• cümə, 29 Mart, 03:26
  • Baku Bakı 7°C

Yaponlardan məsləhət alacağıq

23.04.14 14:49 1249
Yaponlardan məsləhət alacağıq
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) və Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, müqaviləyə əsasən, “Marubeni Corporation” şirkəti Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradılması ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərəcək.
Sənədə uyğun olaraq, “Marubeni Corporation” bu sahədə Azərbaycanda xammal bazasını araşdıracaq, dəmir filizi hasilatı və polad istehsalında müasir texnologiyaların tətbiqi, istehsal oluna biləcək məhsulların çeşidi barədə təkliflər verəcək, ölkə və region üzrə, eləcə də perspektivli hesab olunan digər bazarları təhlil edəcəkdir. Məsləhətçi şirkət həmçinin, polad istehsalı kompleksində istehsal ediləcək müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli məhsulların iqtisadiyyatın müxtəlif sahələrində - tikinti, maşınqayırma, neft sənayesi, eləcə də strateji istiqamətlər olan hərbi sənaye, gəmiqayırma sahələrində istifadə imkanları barədə müvafiq təkliflər hazırlayacaqdır.
Qeyd edək ki, 1858-ci ildə təsis edilmiş və dünyada tanınmış Yaponiyanın “Marubeni Corporation” şirkəti metallurgiya, mineral resursların işlənilməsi, sənaye və nəqliyyat maşınqayırması, kimya və digər sənaye sahələrində böyük təcrübəyə malikdir. 65 ölkədə 120 filiala, nümayəndəliyə və törəmə şirkətlərə malik “Marubeni Corporation”da ümumilikdə 34 minə yaxın işçi çalışır. Təkcə 2012-cü ildə şirkətin illik dövriyyəsi 126 mlrd. ABŞ dolları təşkil etmişdir. Şirkət tərəfindən Türkiyə, Kanada, Çili və Avstraliyada metallurgiya müəssisələrinin tikintisi və yenidənqurulması üzrə uğurlu layihələr həyata keçirilmişdir. 2002-2012-ci illər ərzində şirkət tərəfindən Türkiyə və İranda metallurgiya sahəsində 8 müəssisənin tikilməsində və ya yenidən qurulmasinda iştirak etmişdir. “Marubeni Corporation” tərəfindən son 2 ildə sənayenin müxtəlif sahələrinə, nəqliyyat və kənd təsərrüfatına 10 mlrd. ABŞ dollarından çox investisiya yatırılmışdır. Şirkətin investisiya yatırdığı ölkələr arasında ABŞ, Çin, Almaniya, Tailand və s. ölkələr vardır.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər