• çərşənbə axşamı, 23 aprel, 23:17
  • Baku Bakı 20°C

YAP prezident seçkilərinə ciddi hazırlaşır

15.05.13 18:42 1595
YAP prezident seçkilərinə ciddi hazırlaşır
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilib. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, təmsil etdiyi partiya prezident seçkilərinə çox ciddi hazırlaşır və bu aksiya ilə bağlı YAP qəbul olunan seçki planlarına uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə başlayıb.
Əli Əhmədov belə müşavirələrinin ənənəvi olaraq keçirildiyini, bu müşavirələrdə bir sıra əhəmiyyətli məsələlərə dair müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ilin sonunda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı böyük işlər görməkdədir. Partiyanın hazırladığı seçki proqramına uyğun olaraq, bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır. Əli Əhmədov xüsusi olaraq, vurğulayıb ki, artıq xeyli müddətdir ki, YAP-ın bütün strukturları, həm mərkəzi strukturları, həm yerli strukturları xüsusiləşmiş rejimdə işləyir. Partiyanın fəalları, rayon təşkilatının əməkdaşları qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə səfərbər ediliblər.
"Partiyanın fəalları seçki kampaniyasında iştirak etməklə əlaqədar kifayət qədər fəallaşıblar. YAP-ın gənc fəalları seçki kampaniyasının keçirilməsi ilə əlaqədar proqramımıza uyğun şəkildə səfərbər ediliblər. Yəni bütün sahələr üzrə Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparmaqdadır",- deyə YAP sədrinin müavini bildirib.
Ə.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurunu təmin edəcək həlledici amil partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsidir. Bütün proseslərin təhlili onu göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və səsvermə gününə qalan müddət azaldıqca, Azərbaycan cəmiyyətində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əhval-ruhiyyəsi özünü daha aydın şəkildə göstərir: "Təbiidir ki, bu, cəmiyyətimizin seçkiqabağı ovqatının aydın ifadəsidir. Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin İlham Əliyevin namizədliyini dəstəkləməsi Yeni Azərbaycan Partiyasının uğurunu təmin edən həlledici amil kimi bizim tərəfimizdən nəzərdən keçirilir. Bu, bizim işimizi əhəmiyyətli dərəcədə asanlaşdırır. Eyni zamanda, biz heç zaman arxayınçılığa yol verməmişik. Yeni Azərbaycan Partiyasının bundan əvvəlki seçki kampaniyalarında uğurunu təmin edən amillərdən biri də ondan ibarət olub ki, seçki kampaniyasına həmişə ciddi şəkildə yanaşmışıq və bütün resurslarımızı seçki kampaniyasının daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər etmişik. Qarşıdan gələn prezident seçkilərində də biz həmin ənənəmizə uyğun olaraq, seçki kampaniyasını uğurla başa vurmaq üçün üzərimizə düşən bütün vəzifələri əzmlə yerinə yetirəcəyimizə şübhə yoxdur".
Daha sonra prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər geniş müzakirə olunub və Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırıb.
banner

Oxşar Xəbərlər