• şənbə, 20 Aprel, 05:56
  • Baku Bakı 15°C

Yaponiya çox güclü “Hagibis” tufanını qarşılamağa hazırlaşır

10.10.19 12:45 467
Yaponiya çox güclü “Hagibis” tufanını qarşılamağa hazırlaşır
Yaponiya oktyabrın 12-də ölkənin şərq sahillərinə yaxınlaşması gözlənilən çox güclü "Hagibis” tufanını qarşılamağa hazırlaşır.
AZƏRTACYaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, tufanın geniş əraziyə güclü qasırğa və leysan yağışlar gətirəcəyi proqnozlaşdırılır. Agentliyin məlumatına görə, oktyabrın 10-da səhər saatlarında Sakit okeandakı Oqasavara adaları yaxınlığında yerləşən tufan şimal istiqamətində hərəkət edir.
Hazırda küləyin sürəti saatda 82 kilometrə, şiddətli əsdikdə 126 kilometrə çatır. Oqasavara adaları sahillərində 10 metr hündürlüyündə dalğalar gözlənilir. Çiçizima adasında küləyin maksimal sürətinin saatda 113 kilometrə çatdığı bildirilir.
Oktyabrın 11-də isə Yaponiyanın həm şərq, həm də qərb sahillərində güclü qasırğa proqnozlaşdırılır. Tayfunun hərəkətindən asılı olaraq onun şənbə və bazar günlərində Yaponiyanın şərqinə çatacağı gözlənilir.
Agentlik xəbərdarlıq edərək qarşıdakı 3 istirahət günündə tufanı diqqətlə izləməyə, güclü küləyə və leysan yağışlara hazır olmağa çağırır.
"Şərqi Yaponiya Dəmir Yolları” şirkəti istirahət günlərində bəzi qatarların hərəkətinin dayandırılacağını artıq elan edib. Proqnozlara görə, tufanın şənbə və baza günlərində Tokioya çatacağı bildirilir. Şirkət sərnişinlərdən cümə günü son məlumatları onun rəsmi saytında izləməyi xahiş edir.
Bundan əlavə, Yaponiyanın dörd rabitə operatoru da xidmətdə yarana biləcək problemlərin qarşısını alınması üçün tədbirlər görür. Bildirilir ki, hazırda mobil baza stansiyalarının və nəqliyyat doldurma vasitələrinin yerləşdirilməsi aparılır. Həmçinin baş verə biləcək istənilən problemin sürətlə aradan qaldırılması ilə bağlı əməkdaşların sayı artırılır.
Hazırda Yaponiyada davam edən reqbi üzrə dünya kubokunun oktyabrın 12-ə təyin edilmiş üç oyunundan ikisinin təxirə salınması barədə də qərar qəbul edilib. Yeni Zelandiya və İtaliya (B qrupu) yığmalarının Toyota şəhərində, İngiltərə və Fransa (C qrupu) millilərinin isə Yokohamadakı görüşləri məhz tufana görə təxirə salınıb.
banner

Oxşar Xəbərlər