Yaqlandın dedikləri ictimai rəyi çaşdırmağa hesablanıb
Azərbaycanın Avropa təsisatlarına üzvlüyü müstəqilliyin bərpasında
sonrakı dövrlərə təsadüf edir. Əslində bu qurumlara üzvlük heç də təsadüfü
deyildi. Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad etmək üçün
Avropadakı qurumlara güvənərək müraciətlər ünvanlayırdı. Lakin görünən odur ki,
bütünlüklə Avropa Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ
məsələsinin həllində laqeyd münasibət sərgiləyir. Əksinə, heç ara vermədən
demokratiya, insan hüquqları, şəffaf seçkilər adı altında Azərbaycana təzyiq
göstərməyə çalışır. Halbuki, Avropa qurumları Ermənistanın işğal etdiyi Dağlıq
Qarabağdan və ətraf rayonlardan didərgin düşən bir milyondan artıq insanın
haqqını tanımalıdır. Avropalılar hətta Ermənistanla bağlı özlərinin qəbul
etdiyi qətnamələrin, qərarların icrasını belə tələb etmirlər. Bu amil onu
göstərir ki, özünü demokratik dəyərlər carçısı kimi təqdim edən Avropa əslində
Azərbaycana qərəzli, ikili standartlarla yanaşır. Belə olmasaydı, bu günlərdə
Avropa Şurasının baş katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarına
əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM)
qərarına rəğmən "siyasi məhbus” kimi qələmə verilən və azadlığa
buraxılması tələb olunan REAL-ın rəhbəri İlqar Məmmədovu azadlığa
buraxılmadığına görə ölkəmizə qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə
çağırış etməzdi. Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yagland
Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq
olunmasını istəyib ki, bu da son nəticədə ölkəmizin Avropa Şurasından
çıxarılmasına gətirib çıxara bilər.
Halbuki Yaqland bir neçə dəfə Prezident İlham Əliyevlə görüşərək
problemli məhbuslar və digər məsələlər barədə müzakirələr aparıb. AŞ-ın baş
katibinin yaranmış vəziyyəti Azərbaycan rəsmiləri ilə müzakirə etmək imkanı olduğu
halda, belə bir addım atması suallar doğurur.
Milli Məclisin deputatı,
politoloq Rasim Musabəyov bildirdi ki, Yaqlandın Azərbaycanla bağlı
səsləndirdiyi təklifi Avropa Şurası Nazirlər Komitəsindən dəstək almayacaq:
"Yaqland bunu təklif kimi səsləndirə bilər, amma onun qərar vermək səlahiyyəti
yoxdur. Əslində siyasi təzyiqləri digər dövlətlərə də edirlər, lakin bu dəfə bu
mövzuda diqqət mərkəzində Azərbaycan oldu. Avropa İnsan Haqları Məhkəməsinin
çıxardığı minlərlə qərarlar var ki, onlar icra olunmur. Ancaq Yaqland nümunə
kimi Azərbaycanı cəzalandırmaq fikrinə düşüb. Hesab edirəm ki, Avropa Şurası
baş katibinin buna gücü çatmayacaq və Nazirlər Komitəsində Yaqlandı
dəstəkləməyəcəklər”.
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki,
Yaqlandın dedikləri sadəcə olaraq, ictimai rəy yaratmağa hesablanıb:
"Azərbaycanın Avropa Şurasından çıxarılması üçün bir xeyli məqamlar öz həllini
tapmalıdır. Yəni, Azərbaycan Avropa Şurası qarşısında öhdəliklər götürüb.
Ümumiyyətlə, Avropa Şurası dövlətlərarası qurum olduğuna görə onun da
Azərbaycan qarşısında öhdəlikləri və vəzifələri var. Bir ölkənin bu qurumdan
çıxarılması üçün öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məsələsi müzakirə
olunmalıdır. Bu, bir anda - Yaqland dedi deyə, dərhal müzakirəyə çıxarılıb,
həllini tapa biləcək məsələ deyil. Burada sadəcə olaraq, Azərbaycanın üzərinə
hücuma keçmək üçün bir işarət görürəm. Bizə bəlli olan Qərbdəki müəyyən
dairələr müxtəlif vaxtlarda bu tip fikirlər səsləndirir, xarici medianı ayağa
qaldırırlar ki, Azərbaycana hücumlar edilsin. Bu hücumların arxasında təbii ki,
bəlli qüvvələr var. Həmin qüvvələrin məqsədi Azərbaycan kimi öz ayaqları
üzərində dura bilən dövləti gözdən salmaqdır”.
A.Həsrət qeyd etdi ki, Azərbaycanın Avropa Şurasından çıxarılması elə
də asan məsələ deyil: "Digər tərəfdən, biz baxmalyıq ki, ümumiyyətlə Avropa
Şurası bizə lazımdır, yoxsa Azərbaycan Avropa Şurasına lazımdır? İndiki
şəraitdə Azərbaycan Avropa Şurasına daha çox lazımdır, nəinki Avropa Şurası
Azərbaycana. Çünki Azərbaycan şərqlə qərbin, İslam aləmi ilə Avropanın arasında
bir körpüdür. Bütövlükdə ölkəmiz multikulturalizm və tolerantlıq modeli olaraq
Avropaya çox gərəklidir. Düşünürəm ki, Yaqland sadəcə fikrini səsləndirib və
əslində bununla o, çox da uzağa gedə bilməyəcək. Azərbaycanın Avropa Şurasında
çıxarılması məsələsi də çox güman ki, müzakirə olunmayacaq”.
CASCFEN sədri Yaqlandın təklifinin öz təşəbbüsü olmadığını da düşünür:
"Bilirsiniz ki, Avropa Şurası baş katibi dəfələrlə prezident İlham Əliyevlə
görüşüb. İndi də dövlət başçısı ilə görüşmək imkanı var və arzu etdiyi zaman
Azərbaycan prezidenti ilə məsələləri müzakirə edə bilər. Hətta Prezident İlham
Əliyev bu kimi məsələlərdə o qədər həssasdır ki, avropalı məmurlar, yaxud da
beynəlxalq təşkilatın nümayəndələri ondan konkret xahişlər də edə bilərlər. Amma
düşünürəm ki, bu təxribat cəhdinin arxasında Azərbaycana qarşı olan qüvvələr
var. Avropada tanınan bir siyasətçi olan Yaqlandın birdən-birə belə bir
təkliflə çıxış etməsi artıq başqa məqamlardan xəbər verir. Danışmaq, görüşmək,
müzakirə etmək imkanı varsa, əvvəlcə bu imkanlardan istifadə edilməli idi. Amma
Yaqland bu imkanlardan istifadə etməyə cəhd belə göstərmir və bu cür açıqlama
verir”.
Bəxtiyar MƏMMƏDLİ