AZE | RUS | ENG |


Yaqlandın dedikləri ictimai rəyi çaşdırmağa hesablanıb

Yaqlandın dedikləri ictimai rəyi çaşdırmağa hesablanıb
Ekspertlərin fikrincə, baş katibin Azərbaycanla bağlı səsləndirdiyi təklif Avropa Şurası Nazirlər Komitəsindən dəstək almayacaq

Azərbaycanın Avropa təsisatlarına üzvlüyü müstəqilliyin bərpasında sonrakı dövrlərə təsadüf edir. Əslində bu qurumlara üzvlük heç də təsadüfü deyildi. Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad etmək üçün Avropadakı qurumlara güvənərək müraciətlər ünvanlayırdı. Lakin görünən odur ki, bütünlüklə Avropa Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həllində laqeyd münasibət sərgiləyir. Əksinə, heç ara vermədən demokratiya, insan hüquqları, şəffaf seçkilər adı altında Azərbaycana təzyiq göstərməyə çalışır. Halbuki, Avropa qurumları Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşən bir milyondan artıq insanın haqqını tanımalıdır. Avropalılar hətta Ermənistanla bağlı özlərinin qəbul etdiyi qətnamələrin, qərarların icrasını belə tələb etmirlər. Bu amil onu göstərir ki, özünü demokratik dəyərlər carçısı kimi təqdim edən Avropa əslində Azərbaycana qərəzli, ikili standartlarla yanaşır. Belə olmasaydı, bu günlərdə Avropa Şurasının baş katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən "siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL-ın rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə ölkəmizə qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırış etməzdi. Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yagland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu da son nəticədə ölkəmizin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. 

Halbuki Yaqland bir neçə dəfə Prezident İlham Əliyevlə görüşərək problemli məhbuslar və digər məsələlər barədə müzakirələr aparıb. AŞ-ın baş katibinin yaranmış vəziyyəti Azərbaycan rəsmiləri ilə müzakirə etmək imkanı olduğu halda, belə bir addım atması suallar doğurur.  
 
 

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Yaqlandın Azərbaycanla bağlı səsləndirdiyi təklifi Avropa Şurası Nazirlər Komitəsindən dəstək almayacaq: "Yaqland bunu təklif kimi səsləndirə bilər, amma onun qərar vermək səlahiyyəti yoxdur. Əslində siyasi təzyiqləri digər dövlətlərə də edirlər, lakin bu dəfə bu mövzuda diqqət mərkəzində Azərbaycan oldu. Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı minlərlə qərarlar var ki, onlar icra olunmur. Ancaq Yaqland nümunə kimi Azərbaycanı cəzalandırmaq fikrinə düşüb. Hesab edirəm ki, Avropa Şurası baş katibinin buna gücü çatmayacaq və Nazirlər Komitəsində Yaqlandı dəstəkləməyəcəklər”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, Yaqlandın dedikləri sadəcə olaraq, ictimai rəy yaratmağa hesablanıb: "Azərbaycanın Avropa Şurasından çıxarılması üçün bir xeyli məqamlar öz həllini tapmalıdır. Yəni, Azərbaycan Avropa Şurası qarşısında öhdəliklər götürüb. Ümumiyyətlə, Avropa Şurası dövlətlərarası qurum olduğuna görə onun da Azərbaycan qarşısında öhdəlikləri və vəzifələri var. Bir ölkənin bu qurumdan çıxarılması üçün öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məsələsi müzakirə olunmalıdır. Bu, bir anda - Yaqland dedi deyə, dərhal müzakirəyə çıxarılıb, həllini tapa biləcək məsələ deyil. Burada sadəcə olaraq, Azərbaycanın üzərinə hücuma keçmək üçün bir işarət görürəm. Bizə bəlli olan Qərbdəki müəyyən dairələr müxtəlif vaxtlarda bu tip fikirlər səsləndirir, xarici medianı ayağa qaldırırlar ki, Azərbaycana hücumlar edilsin. Bu hücumların arxasında təbii ki, bəlli qüvvələr var. Həmin qüvvələrin məqsədi Azərbaycan kimi öz ayaqları üzərində dura bilən dövləti gözdən salmaqdır”.
 
 

A.Həsrət qeyd etdi ki, Azərbaycanın Avropa Şurasından çıxarılması elə də asan məsələ deyil: "Digər tərəfdən, biz baxmalyıq ki, ümumiyyətlə Avropa Şurası bizə lazımdır, yoxsa Azərbaycan Avropa Şurasına lazımdır? İndiki şəraitdə Azərbaycan Avropa Şurasına daha çox lazımdır, nəinki Avropa Şurası Azərbaycana. Çünki Azərbaycan şərqlə qərbin, İslam aləmi ilə Avropanın arasında bir körpüdür. Bütövlükdə ölkəmiz multikulturalizm və tolerantlıq modeli olaraq Avropaya çox gərəklidir. Düşünürəm ki, Yaqland sadəcə fikrini səsləndirib və əslində bununla o, çox da uzağa gedə bilməyəcək. Azərbaycanın Avropa Şurasında çıxarılması məsələsi də çox güman ki, müzakirə olunmayacaq”. 

CASCFEN sədri Yaqlandın təklifinin öz təşəbbüsü olmadığını da düşünür: "Bilirsiniz ki, Avropa Şurası baş katibi dəfələrlə prezident İlham Əliyevlə görüşüb. İndi də dövlət başçısı ilə görüşmək imkanı var və arzu etdiyi zaman Azərbaycan prezidenti ilə məsələləri müzakirə edə bilər. Hətta Prezident İlham Əliyev bu kimi məsələlərdə o qədər həssasdır ki, avropalı məmurlar, yaxud da beynəlxalq təşkilatın nümayəndələri ondan  konkret xahişlər də edə bilərlər. Amma düşünürəm ki, bu təxribat cəhdinin arxasında Azərbaycana qarşı olan qüvvələr var. Avropada tanınan bir siyasətçi olan Yaqlandın birdən-birə belə bir təkliflə çıxış etməsi artıq başqa məqamlardan xəbər verir. Danışmaq, görüşmək, müzakirə etmək imkanı varsa, əvvəlcə bu imkanlardan istifadə edilməli idi. Amma Yaqland bu imkanlardan istifadə etməyə cəhd belə göstərmir və bu cür açıqlama verir”.
 
Bəxtiyar MƏMMƏDLİ  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001