• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

“Yaradıcı işdə rəhbər “gəlin bunu edək” deməməlidir” – Gör-götür

14.04.17 12:00 3017
“Yaradıcı işdə rəhbər “gəlin bunu edək” deməməlidir” – Gör-götür

Deyir ki, əgər hansısa bir layihə uğurlu alınıbsa, bu, bir nəfərin yox, bütün komandanın əziyyətinin bəhrəsidir. Komandanı yığmaq, onları düzgün idarə etmək məsuliyyəti isə rəhbərdən asılıdır. Tale elə gətirib ki, çox gənc yaşlarından rəhbərlik məsuliyyətini üzərinə götürüb. Onun fikrincə, rəhbər və ya işçi olmasından asılı olmayaraq, gərək insan özünü təkmilləşdirsin, daha çox işləməkdən qorxmasın və sistemli iş görsün. Müsahibimiz tanınmış aparıcı, "AsanFM”in direktoru Emin Musəvidir.

- Bir çox layihələrdə aparıcılıq etmiş, layihə rəhbəri olmusunuz. Hamısı da demək olar, uğurlu olub. Bəlkə elə söhbətə bu uğurlarınızın sirrindən danışmaqla başlayaq?

- Uğursuz da nəsə olduğunu düşünürəm. Amma ola bilsin, kənardan hər şey uğurlu görünür. Əgər iş görülürsə, uğursuzluq da normaldır. Hansı işlərimi konkret uğurlu gördüyümü soruşsanız, bir neçəsinin adını çəkə bilərəm. Bu il media fəaliyyətimin 20 ili tamam olur. Bu illər ərzində ən uğurlu işim 106.3 FM radiosu olub. Onu 2004-cü ildə yaratmışıq. Məqsəd radionun sırf milli formatda yaradılması idi. Amma bizdə radioların formatı qarışıq idi. Deyirdilər ki, sırf milli radio ideyası tam uğurlu olmaya bilər, bizdə o qədər musiqi də yoxdur və s. Mən o ideya uğrunda çox mübarizə apardım. Bildirdim ki, medianın inkişafı baxımından öndə olan ölkələrdə bu kimi təcrübələr var və onlardan yararlanmaq olar. Fərq etmir, sən xaricdə təhsil almısan, yaxud ölkədə rusdilli məktəbdə oxumusan. Genetik olaraq insan milli musiqini sevir, ona bağlı olur. Ona görə milli formatda radio ideyasının uğurlu olmasına inanırdım və həqiqətən də buna nail ola bildik. Televiziya verilişlərindən "Rəsmilər qeyri-rəsmi” və "Qeyri-rəsmi” verilişlərini də uğurlu hesab edirəm. O layihə mənim üçün maraqlı idi. Çünki əlçatmaz görünən insanlardan müsahibələr edirdik. Nəinki Azərbaycanda, eləcə də müxtəlif ölkələrdə rəsmi şəxslərin həm işini, həm də qeyri-rəsmi tərzlərini göstərməyə çalışırdıq. Rəsmi adamları qeyri-rəsmi söhbətə razı salmaq da asan deyildi. Bəziləri razılaşmırdı. Amma bir çox rəsmi şəxsləri ilk dəfə qeyri-rəsmi formada təqdim edə bildik. Məsələn, baş nazirin müavini Abid Şərifov, Azərbaycanın Rusiyadakı səfiriPolad Bülbüloğlu və başqalarını misal çəkə bilərəm. ASAN radio (100 FM) da çox uğurlu layihədir. Ölkə başçısının sərəncamı ilə yaradılan radio qarşısına dövlət xidmətləri sahəsində faydalı məlumatları insanlarımıza çatdırmaq məqsədi qoymuşdu. İndiyə qədər ölkəmizdə bu formatda radio yox idi. Bizdə bütün mobil tətbiqlər işləyir. Bu işin müasir tərzdə olması üçün əlimizdən gələni edirik. Məlumatları çatdırmağa, çətin suallara asan cavab verməyə və müasir olmağa çalışırıq. Dünya təcrübəsindən yararlanırıq, xaricdə müəyyən radiostansiyalarla, media qurumları ilə əməkdaşlıq edirik.

- Qeyd etdiniz ki, ASAN radio Azərbaycanda dövlət xidmətləri sahəsində məlumat çatdıran ilk radiodur. Bəs radionun qısa müddətdə tanınmasının səbəbi nədir?

- ASAN Radio cənab Prezidentin tapşırığı ilə yaradılıb. Müasir, faydalı və yeni yanaşma ilə, dünyanın aparıcı media qurumlarında qəbul olunan prinsiplərlə fəaliyyət göstərir. ASAN milli brendə çevrilib. Yüksək tələblərə cavab verir. Biz də böyük ASAN ailəsinin bir üzvü olaraq məsuliyyəti dərk edib, müasir tələblərə və gözləntilərə cavab verməyə çalışırıq. Radiomuz bundan sonra da mütərəqqi və faydalı media qurumu kimi çalışacaq.

- Dediniz ki, uğursuz da nəsə olub. Onlar hansılardır?

- Uğursuzlar adətən, yadda qalmır. Hansısa layihəmi tam mənada uğursuz hesab etməzdim. O mənada ki, inanmışam, etmişəm. Ola bilsin ki, başqa sahələrdə hansısa uğursuz təcrübə olub. Amma optimist olduğum, hər şeyə pozitiv baxışlarla nəzər salmağı xoşladığım üçün onları da uğursuz təcrübə yox, sadəcə, bir təcrübə adlandırardım.


- Yəni rəhbər tükənə bilər?
- Təbii. Amma rəhbər idmançı kimi hər zaman özünü təkmilləşdirməlidir. Burada həm də moderatorluq prinsipi böyük rol oynayır. Kimin nəyi etməli olduğunu, kimin nəyə cavabdeh olduğunu müəyyənləşdirməlidir. Eyni zamanda, insanlara həm də mənəvi və maddi cəhətdən stimul vermək lazımdır. İşçini danlamaq, "bunu edə bilmirsən” demək olmaz. Nədənsə narazı olanda deməlisən ki, filan şeyləri yaxşı elədin, amma filan yerdə zəiflik var.

- Heç vaxt işçiləri danlamırsınız?
- Mən fikrimi bildirirəm. İşçi olaraq mənimlə necə rəftar edilməsi xoşuma gələrsə, komandamın üzvləri ilə də o tərzdə davranmağa çalışıram. Amma bəzən narazılığımı bildirirəm. Çünki tapşırıq verilibsə, təhvil verilmə vaxtına qədər iş görülməyibsə, deməli, həmin əməkdaş məsuliyyətsiz yanaşıb. Lakin kadrlara stimul vermək lazımdır. Müqayisə etmək olar. Əgər yəhudi ailəsində uşaq məktəbdə "5” yerinə "3” alırsa, ona "bisavadsan”, "zəifsən”, "gələcəyin yoxdur” kimi sözlər demirlər. Onlar deyirlər ki, "3” prinsipcə pis deyil, bu, o deməkdir ki, sən nəyisə bilirsən, amma sənin potensialın 5-lə oxumağa imkan verir. Uşaqlara, gənclərə stimul vermək lazımdır ki, özlərinə inansınlar, potensiallarını düzgün istifadə edə bilsinlər.

- İşdən uzaqlaşdırdıqlarınız olub?

- Olub, amma nadir hallarda.

- Nə deyib uzaqlaşdırmısınız?
- Mən bilirəm ki, Yaponiyada hansısa layihə uğurla bitmirsə, yaxud layihənin hansısa bir məqamında prosesin irəliləməsində nəsə düzgün getmirsə, bu zaman rəhbər istefa verir. Çünki məsuliyyət ondadır, deməli, nəyisə düzgün etməyib. Bəlkə bir yerdə işləmək alınmır, amma biz yaxşı dost ola bilərik. Hətta gələcəkdə ona uyğun olan bir işdə əməkdaşlıq da edərik. Amma iş işdir. Şəxsi münasibətləri işdəki yanaşma ilə səhv salmaq olmaz.

- Davamlı olaraq izləyə bilməsəm də, əvvəllər çox vaxt radioda səhər efirini siz aparırdınız. Bunu rəhbərin məsuliyyətinin, yaxud işçilərə bir nümunə olmasının göstəricisi hesab etmək olar?
- Bu, radio yeni yaranan vaxtlarda daha çox olurdu. Sonra hər şey formalaşanda biz məsələnin həllini tapdıq. Hansı formada, necə ediləcək, aparıcılar kimlər olacaq? Əvvəl təzə yaradılmışdıq, işçilər yeni-yeni yığılırdı. Burada hər şey sıfırdan yarandı. Təmir gedə-gedə biz 4-5 nəfərlə test yayıma başladıq. İndi komandamız böyükdür. O vaxt bir az çətin idi. Amma sən nəyəsə cavabdehsənsə, bu, o demək deyil ki, nə isə icra etməməlisən. Əksinə, vaxt varsa, mütləq icra etməlisən. Həftənin 5-ci günləri bizdə "Qəbuldasan” verilişi yayımlanır. Ora rəsmi şəxslər gəlirlər. Onu mən aparıram.

- "Bundan daha çoxunu əldə edə bilərdim” demisiniz heç?

- Hər kəs bunu deyə bilər. Amma məqsəd o deyil ki, hansısa bir quruma cavabdeh şəxs olasan. Məqsəd odur ki, sən özünü burada rahat hiss edəsən, sevimli işinlə məşğul olasan. Burada özümü rahat hiss edirəmsə, hələ buna görə pul alıramsa, olduğum yerdə xoşbəxtəm. Kənardan elə görünür ki, böyük qurumlara cavabdeh olan şəxslər çox xoşbəxtdirlər. Əslində realda elə olmaya bilər. Həm də sənə uyğun olan yükü götürməlisən. Hər kəsin yanaşması fərqlidir. Arada fikirləşirəm ki, başqa sahədə çalışsaydım, necə olardı və s. Amma bəlkələrlə həyat olmur. Ona görə hər şeyi necə varsa, elə qəbul edirəm. Televiziya, xüsusilə radio sevimli sahəm olduğu üçün təkcə nəyəsə cavabdeh olan şəxs kimi deyil, ümumiyyətlə, bir əməkdaş kimi də özümü bu sahədə rahat hiss edirəm.

- Gördüyünüz işlərlə bağlı sizə tənqidi fikir bildirənlər olubmu?

- Əlbəttə, olub. Mən işimlə bağlı tərifi deyil, tənqidi sevmişəm. Çünki yaxşı şeylər onsuz da yaxşıdır, amma mənfiləri kənardan biri görüb deyirsə, bu yaxşıdır. Kimsə məsələyə subyektiv yanaşaraq, fikir bildirə bilər. Amma o da həmin şəxsin fikridir. Əgər bir neçə şəxs artıq eyni şeyi deyirsə, deməli, burada nəsə problem var.

- Fərqli sferanın adamları ilə işləmisiniz, aralarında şou adamları da, siyasətçilər də olub. Hansı sizin üçün daha maraqlı, hansı işləmək çətin idi?

- Yaş və dövr baxımından yəqin ki, əvvəllər əyləncə, şou daha maraqlı idi. Ümumi götürəndə informasiyada da şou elementləri var. CNN, BBC, Türkiyənin telekanallarında, həmçinin də bizdə bundan istifadə olunur. Həm onlarla, həm bunlarla müəyyən mənada çətin idi. Rəsmi şəxslərlə nisbətən rahat idi. Düzdür, onlara müraciət edib, müsahibəyə inandırmaq çox çətindir. Amma artıq hər şey danışılanda daha dəqiq olurdular, nəinki şou aləmində olan adamlar. Əgər rəsmi şəxslə saat 10 üçün görüş təyin olunubsa, biz mütləq o saatda görüşürdük. Amma şou adamlarına 11:00 deyəndə, birdən 16:00-da gəldikləri də olurdu (gülür – A.A.).

- Emco prodakşının işləri necə gedir? Ora vaxt ayıra bilirsiniz?
- Biz orada daha çox PR işləri görürdük. Müxtəlif ölkələrlə də işləyirdik. Fəal işlədiyimiz ölkələrdən Latviya, İsrail, Türkiyəni qeyd edə bilərəm. İndi də biz işləyirik, amma o, prioritet ola bilməz. Çünki əsas diqqət verəcəyim iş radiodur.

- Show.az saytı da sizin idi. O da deyəsən əvvəlki kimi işləmir…
- Artıq həmin sayt mənim adıma deyil. Onu 2007-ci ildə yoldaşlarla yaratmışdıq. O zaman şou xəbərləri aktual idi. Sayt kifayət qədər məşhurlaşmışdı. Lakin sonradan komanda olaraq başqa istiqamətlərdə işlər bizim üçün daha aktual oldu. Ola bilər ki, bu sahəyə maraq da azaldı. Artıq xeyli müddətdir ki, məndə deyil.

- İndi sosial xəbərlər şoudan çox maraq kəsb edir…

- Həmin sayt həm də kommersiya layihəsi kimi normal işləyirdi. Kifayət qədər reklam da var idi. O vaxt sosial media indiki dərəcədə populyar deyildi. Biz verilişlərlə bağlı müəyyən canlı yayımları orada yerləşdirirdik. Şou xəbərləri sahəsində yaranan hazırkı istiqamətdə biz iştirak etmək istəmədik. Kiminsə hardasa bir şəkil çəkdirməyindən xəbər hazırlamaq mənim üçün maraqlı deyil.

- Müsahibə almaq, yoxsa vermək daha maraqlıdır?
- Almaq daha yaxşıdır. İndi görək bu müsahibənin nəticəsi necə olacaq (gülür - A.A.).
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər