AZE | RUS | ENG |


Yaqlandın vəzifəsinin nədən ibarət olduğu onun yadına salınmalıdır

Yaqlandın vəzifəsinin nədən ibarət olduğu onun yadına salınmalıdır
Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir

Avropa Şurası dəfələrlə müxtəlif məsələlərlə bağlı Azərbaycana təzyiqlər göstərib. Lakin məsələnin mahiyyəti dəfələrlə AŞ rəsmilərinin diqqətinə çatdırılsa da, bilərəkdən və ya təsir altında olmaları səbəbindən bunu görməzlikdən gəlirlər. Necə ki, bu günlərdə "siyasi məhbus” kimi qələmə verilən REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Azərbaycana qarşı növbəti təzyiq mexanizmləri işə salınmaqdadır. Belə ki, Avropa Şurasının Baş katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən "siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL-ın rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə ölkəmizə qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yagland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu da son nəticədə ölkəmizin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Heç şübhəsiz ki, bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir.

Onu qeyd edək ki, quruma üzv olduğu dövrdən indiyədək Azərbaycan AŞ-da daim təzyiqlə, ikili standartlarla üzləşib. Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti heç də uzaq tarix deyil. Krım məsələsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan fərqli olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin gözdənsalma kampaniyası və digər məsələlər bunun bariz nümunəsidir.

Təəssüf doğurucu haldır ki, son illər AŞPA islamofob meyllərin "qalib gəldiyi”, müsəlman ölkələrə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrilib. Necə ki, Türkiyəyə və Azərbaycana qarşı təzyiqləri buna nümunə göstərə bilərik. O cümlədən təşkilatın müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdən dairələrin mənafeyinə xidmət etdiyi artıq şübhə doğurmur.

Haqlı olaraq sual yaranır ki, hansı səbəbdən Azərbaycana qarşı hücumlar təşkil edilir və niyə qərəzli addımlar atılır? Təbii ki, bunun bir neçə səbəbi var. Bu səbəblərdən biri və ən başlıcası  Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasətinin bəzi Qərb dairələrində və o cümlədən AŞ-də qıcıq doğurmasıdır. Digər məsələlərdən biri multikultural dəyərlər və tolerantlıq nümunəsi olan Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Məhz bu səbəbdən ölkəmiz islamofobiyanın gücləndiyi AŞ-da xüsusi ittiham hədəfinə çevrilib. 

Azərbaycanın dünyada artan nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol da heç şübhəsiz ki, AŞ-dakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir. Məhz bu səbəbdən Azərbaycana təzyiq və təsir etmək üçün AŞ-dəkı bəzi qüvvələr müxtəlif bəhanələr və iftiralarla ölkəmizi hədəfə çevirmək istəyir. Budəfəki bəhanə isə hansısa problemli məhbuslardır. 

Necə ola bilər ki, 10 min qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun?

Təbii ki, bu, baş katib Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir.

Bütövlükdə, Azərbaycan Avropa Şurasına üzv olması ondan irəli gəlirdi ki, bu təşkilat ölkəmizin problemlərinin həllinə bu və ya digər dərəcədə köməklik göstərəcək. Amma təəssüflər olsun ki, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?

Bu müddət ərzində Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb. Azərbaycan isə AŞ-a üzv olmaqla Qərbə inteqrasiya siyasətinin əvəzində, davamlı təzyiq, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. 

Əslində Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar düşünməlidirlər ki, bu təşkilat Azərbaycana çox lazımdır, yoxsa Azərbaycan ona! Təbii ki, Azərbaycan bu quruma üzv olmadan belə demokratik ənənələrə uyğun inkişaf edə bilər. Yəni, Azərbaycanın bu qurumdan çıxacağı halda itiriləsi heç nəyi yoxdur. Əksinə, Avropa Cənubi Qafqaz kimi strateji əhəmiyyətə malik regiondakı güclü tərəfdaşını və beləliklə də öz maraqlarının təminatını itirə bilər. Buna görə də Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Eyni zamanda, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və ümumiyyətlə, İslam dünyasına qarşı ədalətsiz mövqeyini, onları hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

Məhz bu amili nəzərə alaraq, Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidirlər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, heç kim Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqlanda təşkilatın hansısa üzvünü bu qurumdan çıxarmaqla bağlı hədələmək hüququ verməyib: "Yaqlandın baş katib kimi vəzifəsi təşkilatla üzv ölkələr arasında münasibətləri tənzimləməkdir. Onun Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzərində "prokuror" nəzarətini həyata keçirməsi yolverilməzdir. Bu, AŞ-nın nizamnaməsinə ziddir və  müəyyən dairələr bu addımı ilə Azərbaycanı "cəzalandırmaq” istəyirlər. Yəqin ki, Yaqlandın vəzifəsinin nədən ibarət olduğu onun yadına salınmalıdır. Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirməsi Avropanın müəyyən dairələrinin xoşuna gəlmir”.

Azərbaycanın üzərinə götürdüyü bütün vəzifələri yüksək səviyyədə həyata keçirdiyini, təşkilatın siyasətini müəyyənləşdirən ölkələrdən biri olduğunu xatırladan deputatın sözlərinə görə, Azərbaycanın neft müqavilələri ilə bağlı sərbəst mövqeyi, gəlirlərini sərbəst şəkildə Azərbaycan xalqının maraqlarına uyğun istifadə etməsi müəyyən dairələrin iqtisadi maraqlarına toxunur.

A.Mirzəzadə hesab edir ki, T.Yaqlandın bu addımı Azərbaycanla AŞ arasında münasibətlərin soyumasına səbəb ola bilər: "Çox təəssüf ki, Avropanın müəyyən dairələrinin antitürk siyasəti bu gün Avropanın müxtəlif regional təşkilatlarının məmurlarının da hərəkətlərində özünü bariz şəkildə göstərir. Bu cür hərəkətlərin məqsədi Azərbaycanı qorxutmaqdır”.

Deputat qeyd edib ki, Azərbaycanın onların diqtəsi ilə hərəkət etməsi mümkün deyil. Onun sözlərinə görə, Azərbaycan demokratiyanın və insan hüquqlarının qorunması yolunu şüurlu surətdə seçib və bundan sonra da bu istiqamətdə siyasətini davam etdirəcək. Azərbaycanı hədələmək, Azərbaycanı hansısa dairələrin maraqlarına uyğun olaraq, siyasət aparmağa məcbur etmək isə heç zaman mümkün olmayacaq.

Milli Məclisin deputatı Musa Qasımlı isə qeyd edib ki, Azərbaycanın Avropa Şurasından (AŞ) çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər. Deputat hesab edir ki, beynəlxalq və regional təşkilatlarda çalışan bəzi şəxslər Azərbaycanla hökm, təzyiq dili ilə danışmamalıdırlar: "Beynəlxalq və regional təşkilatlarda çalışan bəzi şəxslərin Azərbaycanla hökm, təzyiq dili ilə danışma haqları yoxdur. Azərbaycan ilə əməkdaşlıq etməkdə fayda var. Azərbaycanın Avropa Şurasından çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər. Ən azı, Rusiya ilə olan münasibətlərin təcrübəsini xatırlamalıdırlar. Həm də Yaqland bütün Avropa Şurası demək deyil”.

Azad
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000