• cümə axşamı, 28 mart, 22:31
  • Baku Bakı 13°C

Yaponiya ilə əlaqələrin tarixi

19.12.17 10:30 2327
Yaponiya ilə əlaqələrin tarixi
Yaponiya Asiyanın ən inkişaf etmiş ölkələrindən biri sayılır. Yaponiya siyasi-ictimai, ədəbi-mədəni görüşlərinin özünəməxsusluğu ilə digər ölkələrdən fərqlənir. Azərbaycan və Yaponiya münasibətlərinin tarixini ümumtürk kontekstində öyrənilməsi daha doğru olardı. Mahmud Kaşğarlının «Divanü lüğət-it-türk» əsərində (XI əsr) yapon adaları, türk coğrafiyaşünası Katib Çələbi (XVII əsr) isə öz əsərlərin­də bu ölkə haqqında məlumat vermişdir.

1904-1905-ci ildə rus-yapon müharibəsi, eləcə də ikinci dünya müharibəsi zamanı Yaponiya və SSRİ arasında baş verən hərbi toqquşmalar o dövrdə imperiyanın tərkib hissəsi olan Azərbaycanla hər hansı yaxın əlaqələrin qurulmasına imkan vermə­miş­dir. 1956-cı ilin oktyabrında SSRİ və Yaponiya arasında diplomatik münasibətlər ya­rat­mış, bu münasibətlərin müxtəlif sahələr, o cümlədən, mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə imzalanmışdır. Bu bəyannamə Azərbaycan və Ya­poniya arasında da mədəni əlaqələrin qurulmasına şərait yaratmış­dır. Digər tərəfdən 1960-cı illərdə Sovet hakimiyyətinin beynəlxalq miqyasda "sülh, əmin-amanlıq” yaratmaq istəyi Yaponiya ilə ədəbi-mədəni əlaqələrin yaranmasına rəvac verdi. So­vet dövründə "Azərbaycan” jurnalında çap olunmuş Yaponiya ədəbiy­ya­tı nümunələri əsasında hər iki ölkə arasında ədəbi əlaqələrin inkişaf tarixinin öyrənil­məsi böyük əhəmiyyət daşıyır. Yaponiya Azərbaycan Respublikasının müs­tə­qilliyini 28 dekabr 1991-ci ildə tanımışdır.

Ümummilli lider Heydər Əliyev 17 yanvar 1998-ci il tarixində Yaponiyanın Bey­nəl­xalq İqtisadi Əməkdaşlıq Fondunun nümayəndə heyətini qəbul edərkən, Azərbaycan dövlətinin Yaponiya ilə əməkdaşlığa xüsusi diqqət verdiyini qeyd etmişdir.
Yapon poeziyası

Azərbaycan Yazıçılar Birliyinin fəal mətbu orqanı olan "Azərbaycan” jurnalı hər zaman dünya ədəbiyyatı nümunələrini öz səhi­fə­lərində oxucularına tanıtmışdır. Jurnalın 1958-ci ildə çıxan 9-cu sayında dərc olunan Simad­zaki Posonun "Hind qozu”, Akagi Siqeonun "Foto-şəkil”, Kavagism Qaysinin "Fud­zi, kinlə alovlan”, Nakano Siqexarunun "Nəğmə”, Naoki Usaminin "Polis zopası” şeirləri Yaponiya ədəbiyyatına aiddir. Bu şeirlərin hamısı sərbəst vəznli şeirlərdir.
Simadzaki Posonun "Hind qozu” şeirində qürbət ölkədə şairin vətən həsrətini bildirən element hind qozudur. Şair axtardığı sualların cavabını hind qozunda yox, hind qozunun üzdüyü dənizdə axtarır. Dənizin üzərində öz kökündən uzaq düşən hind qo­zunun yalnızlığı ilə şair hissləri arasında paralellər onun həsrət hissinin göstəricisidir.

Mən qozu götürdüm, bir bıçaq kimi,
Ayrılıq həsrəti deşdi qəlbimi.

Koreya8 avqust 1945-ci ildə ABŞ-la bağlanmış müqavilənin tələblərinə uyğun olaraq, Yaponiyaya müharibə elan etdi. Sovet qoşunları Koreyaya şimaldan, amerika­lılar isə cənubundan daxil oldu. 10 avqust 1945-ci il tarix­dəyapon kapitulyasiyasınınqaçılmaz olması ilə əlaqə­dar, ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə başladı, yarımada şimalda sovet, cənubda isə ABŞ nəzarətində olan iki hissəyə bölündü.

Akagi Siqeonun "Foto-şəkil” şeirində ölümə məhkum olunmuş koreyalı əsgər­lərin şəklini çəkən şəxsin düşüncələri sanki danışır. Diqqəti çəkən məqam əsgərlərin gözlərindəki qorxmazlıq, dəyanət, fəxr hissidir.

Fəxr eləyib, öyünüb cəllad bu qanlı işlə,
Şəkli qohumlarına – evə göndərəcəkdir.

Kavagism Qaysinin "Fudzi, kinlə alovlan” şeirində Fudzi dağının ətəyində hərbi baza yaradan amerikalıların xalqa qarşı bəslədiyi kin və nifrət hissi ilə yaponların üsyan səsi üz-üzə dayanır. "Dağ” arxetipi şairin müraciətidir, o, dağı baş verən hadisələrə qarşı sakit dayanmaqda günahlandırır.

Fudzi kinlə alovlan!
Yadlar tapdalayır heç utanmadan,
Müqəddəs dağların ətəklərini.
Söylə, nə vaxtadək dinləyəcəksən.
Təhqiri
Bu xalqın dərdi-sərini!

Nakano Siqexarunun "Nəğmə” şeirində şair özünə müraciətlə gözəllikləri tərənnüm etməkdən çəkinib, düşmənə qarşı mübarizliyi təsvir etməyə çağırır. Bu çağırışı da şərtləndirən torpaqların düşmən hücumuna məruz qalmasıdır. Şair şeirdə gözəlliyin tərənnümünə qarşı çıxır. Xalqı mübarizəyə ruhlandıran şeirlərin yazılmasına çağırır.

XX əsrin ortalarında Yaponiya universitetlərində təhsil haqlarının qaldırılması tələbələr tərəfindən etiraza səbəb olmuşdur. 1952-ci il, fevralın 2-də etiraz səsini ucaldan tələbələr polislər tərəfindən qanunsuz olaraq həbs olunur, onları müdafiə edən digər tələbələr isə vəhşicəsinə döyülürdü. Həmin tələbələr içərisində Naoki Usami adlı şair olur. O, "Polis zopası” şeiri həmin bədbəxt hadisəyə həsr olunmuşdur. Şeirdə şair haqsızlıqlar qarşısında mübarizlik, dözümlülük, ruh yüksəkliyi aşılayır.

Yapon nəsri

"Azərbaycan” jurnalının 1980-ci il, 2-ci sayında dərc olunan Mitsuki Takasaxinin "Kəpənək mövsümü” hekayəsi Akif Məhərrəmov tərəfindən rus dilindən - "Yapon novellası” kitabından tərcümə edilmişdir. Hekayə 1965-ci ildə "Bantakkay” ("Ədəbi aləm” jurnalının gənc yazıçılar üçün təsis etdiyi) mükafata layiq görülmüşdür. Əsərdə avanqard və ekzistensializm janrlarının ünsürləri görünməkdədir. Emalat­xanada rəssamlıqla məşğul olan Saymura Nakamuranın birinci həyat yoldaşı Sibirdə əsirlikdə ölmüşdür. Hekayənin baş qəhrəmanı olan Gengita Nakamuran onun 30 yaşlı ikinci həyat yoldaşı idi. Gengita radio və televiziya üçün müxtəlif məqalələr yazmaqla məşğul olurdu. Axırıncı dəfə "Kəpənək mövsümü” adlı roman üzərində çalışır. Roman əslində onun güdəlik qeydləri idi. Kəpənək Gengitanın nəzərində azadlığı, rahat yaşayışı ilə arzu olunan canlı varlıqdır. Gengita özünü nə qədər həyat yoldaşına qarşı xoşbəxt göstərməyə çalışsa da, buna nail ola bilmir, çünki arzusunda olduğu kəpənək xoşbəxtliyinə çata bilmir. Gengita axtardığı kəpənək rahatlığına görə, öz hisslərinin qurbanı olur, həyat yoldaşının bacısı oğlu, şəhvət düşkünü Tadzimanın oyununun qurbanı olur. Zahirən xoşbəxt qadın kimi görünən Gengita daxilən axtardığı kəpənək xoşbəxtliyini Tadzimada tapır. Gengitaya daxilən əziyyət verən tənhalıq əzabı onu buna vadar edir. Hekayədə maraqlı cəhət burasındadır ki, Gengita etdiyi hərəkətə görə heç kim tərəfindən günahlandırılmır. Əsərin sü­jet xətti bir az dolaşıqdır. Əsərin sonunda Gengita kimi, qonşuluqda uçan kəpənəkləri yazıçı təsvir etməklə, zahirən xoşbəxt, daxilən isə bədbəxt olan qadınlara işarə edir.

Saday Budaqlı tərəfindən tərcümə olunan, məşhur yazıçı, yapon təfəkkür tərzinin qüdrətli ifa­də­sinə görə, Nobel mükafatı laureatı (1968) Yasunari Kavabatanın "İnil­də­yən dağ” romanı (1999, № 6;7;8) ailə-məişət daxilində cərəyan edən hadisə­lərdir. Ro­man yapon mədəniyyəti, yapon adət-ənənələri ilə tanış olmaq baxımından əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Yapon ədəbiyyatı tematikasının spesifikliyi və poetikası ilə digər ölkə xalqlarının ədəbiyyatından fərqlənir. Yapon ədəbi nümunələri Azərbaycanda az tədqiqata cəlb olunmuşdur və buna görə Yaponiya ədəbiyyatı mövzusu gələcək elmi araşdırmaçılar üçün geniş imkanlar qazandırır.

Aynurə Niyaz qızı Paşayeva,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin
elmi işçisi, [email protected]




banner

Oxşar Xəbərlər