• çərşənbə axşamı, 19 mart, 08:39
  • Baku Bakı 8°C

Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 73-cü ildönümü qeyd olunub

15.08.18 13:00 529
Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 73-cü ildönümü qeyd olunub
Avqustun 15-də Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 73-cü ildönümü qeyd olunub.
AZƏRTACxəbər verir ki, bu münasibətlə Tokioda rəsmi mərasim keçirilib. Mərasimdə müharibədə həlak olan 3 milyondan çox yaponun xatirəsi anılıb. İmperator Akihito və Baş nazir Şinzo Abenin də qatıldığı mərasimdə təqribən 6 min nəfər iştirak edib.
Baş nazir Şinzo Abe mərasimdə nitq söyləyib. "Müasir dövrümüzdə sülhün və inkişafın bərqərar olmasında müharibədə həlak olanların rolunu biz heç zaman unutmayacağıq. Müharibənin dəhşətləri bir daha təkrar olunmamalıdır. Biz bütün gücümüzlə planetdə sülhə və inkişafa çalışacağıq”, - deyə Baş nazir vurğulayıb.
Artıq altıncı ildir ki, Baş nazir müharibə illərində Yaponiyanın işğalçı siyasəti nəticəsində Asiya ölkələrinin çəkdiyi əzablara görə ölkəsinin məsuliyyəti barədə heç nə demir. Həmin ifadə Ş.Abeyə qədər bütün Baş nazirlərin nitqində yer alırdı. Eyni zamanda, Baş nazir 2013-cü ilə qədər Yaponiya hökuməti başçılarının "heç zaman müharibə etməmək” barədə içdiyi andı da təkrarlamayıb.
Yerli vaxtla saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra İmperator Akihito xalqa müraciətlə çıxış edərək, dağıdıcı müharibənin bir daha təkrar olunmayacağına ümid etdiyini bildirib. Bu, Yaponiyanın təslim olması barədə ildönümü mərasimində İmperator Akihitonun xalqa son müraciətidir. Gələn ilin aprelində onun taxtı oğlu vəliəhd-şahzadə Naruhitoya təhvil verəcəyi gözlənilir.
Mərasimdə müharibə zamanı həlak olmuş insanların qohumları da iştirak ediblər. Onların çoxu 70 və daha yaşlı insanlardır. Ən böyüyü 102 yaşlı qadındır və onun həyat yoldaşı Okinava uğrunda döyüşlərdə həlak olub.
banner

Oxşar Xəbərlər