AZE | RUS | ENG |

Yaponlar deyirdilər ki, «Azərbaycan» sözü bizə meyvə-tərəvəzi xatırladır

Yaponlar deyirdilər ki, «Azərbaycan» sözü bizə meyvə-tərəvəzi xatırladır
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti 10 ildir ki, fəaliyyət göstərir. Cəmiyyətin rəhbəri Rəhman Şahhüseynli redaksiyamızda qonaq olarkən Cəmiyyətin gündoğar ölkədə Azərbaycan adına gördüyü işlərlə bərabər, yeni layihələrindən də söhbət açdı.

Yenidən geriyə...

- Yaponiya oxumağa getmişdiniz. 11 il orada qalıb yaşamağınıza səbəb nə oldu?
- 2002-2004- cü illərdə Yaponiyada magistratura təhsili almışam. Ondan əvvəl isə Türkiyədə oxumuşam. Türkiyə həyatımda tramplin rolu oynayıb. O vaxt Azərbaycan Asiya İnkişaf Bankına təzəcə üzv olmuşdu. Azərbaycandan həmin təqaüdü alan ilk tələbə oldum. İki il magistraturada oxuduqdan sonra beynəlxalq münasibətlər üzrə doktoranturada təhsilimi davam etdirdim. Yaponiyanın Beynəlxalq Hongo Fondu hər il 20 nəfər tələbəyə təqaüd verir. Orada da şanslı oldum- həmin təqaüdü alan tələbələrdən biri oldum. Asiya İnkişaf Bankı tərəfindən də 66 ölkədən 2 nəfər təqaüdçü seçildi ki, onlardan biri də mən idim. İnstitutu bitirəndən sonra Azərbaycana qayıtdım və buradakı iş imkanları ilə tanış oldum. Amma orada həm öz ölkəmə, həm karyerama, həm də yapon cəmiyyətinə daha çox töhfə verəcəyim qənaətinə gəlib yenidən geriyə qayıtdım. Hazırda Doşişa Universitetində sülh və konflikt sahəsi üzrə dərs deyirəm. Həmçinin Osaka da Minoh bələdiyyəsində təhsil məsələləri üzrə işləyirəm. O cümlədən, ictimai fəaliyyətlə məşğulam. İctimai işimi elmi fəaliyyətimin tərkib hissəsinə çevirməyə çalışıram. Hansısa bir layihə həyata keçirəndə ora Azərbaycanla bağlı bir bənd daxil etməyə çalışıram. Ya Qarabağ problemi, ya regionun siyasətində Azərbaycanın rolu və çəkisi və ya beynəlxalq münasibətlərdə Qafqazın rolu və s. mövzulara toxunuram.
-Yeri gəlmişkən, yapon cəmiyyətində bələdiyyələrin rolu nədən ibarətdir?
- Yaponiyada bələdiyyə yerlərdə bütün işləri həyata keçirməlidir. Məsələn, təhsillə, tibblə bağlı, təmizlik işləri, ümumiyyətlə, yaşayış üçün nə lazımdırsa, bələdiyyə təşkil edir. Bu, onların vəzifəsidir. Hər bələdiyyənin təhsil şöbəsi də fəaliyyət göstərir. Mən də həmin təhsil şöbəsinin ingilis dili departamentində supervayzerəm.

Onlarla işbirliyi qursaq...

-Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti ideyası hansı zərurətdən yarandı?
- Əvvəla, Yaponiyada Azərbaycanı tanımırdılar. Yaponiyaya ilk dəfə gələndə gömrükdə pasportuma baxdılar və Azərbaycanı tanımadılar. Ölkəmi tanımamaları mənə pis təsir etdi. Sonra gördüm ki, ümumiyyətlə, Yaponiyada Azərbaycan haqqında məlumat azdır. Ona görə, ölkəmizlə bağlı təşkilat yaratmaq qərarına gəldik. Beləliklə, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti ideyası gündəmə gəldi. Orada da azərbaycanlı olmadığından təsis görüşü keçirməyi qərara aldıq. 2002-ci ilin noyabrın 21-də həmin təşkilatı təsis etdik. Sonra təşkilatlanmış halda Azərbaycanı tanıtmağa, müxtəlif məktəblərdə, universitetlərdə tədbirlər keçirməyə başladıq. Haradasa beynəlxalq sərgi keçirilirdisə, orada iştirak edirdik. Beynəlxalq münasibətlər üzrə doktorluq işim məni Azərbaycan mövzusunu seminarların elmi-praktik mövzusuna çevirməyə yönləndirdi. Azərbaycanın mətbəxini tanıtmaqdan daha çox, ölkəmizi elmi istiqamətdə tanıtmağa üstünlük verdik. 2006-cı ilin iyun ayında Osaka Universitetində təşkil etdiyimiz seminara Yaponiyanın Azərbaycandakı keçmiş səfirini dəvət etdik. Bu seminar universitetdə böyük rezonans yaratdı. Mənim çevrəmdə, yaşadığım Osaka əyalətində Azərbaycan haqqında yaxşı mənada fikir formalaşdı.
- Bu gün Yaponiyada Azərbaycanı nə qədər tanıyırlar?
- Bir dəfə üzvlərimizlə birgə «Azərbaycan deyəndə sizə nə xatırladır?» deyə sorğu aparmışdıq. 78 faiz respondentlər demişdilər ki, “Azərbaycan deyəndə bizə meyvə-tərəvəzi xatırladır. Bu ölkə meyvə və tərəvəzi ilə məşhurdur”. Bu baxımdan fəaliyyətimizi ölkəmizin adını tanıtmaq istiqamətində qurduq. Ondan sonra Azərbaycanın bu regionda da çəkisi artmağa başladı. 2006-cı ildə neft kəməri işə düşdü, mediada tez-tez Azərbaycanın adı hallandı. İndi sorğu aparsaq, yəqin ki, tamam başqa nəticə əldə edərik. Hazırda istəyirəm ki, sırf elmi konfransların mövzusuna çevriləcək problemlərimizdən bəhs edim. Bu həm Yaponların mentalitetinə uyğundur, həm də xoş təəssürat yaratmaq istəyirəm. Ən çox çalışdığım məsələlərdən biri təhsil sahəsində əlaqələrin inkişafıdır. Azərbaycandan Yaponiyaya gələn tələbə mənim üçün böyük bir investisiya deməkdır. Artıq estafeti onlara vermək istəyirəm ki, bu işlə artıq onlar maraqlansınlar. Çox gözləyirəm ki, bizim Dövlət Proqramı ilə tələbələr gəlsinlər, amma hələ o dərəcədə inkişaf yoxdur.
- Hal-hazırda Yaponiyada azərbaycanlıların sayı çoxdurmu?
- Ümumiyyətlə, orada azərbaycanlıların sayı çox azdır. Mən Yaponiyaya təzə gedəndə bizim səfirliyimiz də yox idi. 2005-ci ildə Yaponiyada səfirliyimiz yarandı. Tək-tük gedib-gələnlər yalnız tələbələr, elmi işçilər və biznes sahəsində işləyənlər idi. Ümumiyyətlə, Yaponiyada miqrasiya qanunları çox ciddidir. Orada yaşamaq və yaxud Yaponiyaya səyahət etmək belə çox çətin məsələdir. Orada həm yaşamaq, həm də müvəffəqiyyətə nail olmaq üçün yapon dilini bilmək əsas şərtdir. Yaponiyada ingilis dili bir o qədər işlək deyil. Xarici dilə maraq var, amma öyrənmək qabiliyyəti bizdən fərqli olaraq aşağıdır. Azərbaycanlıların sayına gəldikdə, bu gün bu rəqəm bəlkə də 20 nəfər azərbaycanlı arasında dəyişir. Təqaüdlə gəlib oxuyur və qayıdırlar. Azərbaycanda Yaponiya dövlətinin təqaüd proqramını Yapon səfirliyi həyata keçirir. Biz iki il əvvəl bir heyətlə Bakıya gəldik və bir sıra universitetlərin rektorları ilə görüşlər keçirdik. Çox maraq göstərdilər. Yaponiya dövləti elm və texnika dövlətidir. Sadəcə olaraq, bu bağları qurmaq lazımdır. Yaponiyanın həm elmi, həm texniki, həm də maliyyə baxımından böyük potensialı var. Yaponlar özləri o qədər də təşəbbüs göstərməyə meyilli millət deyillər. Bu, bizim marağımızda olmalıdır. Onları bir növ həvəsləndirmək lazımdır. Biz özümüz onlara bu şansı yaratmalıyıq. Biz onlarla işbirliyi qursaq, təhsil və digər sahələrdə təbii olaraq inkişaf əldə etmiş olarıq.
- Hansı layihə üzərində işləyrsiniz?
- Daxilimizdəki özümüzü tərbiyə etmək, içimizdəki mədəniyyəti inkişaf etdirmək üçün konsepsiya üzərində işləyirəm. “Sülh təhsili” deyilən bir layihədir. İnsanlarla dialoq qurmaq, hörmət, qayda-qanuna riayət etmək mədəniyyəti - insani keyfiyyətlərin toplumuna sülh mədəniyyəti deyirik. Sülh mədəniyyətini formalaşdırmaq üçün sülh təhsilinə ehtiyac var. Yaponlar bunu Mənəviyyat təhsili deyirlər. Bu konsepsiya Yaponiyada yüksək səviyyədə həyata keçirilir. Mən hesab edirəm ki, Yaponiyanın bu səviyyəyə çatmasında sülh təhsili böyük rol oynayır. Layihəmin əsas məqsədi Yaponiyadakı təcrübəni öyrənmək, sırf elmi baxımdan araşdırmaq və Azərbaycana da təklif etməkdir. Bir nüsxəsini də Təhsil Nazirliyinə təqdim edəcəyəm. Bu tədqiqatın yekunlarına yaxınlaşmaqdayıq. Gələn ilin mart ayında Çinin Şanxay şəhərində 1-ci Gələcək Asiya Konfransında layihənin nəticəsini təqdim edəcəyəm. Bu elmi mövzudan bu sahədə az təcrübəsi olan ölkələr yararlana bilərlər. Əminəm ki, bu elmi işin gözəl nəticəsi olacaq.

Sosial rifah ölkəsi

- Yaponiya dövlətinin başqa ölkələrlə tələbə və ya işçi mübadiləsi necə qurulub?
- Mən əslində Yaponiyanın Qafqaz və Orta Asiyadakı maraqlarını araşdırıram. Yaponiyanın Orta Asiya ölkələri ilə əlaqələri güclüdür. Bu da təbii haldır, yəni məsafə baxımından yaxındırlar. Yaponların belə bir fəlsəfəsi var: “qonşularının qonşularını yaxşı tanı və yaxşı münasibət qurmağa çalış”. Onların daha yaxın qonşuları Orta Asiya ölkələridir. Yaponların nə üçün həmin ölkələrə daha çox maraq göstərməsinin bir sıra faktorları var. Amma Orta Asiya ölkələri həm özlərinin, həm də həmin ölkələrin maraqlarına cavab verirlər. Məsələn, Yaponiyadan birbaşa Özbəkistana birbaşa uçmaq olur. Amma Yaponiyadan Azərbaycana və yaxud Qafqaz ölkələrinə birbaşa uçuş hələ ki, yoxdur. Yaponiyanın baş naziri 2006-cı ildə ilk dəfə Özbəkistana və Qazaxıstana səyahət etdi. Ancaq nə region ölkələrinə, nə Yaxın Şərq ölkələrinə Yaponiyanın baş naziri hələ ki, səyahət etməyib. Orta Asiya ölkələrinə olan maraq qabarıq şəkildə görünür. Yaponlar Cənub-Şərqi Asiya ölkələrinə çox böyük yatırımlar edirlər. Yaponiyanın böyük şirkətləri bu ölkələrdə istehsalatla məşğuldurlar. Həm ucuz işçi qüvvəsi, həm də məsafə yaxınlığı baxımından bu onlara sərf edir.
- Ümumiyyətlə, ölkə miqrantları necə qəbul edir?
- Həddindən artıq çətinlik var. Bu da təbiidir. Bilirsiniz ki, dünyada iqtisadi tənəzzül gedir. Yaponiyada böhran hələ bir müddət davam edəcək. Biz bunu çox neqativ qəbul etməməliyik. Böhran deyəndə adətən, Azərbaycanda “insanların əmək haqqı azalır, aclıq başladı” deyə başa düşülür. Söhbət daha yüksək səviyyədə böhrandan gedir. Böhran getdiyinə görə, bunlar miqrasiyada maraqlı deyillər. O mənada ki, xaricilər yaponların iş yerlərini gəlib ala bilər. Bununla yanaşı, başqa bir faktor var: ola bilsin ki, yaxın gələcəkdə Yaponiya bu sahədə yumşaqlıq göstərsin, miqrantları alsınlar. Çünki cəmiyyətdə bir növ yaşlanma gedir. Yaşlı nəsil həddindən artıq çoxdur, cavan nəsil azalmaqdadır. Bu ölkə sosial rifah ölkəsidir. Artıq yaşlı nəslin qayğıları dövlətin üzərindədir. Yaşlı nəslin problemləri gənc nəslin çiyinlərindədir. Yaponiyaya bacarıqlı işçi qüvvəsini cəlb etmək lazımdır. Bu gün Yaponiyada təhsil alan azərbaycanlıların içərisindən qalıb orada işləmək istəyənlər olsa, onlar universiteti bitirənə qədər bu məsələ öz həllini tapa bilər.

Aksioma

- Yaponların özlərinin təhsilə münasibəti necədir?
- Bu ölkədə təhsil həddindən artıq yüksək səviyyədədir. Təhsil gündəlik tələbat məhsulları kimi zəruri amildir. Məsələn, Yaponiyada hər hansı ictimai nəqliyyat vasitəsinə mindiyin zaman 99 faiz sərnişinin mütaliə etdiyinin, nəsə oxuduğunun şahidi olursan. Dayanacaqda gözləyənlərin də əksəriyyəti oxuyur. Yaponlar mütaliəyə çox erkən yaşlarından başlayırlar. Mən deyərdim ki, bağça yaşlarından onlara mütaliəni təbliğ edirlər. Təhsil çox yüksək səviyyədədir. Texnologiyaların ölkədə inkişafı öz yerində. Hətta, bəzən deyirlər ki, Yaponiya XXII əsrdə yaşayır.
- Bəs ölkədə KİV-in rolu nə qədər hiss olunur?
- Həqiqətən KİV Yaponiyada dördüncü hakimiyyət kimi tam oturuşub və həddən artıq azaddır. Medianın qaldıracağı hər hansı bir məsələ ertəsi gün parlamentdə müzakirəyə səbəb olacaq gücə malikdir.
- Nə vaxtsa qayıdıb Azərbaycanda işləmək fikriniz varmı?
- Bizim hamımızın qayıdıb öz ölkəmizdə yaşamaq, işləmək arzumuz var. Heç kim xaricdə yaşayıb yaratmaq, öz bilik və bacarığını başqa millətlərə vermək istəməz. Məncə bu, aksiomadır.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202