılmış məqalə üçün müsahibədə həmin illəri xatırlayan rəssam deyir: "Valideynlərimi çox erkən itirdikdən sonra həyatın çətinliklərinə sinə gərməkdə, orta ixtisas və ali təhsil almağımda, ailə qurmağımda, yaradıcılıq uğurları qazanmağımda mənə daim atalıq qayğısı göstərmiş və göstərən Bist kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi, böyük qardaşım Mehdiyə borcluyam və ömrüm boyu ona hədsiz minnətdaram”.

H.Əliyev 1982-ci ildə Naxçıvanda yenicə təşkil olunmuş Dövlət Rəsm Qalereyasında işə başlayır. 1986-cı ildə o zamanlar çox çətin, bir çox hallarda mümkünsüz görünən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunur. Bu uğur rəssamı çox sevindirir və gələcək fəaliyyətində stimul olur.

1988-ci il H.Əliyevin yaradıcılığında uğurlu illərdən biri olur. O, səmərəli, uğurlu yaradıcılıq fəaliyyətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Rəssamın  39 yaşında qazandığı bu böyük sənət uğuru, onun gələcək fəaliyyətinə də bir mayak olur. H.Əliyev fəaliyyəti dövründə Naxçıvanda sənətin inkişafı üçün əlindən gələni əsirgəməmiş və bu, onun əsas sənət amalına çevrilmişdir. Bu günə kimi müqəddəs amalından daşınmayan rəssam, hələ də bacardığı qədər bu yolu davam etdirməkdədir.

Bir çox Azərbaycan rəssamının yaradıcılığında olduğu kimi, teatr sənətinə olan maraq da Hüseynqulu Əliyevin də yaradıcılığından yan keçməmişdir. Həmin illərdə teatra xüsusi bir maraq var idi. İnsanlar hazırlanan yeni tamaşaları səbirsizliklə gözləyirdilər. 1989-cu ildə onun Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəlişi nəinki bu qocaman sənət ocağına, hətta onun yaradıcılıq fəaliyyətinə də yeni nəfəs gətirdi. Teatr səhnəsi elə bir müqəddəs məkandır ki, o, rəssamın inkişafına təsir göstərir. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev bu inkişafın səbəbini intellektual səviyyədə görərək, vurğulayır ki, tamaşanın dekorasiyasını, geyim eskizlərini hazırlamaq üçün oxunan ədəbi əsərlərin, yəni pyeslərin danılmaz rolu var. Məhz bu səbəbdən səhnə tərtibatları öz orijinallığı, məzmunu, dolğunluğu ilə bu qədər diqqəti cəlb edir. H.Əliyevi bu qocaman sənət ocağı ilə nə az, nə çox, düz 31 il bağlayır. Bu illər ərzində o, yüzdən çox tamaşanın rəssamı olmuşdur. Rəssam hələ də bu qocaman sənət ocağında yaradıcılıq fəaliyyətini baş rəssam olaraq davam etdirməkdədir.

H.Əliyev 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb. Məhz bu böyük yaradıcılıq uğurlardan bir 1 il sonra, 2000-ci ildə o, dövlətimiz tərəfindən yüksək vəzifəyə layiq görülür və Naxçıvan Rəssamlar Birliyinin sədri təyin olunur. 11 il bu şərəfli vəzifəni icra edən Hüseynqulu Əliyev öz aktiv fəaliyyəti ilə yadda qalır. Rəssam 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülür. Həmin illərdə bu günə kimi əmək fəaliyyətini davam etdirdiyi Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində Təsviri sənət kafedrasının müdiri vəzifəsində də işləməyə başlayır. 

2003-2004-cü ildə ustadımla ilk dəfə real tanışlığımız başlayıb və mən onun emalatxanasının fəal üzvlərindən biri olmuşam. Sonralar Naxçıvan Dövlət Universitetində bakalavr, magistr və əmək fəaliyyətində olduğum 11 il ərzində ailənin bir üzvü kimi, ustadımı daha da mükəmməl şəkildə tanıyıb özüm üçün kəşf etmişəm. Ustadımı həmişə monumental cizgilərlə təsvir edirəm. İnsanlıq, vətənpərvərlik, sadəlik, ürəyigenişlik, təvazökarlıq, intellektual səviyyə, kişilik, əsl müəllim, gözəl ailə başçısı, səmimi insan, gözəl dost, yüksək səviyyəli yaradıcılıq qabiliyyəti və sadalamadığım onlarla insani və yaradıcı keyfiyyətləri məhz bu dəyərli ustadımın monumental cizgilərinin bəzi ştrixləridir.

Hüseynqulu Əliyevin yaradıcılığı çoxşaxəlidir. O, sənətdə sözünü demiş rəngkar, qrafika ustası və heykəltəraşdır. Əsərlərinin demək olar ki, sayı da dəqiq bəlli deyil. Əminliklə, minlərlə əsərinin olduğunu demək olar. Daim yaradan, öz üzərində işləyən rəssam söz düşəndə təvazökarlıq edib tələbələrinə "hələ mən öyrənirəm” deyir. 

Hüseynqulu Əliyevin qrafika sahəsində işlədiyi əsərlərinə karikatura və dostluq şarjları, bir çox əsərlərinin eskizləri, portretlər və sair daxildir. Onun rəngkarlıq əsərləri say etibarı ilə olduqca çoxdur. Rəssam bu əsərlərini çəkəndə müxtəlif janrlara – portret, mənzərə, natürmort, süjetli tablo janrlarına müraciət etmişdir. "Mənim Naxçıvanım” triptixi, "Mənim ailəm”, "Mənim Leylam” və sair əsərlərindəki "mənim” kəlməsi rəssam üçün çox müqəddəsdir. Bu əsərlərdə bir fəlsəfi dünya gizlənib. Onun tablolarında tez-tez gördüyümüz alma, at rəssam üçün çox doğma və müqəddəsdir. Bu incə məqamları təsadüfən vurğulamıram. Həmin incəliklərin vasitəsilə rəssamın zəngin mənəvi dünyasını azacıq da olsa kəşf etməyə çalışıram. 

Rəssamın heykəltəraşlıq sahəsindəki yaradıcılığı da olduqca məhsuldardır. O, bu sahədəki yaradıcılığını monumental, dekorativ, dəzgah heykəltəraşlığı sahəsində formalaşdırıb inkişaf etdirmişdir. Heykəltəraşlığın hər 3 sahəsinə müraciət edən rəssamın əsərləri janr müxtəlifliyi ilə də diqqəti çəkir. O, onlarla baralyef, baralyef-panno, qorolyef, büst, tors, bütöv fiqur və sair müxtəlif kompozisiyaların müəllifidir. 

Bu gün Hüseynqulu Əliyev Naxçıvan Dövlət Universiteti və qocaman Naxçıvan teatrında əmək fəaliyyətini davam etdirməklə yanaşı, şəhərin mərkəzində yerləşən emalatxanasında yaradıcılıqla da məşğul olmaqdadır. Bu emalatxananın onlarla yetirməsi var. Rəssam ümidlərini doğruldan tələbələrindən xeyli razılıq edərək, "müəllimin uğuru onun tələbələridir” deyir. 

Ömrünün müdriklik zirvəsini yaşayan, təsviri sənətdə etalon yaradıcılıq dəst-xətti ilə seçilən Hüseynqulu müəllimə Allahdan can sağlığı arzulayıram. Sizin yaradıcılıq yolunuz biz gənclərin sabahına işıqdır.

Fizzə Quliyeva
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896