• cümə axşamı, 28 mart, 23:29
  • Baku Bakı 13°C

YARADICILIQ AXTARIŞLARINA BEYNƏLXALQ BAXIŞ

19.03.18 12:25 1209
YARADICILIQ AXTARIŞLARINA BEYNƏLXALQ BAXIŞ
Çağdaş təsviri sənət məkanında baş verənlərə əyani şahidlik etmək üçün dünyanın müxtəlif ölkələrində təşkil olunan yarmarkaların əhəmiyyəti böyükdür. Bu mənada qardaş Türkiyədə keçirilən "ArtAnkara” istisna təşkil etmir. Novruz bayramı ərəfəsində Ankara şəhərində dördüncü dəfə keçirilən bu sənət yarışmasında bu il də duyulası qələbəlik hiss olunmuşdur. Belə ki, yarmarkanın zənginliyi birmənalı olan ekspozisiyasına 50-yə yaxın qalereyanı təmsil edən təsviri sənət ustalarının 3 minə qədər əsəri daxil edilmişdir. Burada dünya incəsənətində mövcud olan ən yeni bədii tendensiyaların yaddaqalan nümunələrinə rast gəlmək olar. Əvvəlki illərdən fərqli olaraq 4-cü Beynəlxalq müasir sənət yarmarkasında Azərbaycan ayrıca qalereya ilə təmsil olunmuşdur. Respublikamızda təsviri sənət sahəsində müşahidə olunan yaradıcılıq axtarışlarını beynəlxalq aləmə təqdim etmək kimi missiyanı öz üzərinə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Araz” qalereyası götürmüşdür. Qalereyanın rəhbəri Səxavət Bayramov yarmarkanın Azərbaycan bölməsində təmsil olunmaq üçün dörd rəssam-rəngkar seçmişdir. Bunlardan ikisi yaşlı və orta nəslin, ikisi isə gənclərin nümayəndələridir. Bu da ilk növbədə çağdaş Azərbaycan təsviri sənətində yaşanan nəsillərin əvəzlənməsini, varislik probleminin həlli gedişini izləməyə imkan vermişdir...
Tanınmış fırça ustası Məmməd Şirzadın ekspozisiyaya daxil edilmiş rəngkarlıq əsərləri realist-gerçəkçi üslubda çəkilmişlər. Onun ekspozisiyaya daxil edilmiş səkkiz əsərində Azərbaycanımız, onun adət və ənənələri. insanlarının qayğıları və gözoxşayan mənzərələri özünün cəlbedici təcəssümünü tapmışdır. Rəssamın üçfiqurlu "Novruz bayramı” tablosunda xalqımızın çox-çox qədimlərdən həyatında yer almış el bayramı təsvir olunmuşdur. Bahar mənzərəsi fonunda görüntüyə gətirilən müxtəlif yaşlı üç qadının timsalında rəssam Növruz ovqatını göstərməyə çalışmışdır. Tablonun bəyaz-narıncı, qırmızı-yaşıl çalarlarında bayramın nikbin çalarlarını duymaq mümkündür. Müəllifin fiqurların gerçəkləşməsində işlətdiyi zərifliyi ilə seçilən axıcı ritmin ümumi kompozisiyaya lirik tutum bəxş etməsi də kifayət qədər duyulandır...
Məmməd Şirzadın "Çövkən” əsərini də qədim ənənəyə malik olan xalq oyunlarının unudulmamasına yönəli niyyətin yaddaqalan biçimdə bədiiləşdirməsi saymaq olar. Bir neçə atlının apardığı mübarizənin gərginliyini onların hərəkətlərinin dinamikasında ifadə etməyə nail olan müəllif, son nəticədə gözoxşayan əsərin yaranmasını şərtləndirmişdir. Rəng təzadlarından ustalıqla istifadə edən rəssam, bununla da tablonun dominant nöqtəsini vurğulamaqla, onun ekspressivliyini tamaşaçısını duyğulandırmağa yönəldə bilmişdir...
Məmməd Şirzadın "Alma bağı” tablosunda isə əməyin təntənəsinin bədii tərənnümü ilə qarşılaşırıq. Meyvəli ağaclarla əlaqəli təqdim olunan əmək adamlarının obrazlarında gördükləri işdən qürurlanmaq hissini qabarıq təqdim edən müəllif, bütünlükdə torpaq və insan münasibətlərinin uğurlu bədii-obrazlı ifadəsinə nail olmuşdur. Kompozisiyaya daxil edilmiş fiqur və atributların məntiqli stilizəsi də, görüntüyə duyğulandırıcı ovqat bəxş edən rənglərin təzada köklənmiş ümumi tutumu da məhsul bolluğunun insanlara nikbin ruh bəxş etməsi istəyinin qabardılmasına köklənmişdir...
Məmməd Şirzadın ekspozisiyaya daxil edilmiş bir-neçə mənzərəsində də yurdun gözoxşayan mənzərələrini ovqat daşıyıcısına çevirmək istəyi duyulandır. Bu mənada onun "Kənd yolu” və "Payız simfoniyası” əsərlərini xüsusi qeyd etmək istərdik. Rəssamın "Azadlıq”, "Qızıl, mis və alüminium” və "Məni də al!” tabloları isə fəlsəfi tutumludurlar. Forma-biçim və rəng təzadı ilə bəşəri dəyərlərin, insani münasibətlərin cəlbediciliyini əldə edən müəllif, bu nəticəni həm də tamaşaçı üçün düşündürücü qaynağa çevirə bilmişdir...
Çağdaş Azərbaycan rəngkarlığının tanınmış nümayəndələrindən sayılan Əbülfəz Fərəcoğlunun yarmarkada sərgilənən əsərlərində həyata realist-gerçəkçi baxışdan mücərrədçiliyə keçidin özünəməxsus təqdimatını görmək olar. Onun üçün müxtəlif mövzulu motivlərdə tamaşaçısını özünə cəlb etmək istəyinin alt qatı mövcuddur. Odur ki, belə əsərlərdə təqdim olunan rəqsdə də, yaradıcı prosesdə də, sakitliyə bələnmiş oturuşda da bu pozalardan qaynaqlanan "alt qat”ları bir qayda olaraq suallıdır. Qənaətimizcə, elə rəssam istəyi də bu situasiyanın yaranması ilə bağlı olmuşdur. Bu mənada onun çox vaxt zəmanəsinə verilən "suallar toplusu” kimi qəbul olunan əsərləri sərgi salonlarında soraqlanandır...
Gənc rəssam Xaqan Bayramov ilk dəfədir ki, bu cür mötəbər yarışmada iştirak edir. Onun yaradıcılığının müxtəlif janrlı əsərlərlə təqdimatı da bundan irəli gəlib. Süjetli tablo və natürmort janrlarında ərsəyə gətirilən tabloların bədii həllindəki realist-gerçəkçi təqdimatda lirik-bədii yozumun ovqat yaradıcılığına yönəldilməsi duyulandır. Gənc fırça ustasının məişət əşyalarından ibarət bir-neçə natürmortu, "Qızıl balıq”, "Həsrət”, "Ana beşiyi” və s. əsərləri gerçəkliyə bədii-estetik münasibətin realist lirik-poetik ovqata kökləndiyi kifayət qədər duyulandır. Balaca nəvəsinə dadlı-duzlu "Qızıl balıq” nağılını oxuyan , azman ağac kölgəsində körpəsinə yayla deyən gənc ananın ("Ana beşiyi”), çətin səfərdə olan doğmasının intizarında olan gənc qadının ("Həsrət”) yaşantılarda qərarlaşan hiss-duyğu bolluğundandır ki, onlar uzun müddət unudulmurlar...
Adı respublikamızda özünəməxsus yaradıcılıq axtarışları ilə hər kəsə yaxşı bəlli olan Orxan Hüseynin yarmarkada göstərilən üç əsərinin məna-məzmun yükü milli motivlərlə bağlıdır. Gənc rəssamın "Dəvə”, "Xoruz döyüşü” və "Çay evi” əsərlərində adət-ənənələrimizin, zəngin koloritli etnoqrafiyamızın cəlbedici bədii həllini görmək mümkündür. Çoxfiqurlu "Dəvə” əsəri əslində, xalqımızın uzaq-yaxın keçmişinə "bədii səyahət” kimi qəbul olunur. Belə ki, ümumi kompozisiyada yer almış çoxsaylı süjetlərdə hamımıza məşhur hadisə və obrazların bir araya gətirilməsi ilə qeyd etdiyimiz koloritli bədii tutumun əldə olunması gerçəkləşmişdir. Əsərin miniatür ənənələrinə müvafiq bədii stilizəsi və rəng həlli də mövzuya uyğun-duyğulandırıcıdır...
Rəssamın "Xoruz döyüşü” də vaxtaşırı rəssamlarımızın müraciət etdikləri motivlərdəndir. Milli qiyafəli iki kişinin xoruzların döyüşünü izləməsinə bədii görkəm verən müəllif, indiki durumda bütün istəklərini bu iki xoruzun mübarizəsinin sonluğuna bağlayan işanların psixoloji yaşantılarını da əyaniləşdirməyə nail olmuşdur. İri insan fiqurları ilə xoruzların kiçik görüntüsünü qoşalaşdıran Orxan Hüseyn son nəticədə cəlbedici bədii-psixoloji lövhəsinin yaranmasını şərtləndirmişdir...
Onun "Çay evi” əsəri də müəllif düşüncələrinin yaddaqalan təqdimatı üçün maraqlı motiv sayıla bilər. Tarixən çayxanaların cəmiyyətin həyatında sıradan olmadığı barədə deyilənlərə əyanilik gətirən gənc rəssam, kompozisiyaya daxil etdiyi müxtəlif detallarla bunu əyaniləşdirə bilmişdir. Əsərin bədii həllində milli qaynaqlardan yaradıcılıqla faydalanmanın uğurlu nəticələrini görmək mümkündür...
Ziyadxan Əliyev

banner

Oxşar Xəbərlər