• cümə axşamı, 28 mart, 15:58
  • Baku Bakı 16°C

“Yaqlandın fikirləri qərəzlidir”

06.11.14 10:43 1332
“Yaqlandın fikirləri qərəzlidir”
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Böyük Britaniyanın “Qardian” qəzetində Azərbaycanla bağlı tənqidi məqalə ilə çıxış edib. Halbuki, bu məqalədən öncə, baş katib Avropa Şurasının rəsmi saytına açıqlamasında Azərbaycanda insan haqlarının qorunması sahəsində aparılan işləri dəstəklədiyini bildirib. Lakin cəmi bir gün sonra “Qardian” qəzetində xüsusi məqalə ilə çıxış edərək bu dəfə tənqidi fikirlərə üstünlük verib. Bu isə onu bir daha sübut edib ki, T.Yaqlandın timsalında Avropa institutları Azərbaycanla bağlı məsələlərdə səmimi deyillər.
Qeyd olunan məsələyə Azərbaycan ictimaiyyəti, o cümlədən millət vəkilləri də öz narazılıqlarını bildiriblər. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə T.Yaqlandı şəxsən tanıdığını, onunla Avropa Şurasında bir neçə dəfə görüşdüyünü, Azərbaycana dair fikir mübadiləsi apardığını vurğulayıb. Qeyd edib ki, Yaqlandın birdən-birə Böyük Britaniya mətbuatında məqalə ilə çıxış etməsi, ölkəmizlə bağlı tənqidi fikirlər səsləndirməsi yerində olan məsələ deyil. Millət vəkilinin sözlərinə görə, məhz Yaqlandın zəngi və xahişi ilə Azərbaycan Prezidenti tərəfindən Azərbaycanda İnsan Haqları üzrə Birgə İşçi Qrupu fəaliyyətini yenidən bərpa edib, hətta Avropa Şurasının əməkdaşı, baş katibin siyasi məsələlər üzrə departament rəhbəri Aleksandr Gesser də həmin İşçi Qrupunda müşahidəçi qismində təmsil olunur. Ç.Qənizadə belə bir razılaşmadan sonra T.Yaqlandın Azərbaycana dair tənqidi fikirlər səsləndirməsinə tərəfdarı olmadığını bəyan edib: “Hər bir ölkədə müəyyən pozuntu halları, mübahisəli məsələlər ola bilər. Belə olmasaydı, o zaman Avropa Məhkəməsinə nə ehtiyac vardı? Azərbaycanda müəyyən islahatlar gedir, məhkəmə hakimiyyətində 3 pilləli sistem yaradılıb, yeni kadr potensialı formalaşdırılıb və sair. Məhkəmə islahatlarında vətəndaş cəmiyyəti təmsilçiləri və millət vəkili kimi biz də müşahidəçi qismində iştirak edirik. Birdən-birə Azərbaycanda məhkəmə hakimiyyətinin pisləşməsi barədə fikirlərin səsləndirilməsi Birgə İşçi Qrupun ümumi işinə zərər vura bilər”.
Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı 4 qanunvericilik aktına əlavə və düzəlişlərin edilməsi barədə təkliflərin müəllifinin özü olduğunu diqqətə çatdıran Ç.Qənizadə bununla QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq hər hansı addım atılmadığını vurğulayıb. Deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün heç bir maneə yoxdur: “Əgər belə olmasaydı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılmaz, QHT layihələrinin maliyyələşdirilməsi üçün milyonlarla vəsait ona ayrılmazdı. Qanunların yeganə tələbi budur ki, xarici donorların Azərbaycan QHT-lərinə etdiyi yardımların şəffaflığı təmin edilsin. Bu, dövlətin milli maraqları ilə üst-üstə düşür. Biz müharibə şəraitində yaşayırıq, ərazilərimizin 20 faizi Ermənistan işğalı altındadır. Bəzi xarici donor təşkilatlar Azərbaycandakı vətəndaş cəmiyyətinin üzvləri ilə hər hansı fonda müqavilə bağlasalar da pərdə arxasında müəyyən tapşırıqların həyata keçirilməsini tövsiyə edirlər. Belə addımlar isə son nəticədə ölkəmiz əleyhinə fəaliyyətə çevrilir, milli maraqlara zidd olur. Təbii ki, bunu tənzimləmək lazım idi. Kim, hansı təşkilat nə qədər pul alacaq, bu pullar hara xərclənəcək, bax bunlar şəffaf şəkildə olmalıdır. Avropa Şurasında görüş zamanı mən bütün bunlar barədə cənab Yaqlandla da fikir mübadiləsi aparmışam. Söz və mətbuat azadlığı ilə bağlı isə ümumiyyətlə heç nəyi irad tutmaq mümkün deyil. Azərbaycanda kifayət qədər ənənəvi mətbuat və elektron media, sosial şəbəkələr fəaliyyət göstərir. Belə olan halda cənab Yaqlandın QHT-lərin boğulması, söz-mətbuat azadlığının məhdudlaşdırılması barədə səsləndirdiyi arqumentləri tələskən fikirlər hesab edirəm”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa T.Yaqlandın Azərbaycana həsr etdiyi məqaləyə, orada səsləndirilən tənqidi fikirlərə münasibət bildirərkən Avropa Şurası baş katibinin ermənilərə yaxınlığına diqqət çəkib. Bildirib ki, baş katib AŞPA-da Dağlıq Qarabağla bağlı alt komitənin yaradılmasına qarşı çıxan əsas şəxslərdəndir: “Ola bilsin Avropa baxımından Azərbaycanda baş verən proseslərə münasibətdə baş katib müəyyən nəticələrə gəlib. Amma bütövlükdə onun Azərbaycana münasibəti hər zaman qərəzli olub. Məsuliyyətlə onun ermənilərlə əlaqələrinin olduğunu deyə bilərəm. Dağlıq Qarabağla bağlı alt komitənin açılması məsələsinə ən çox qarşı çıxan şəxs idi. Hətta onun çıxışının ermənilər tərəfindən gündəliyə salındığına da şübhə etməmək lazımdır. Onun mövqeyi bütövlükdə Azərbaycanın əleyhinədir. Azərbaycanda istər qanunverici, istərsə də əməli fəaliyyətdə QHT-lərlə bağlı nöqsanlar var. Amma eyni zamanda dövlət dəstəyi kimi müsbət hallar da var. Bunu Avropa məkanında qərəzsiz təhlil etmək daha yaxşı olardı”.
Millət vəkili Fəzail İbrahimli isə Avropanın, Amerikanın, eləcə də dünyada demokratiyadan dəm vuranların insan haqlarından danışmağa haqlarının olmadığını bəyan edib. Bildirib ki, bu gün Yaxın Şərqdəki müharibələri demokratiyadan, insan haqlarından danışanlar törədirlər: “Azərbaycanın haqları pozulan bir milyon qaçqın və məcburi köçkünü var. İnsan haqlarından danışanlar bu qaçqınları, məcburi köçkünləri, qaçqın həyatında doğulub böyüyən uşaqların hüquqlarını unutmasınlar. Azərbaycanın bir dövlət kimi sərhədləri pozulub, əraziləri işğal olunub. Bunlardan danışsınlar. Sonra fərdlərə gələrik. Amma onlar özlərinə sərf edənləri, erməni lobbisinin yedəyində gedənləri qabağa çəkirlər. Buna görə də insan haqları iddiaları gülünc görünür. Bu dünyada kim güclüdürsə o diktə edir. İnsan haqlarını pozanlar bu mövzudan ən çox danışanlardır. Hansısa ermənidən pul alıb yazmaqla iş bitmir. Əsl reallığı danışmalıdırlar”.
Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov da baş katibin açıqlamalarının həqiqətə uyğun olmadığnı deyib: “Azərbaycan Avropa Şurasının üzvüdür və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Mən Avropa Şurasının baş katibinin Azərbaycanla bağlı belə bir fikirlərinə çox təəssüf edirəm. Azərbaycana qarşı yanaşmada ikili standartlar həyata keçirilir. Avqopa Şurası öncə Azərbaycan hökumətinə təklif edir ki, İşçi Qrup yaradılsın. Qrup fəaliyyətə keçəndən sonra Azərbaycanla bağlı belə açıqlamalar verir. Bu mövqe Azərbaycana qarşı təzyiq vasitəsidir və belə mövqe nümayiş etdirmək heç bir məntiqə sığmır. Cənab Yaqland yaxşı bilməlidir ki, Azərbaycanla təzyiq dili ilə danışmaq qəbul olunmazdır”.
F. Muradov qeyd edib ki, digər ölkələrdə olan çox ciddi problemlərə göz yumulduğu halda Azərbaycana qarşı belə münasibət ortaya qoyulması suallar doğurur: “Əgər Azərbaycanla bağlı məsələləri gündəmə gətirmək istəyirlərsə, o zaman işğal altında olan topraqlarımızın məsələsini qabartsınlar, qaçqın və məcburi köçkünlərimizin pozulan hüquqlarının müdafiə məsələlərini gündəmə gətirsinlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər