Yaradanlıq
Gözəllik deyilən məchul
bir məfhum mövcuddur ki, səbəbi və məqsədi tam olaraq bəlli deyil. Bəli, o,
məfhumdur. Yəni fəhm edilən və ya fəhm edilməyə çalışılan bir şeydir. Ancaq
eyni zamanda məchuldur. Yəni haradan gəldiyi, ən əsası da niyə gəldiyi məlum
deyil. Mənbəyi məchul olan bir nəsnənin mənşəyi, yəni məqsədi də müəmmalı olur.
Gözəllik xüsusi bir idarəçilikdir. Axının təbii məntiqinə sığsa da, onun
məntiqi özünəxasdır və təbii axının içərisində bir qədər qeyri-təbiidir. Axın yaradılışdır.
Gözəllik istəkdir. Yaradılış cəbridir, istək ixtiyari. Cəbrin ixtiyara dönüşü
imkansızdır. Çünki o, artıq cəbrdir. Ancaq ixtiyarın bir gün cəbrə dönüşü
mümkündür. Çünki ixtiyar istəkdir, xilqət deyil. Xilqətin mayasında əlbəttə ki,
ölçülü simmetriya və parlaq bir nizam dayandığı üçün yaradılış, yəni cəbrin özü
gözəlliyin ən bariz səhnəsidir. Lakin bu səhnə təbii axının daxilindədir və
cəbri olan heç nəyə istəyin və əməlin gücü yetməz. Əməllər də cəbridir, əgər
xüsusiyyətin istisnası ortaya çıxmasa. Yəni açığı budur ki, yaradılış gözəl
olmaya da bilərdi. Gözəllik xilqətə sığar, ancaq xilqət gözəlliyə sığmaz. Çünki
xilqət cəbridir, gözəllik ixtiyari. Kainat hadisədir. Eyni zamanda, o, bir
əsərdir. Əsəri hadisədən ayıra bilmək istəkdir. İstək xüsusidir, fərdidir. Əgər
Allah varsa və deyilənlər doğrudursa, o zaman O, həm vücuddur, həm mövcud.
Mövcudiyyət cəbrdir. Yaradılışın kəskin məntiqi və qeybani ehtiyacı kainatı
əsər olmaqdan çıxarıb, hadisəyə çevirir. Ancaq o, həm də vücuddur. Yəni ayrıca
olaraq vardır. Vücud isə, fərdiliyi gərəkdirir. Fərdin ehtirası gizli olur və
axının içərisində özünü büruzə verir. Gözəllik isə o deməkdir ki, fərdin
ehtirası axının məntiqinin əksinə hərəkət etməsin. Çünki vücud da mövcud da
kamildir, əgər Allah varsa... Allah varsa, deməli, mövcud vəhdətdədir. Vəhdət
naqis ola bilməz. Daha doğrusu, naqislikdən vəhdət yarana bilməz.
Allahın təsdiqinə olan ehtiyac mövcudiyyətin qüsursuzluğunu idrak etmək
istəyindən yaranmışdır. Qorxu və müəmma inkarın babasıdır, təsdiqin deyil.
Allahdan qorxanlar Onu tanımayanlardır. İdrak isə tanımanın övladı olduğu üçün
qorxu idraksızların ehtiyacıdır. Dərkə yetişməyən ehtiyacın adına
"iman" dedilər. Əslində məhz belə iman təbii axının ziddinədir, çünki
içərisində iddia və savaş vardır. İddia varlığın bitdiyi yerdə, savaş
ziddiyyətdən başqa bir şeyin qalmadığı yerdə başlayır. Allahı Onun haqqındakı
bilgilərdən, yəni dindən ayıran incə xətt də buradadır. Bilgi axının təkərinə
soxulan çomaqdır. Təkəri durdurmaq mümkün olmadığı üçün, fiziki qanunlara
əsasən, toqquşan iki cisimdən biri, yəni zərər görən, qırılan cisim çomaq özü
olur. Bəli, kainata əlavə olunan bütün bilgilər qısa bir müddət ərzində sıradan
çıxır. Bu bilginin adı elm deyil. Çünki elmin iddiası olmaz. Elm mövcud olanı
öyrənir. Ancaq iddiası olan bilgi ideyadır. Mövcud ideyanın səssiz, sözsüz,
iddiasız axınına əlavələr etməklə, hər hansı bir xilaskarlıq missiyası nəticədə
iflasa uğrayır. Bütün peyğəmbərlər fərdiyyətçi olublar. Onların heç birisi
səssizliyi səsə, sözsüzlüyü sözə, gözəlliyi qanuna çevirərək, icma, xilafət və
ya dövlət qurmayıb. Onlar hətta din də yaratmayıb. Çünki onlar axının
içərisindəki kainat rəssamları idilər. Onlar iddiaçı deyildilər. Bütün
rəssamlar mövcud rənglərdən istifadə edirlər. Sənətin gərəyi budur; yaradılışı
təsvir etmək. Yaradılış elə bir aktdır ki, onun ziddinə getmək sadəcə mümkün
deyil. Bir şeyin tərkib hissəsi olan o şeyin ziddinə necə gedə bilər?
Ancaq mükəmməlliyə olan heyranlıq təkcə pərəstişlə, sitayişlə məhdudlaşmadı.
Kamillik həm də ağıllara ilham verdi. Heyranlıq fərdi bir hiss olduğu üçün
cameələşə bilməz. Əgər bir fikir ictimailəşirsə, deməli, o, hiss olmaqdan
çıxıb. Hiss edilməyən bir ideyanı hiss etdirmək absurddur.
Ancaq fərdi heyrət prizması insan idrakını ideya və iddiaya yox, daha dərinlərə
- yaradılış aktını təkrarlamağa sövq etdi. Bəli, burada söhbət məhz insandan
gedir. O insan ki, yaradılışın zirvəsidir. O insan ki, yaradanla yaradılanın
ayrıldığı mənzərəni pozur, dağıdır və bu xaosdan özünə pay çıxarır. O insan ki,
yaradandan sonra ikinci dəfə heyranlıq obyekti oldu - ikinci yaradan oldu. Söhbət məntiqi axının, ilk böyük partlayışdan
sonra qəti şəkildə müəyyənləşmiş ölçülərin izindən gedən, bu axını müşayiət
edən insandan gedir. Yəni kamil və kamilləşməyə can atan insan.
Mükəmməllik ehtiyacdır. Lakin eyni zamanda
gözəllikdir. Ehtiyacla gözəlliyi Tanrı birləşdirdi, insan ayırdı. Tanrının
etdiyi hərəkət hadisədir, insanın etdiyi hərəkət əsər. İnsan Tanrının
simfoniyasını nota yazdı. İnsan Tanrını aşkara çıxardı. Halbuki, bu axının
ziddinə gedənlər, sənəti və elmi küfr sayanlar Tanrını gizlətmişdilər.
"Görünmək istədim, insanı yaratdım" kəlamındakı sirr də burdadır.
Tanrını gizlətmək istəyənlərin qəsdi nədir, bilmirəm, ancaq Tanrı xilqətin
əvvəlindən gizli idi. Yəni indi burada materialistlər və hətta ateistlər də
etiraz etməzlər ki, söhbət Allahın varlığından və ya yoxluğundan getmir. Söhbət
inkarolunmaz nizamın insan heyrəti içərisindəki inikasından gedir. Mövcudun
vəhdətini və bu vəhdətin gərəyi olan mütləq gözəlliyi görüb dərk etdikdən sonra
ayrıca bir Tanrıya və ya tanrıçılığa elə də böyük ehtiyac yoxdur. Çünki inancın
hədəfi idrakdır, idrakın hədəfi inanc deyil. İdrakın sonu isə heyrət olduğu
üçün, heyrətdən sonra inancın gəlişi absurd və bir o qədər də gülüncdür.
Bəs heyrəti iddiadan necə ayırmaq olar? Necə
təyin etmək olar ki, yaradılışın axınına gedən kimdir, ziddinə gedən kim? Axı
mətləb o qədər də sadə deyil və haqqı batildən, nəfsi ehtiyacdan, heyranlığı
ideyadan, rəngi rəngdən ayırmaq günü-gündən çətinləşir, qaldıqca imkansız bir
hala gəlir. Sadə bir misal çəkməklə, nəyisə çözmək olar. Məsələn, adamın biri
gözəl bir quşun rəsmini çəkir, digəri o quşu tutub qəfəsə salır. Burada
heyranlıq hansıdır, iddia hansıdır? Görürsünüzmü, sadə görünən bir şey nə qədər
çətindir. Axı ikisi də o quşu sevir. Ancaq hər iki hərəkət eyni zamanda doğru
və ya yanlış ola bilməz ki. Burada fürqan ortaya girir. Yəni haqqı batildən
ayıran cihaz. Onu işə saldığımız zaman görürük ki, o quşun yeri qəfəs deyil. Bəs
bunu hardan bilirik? Əlbəttə, xilqətin özündən. Yaradılış onu təbiətə bəxş
etdi, ona azadlıq verdi. Onu sevənlər onu qəfəsə sala bilməzlər, sadəcə onun
rəsmini çəkə bilərlər. Onu sevmək ona yaxın olmaq deyil, ona heyran olmaqdır.
Heyrətin isə məsafəsi olmaz. Xilqətə zidd olan sevgilər iddiadır, sevgi deyil.
Sevgi heç bir zaman kütləviləşməz, ideya halına gəlməz. Sevdiyini başqalarına
da sevdirmək cəhdi uğursuz bir zəhmətdir. Bu eynilə, "siz niyə mən
görənləri görmürsünüz" deyə bağırmağa bənzəyir. O zaman "mən"
qalmır. "Biz" isə sevgi demək deyil, çünki "mən" batindir,
"biz" zahir. Necə ki, peyğəmbərlik və onun əsası olan vəhy elmi fərdi
və batini idi, din və dindarlıq isə zahiri və kütləvidir. Zahir olan və kütləyə
sirayət edən şey isə sevgi deyil, dediyimiz kimi, iddiadır.
O quşu qəfəsdə tutanın da nəfsi var, onun
rəsmini çəkənin də. Hər ikisində iddia da var. Ancaq nəfs xilqətin təkərinə
çomaq soxmursa, o nəfsin adı xidmət və gözəllikdir. Orta yerdə dayanan nəfs
bunun əksini edirsə, o nəfsin adı günah və batildir.
Yaradılışın bənzəri olmadığı üçün insanın
yaratdıqları yenidir, gözlənilməzdir. Yaradılışın ziddinə olmamaq hər zaman
bəlli və gözlənilən olmaq demək deyil. Elə yaradanın müəmması da bundadır ki, O,
nələr olacağını özündən də gizli saxlayıb. İnsandan başqa bütün məxluqun nə
edəcəyi, necə edəcəyi, hansı parametrlərə sığdığı aşağı-yuxarı məlumdur. Təkcə
insanın taleyi məchul və gözlənilməzdir. Başqa canlılar yaradılışı təmsil edir,
insan onu müşayiət edir. Özü də yaradır. Həmin quşun rəsmini çəkən sadəcə
Tanrını təqlid etmir, həm də o rəsmdə o quşa başqa mənalar yükləyir. Onu ikinci
dəfə yaradır. Düzdür, xilqətin içində olanlar təbii ki, ondan kənarda ola
bilməz. Lakin xilqətin başqa üzünü xilqətin başqa bir yaradanı - insan üzə
çıxardı. İbtidai insan öküzün rəsmini qayalara olduğu kimi, hətta olduğu ölçüdə
çəkirdi. Onu ovlayıb yeməkdən başqa ona bir məna yükləmirdi. Lakin o da
yaradıcılıq idi. Çünki insan rəsmin, yəni sənətin mistik gücünə inanırdı. Hər
zaman belə oldu. Gözlənilmədən insan gəlib Leonardo Da Vinçi oldu.
Gözlənilmədən Mühyiddin Ərəbi kimi düşünməyə başladı. Bəs niyə gözlənilməz?Çünki dediyimiz kimi, insandan
başqa bütün yaradılmışların taleyi və nə edəcəyi bəlli idi. Lövhi-Məhfuzdan
silinmiş səhifələri yalnız insana aid olan bölümləridir. Belə olmasaydı, yəni
onun adı və taleyi əvvəlcə o lövhəyə yazılmış olmasaydı, mələklər cürət edib
Allahı sorğuya çəkməzdilər ki, nankor və boş yerə qan axıdacaq olan birini nə
üçün xəlq edirsən?! Mələklər bilmədilər ki, yaradılış məsumiyyəti aşan bir
şeydir. Mələklər və digər xəlq olunmuşlar məsumdurlar. Yəni axının bir
parçasıdırlar. Lakin bu axının ziddinə getmədən - ki, belə ziddiyyət imkansızdır
- bu axına axın qatmaq yaradılanlara yeni anlamlar yükləmək məsumiyyətin
sərhədlərini pozur. İnsan məsumiyyət xirqəsinə bürünərək, sakitcə ömrünü axının
içində yürüdə bilmədi. Onun xilqətindəki Tanrılıq onu fərqli düşünməyə və
kainata əl qatmağa sövq edir. Mələklərin, heyvanların, nəbatatın günahı
olmadığı kimi, savabı da olmaz. Çünki onların faili-muxtarlığı yoxdur.
Feiliyyətin gərəyi isə belə diqtə edir ki, günah da, savab da xilqətə əlavədir.
Hər iki anlayış insan yaranandan sonra ortaya çıxdı. Papanın indulgensiya
yaradıcılığı ilə Qalileyin "Gerçəyin diaqramması" eyni yerdən
qaynaqlanır. Lakin insan yeganə varlıqdır ki, səbəblə nəticənin zidiyyətinə
nail ola bilir. Başqa məxluqatın bir saniyə belə vaxtı yoxdur ki, xilqətin
təbii axarından kənara çıxsın. Heyvanları və bitkiləri təqlid etməyə çalışan
tərki-dünya rahiblər anlamırlar ki, Tibetdə onların sadəcə maddi bədənləri
qurtulur - hansı ki, fanidir və yaxın zamanda çürüyərək, yenidən torpaq olacaq.
Lakin onların xilqəti insandır. İnsan isə məsum ola bilməz.
Məsum olmamağın isə iki başı vardır. Biri gözəllik, digəri çirkinlik. İnsanın
yaratdığı gözəllik təbiətin məsum gözəlliyindən fərqlidir. Lakin onları
birləşdirən bir şey var; ikisi də fədakarlıq bəhrəsidir.
Tam olaraq xilqəti ifadə edən yaradıcılıq ünsürləri də var ki, onlar
məsumiyyətə və əzələ daha yaxındırlar. Rənglər, səslər, sözlər və digər
vasitələr Tanrını yamsılamaqdan çıxıb, daha uzaqlara yol alır. Tanrını
yamsılamaq və onu bilinən notlarla ifadə etmək gözəl olsa da bir qədər
dayazdır. Halbuki təkcə bilinənlər yox, bilinməyənlər də Tanrıdır. Sebastiyan
Bax bəlli həvadisi gözəlliyin heyrətamiz simmetriyasına bürüyərək, bir daha
ortaya çıxardı. Amadey Motsart kainatı insana yaxınlaşdırdı, ancaq hər
ikisindən qorxaraq, dəhşətli müəmmaya imza atdı. Lüdviq Van Bethoven isə
Tanrının simmetriyasını pozdu. Birdəfəlik hər şeyi insana verdi, üstəlik
Tanrını bir az da borclu etdi insana. Lakin xilqət qaçılmaz bir çənbər olduğu
üçün pozulan hər simmetriyanın müəllifi yenə də o simmetriyanı yaradandır.
Fərdi heyrət məqamı dərinləşdikcə, insanı Tanrıdan seçmək çətinləşir. Həllac
Mənsur "Ənəlhəq" dediyi zaman ətrafdakılar Allahı insandan seçə
bilmədilər. Çünki heyrət məqamı o qədər möhtəşəm idi ki, ortada nə Allah
qalmışdı, nə insan! İnsanın ən ali məqamı insanlıq məqamını tərk etdiyi zaman
gerçəkləşir. Xilqət məqamlarla ayrıldı, sevgiylə birləşdi. Yaradanlıq
keyfiyyəti insan xilqətinin mayasına qatılmış nurdur. Allahın hər kəsdən
gizlətdiyini, lakin hər kəsə açıb demək istədiklərini insan xilqəti
gerçəkləşdirdi. Heç kəsin götürə bilmədiyi, təkcə insana yüklənən əmanət elə
budur. O əmanətin adı Sirrullahdır! Kainatın axını sirr deyil. Sirr olan bu
axının mahiyyəti və hədəfidir ki, o da ikinci bir yaradıcılıqla, yəni insan
ağlı, insan qəlbi, insan əli, insan səsi, insan sözü ilə mümkün olur. Mövlana
Rumi həzrətləri demişkən, başqa bir şey yox, ancaq insan arzulayıram!
Fəxrəddin Salim