YAP müxalifətdə olanda dövlətçilik mövqeyində idi

YAP müxalifətdə olanda dövlətçilik mövqeyində idi

Siyasət
05 Noyabr 2012, 12:21 1138
Azərbaycan müxalifəti uydurduqları yalan məlumatları müxtəlif xarici təşkilatlara göndərməklə, əslində düşmən Ermənistanın antiazərbaycan təbliğat maşınına yardım etmiş olurlar. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində deyib.
"Bu cür hərəkətlər müxalifətçilik deyildir, Vətənin maraqlarına zərbə vurmaqdır", - M.Qurbanlı əlavə edib. O bildirib ki, YAP bir təşkilat olaraq Azərbaycan siyasətinə özü ilə birlikdə bir sıra yeniliklər gətirib:
"YAP-ın müxalifətdə olduğu dövrdə birmənalı olaraq dövlətçilik mövqeyində dayanmış, hakimiyyətdə olan dairələrin əməllərini, onların xalqa zidd siyasətini tənqid etməklə yanaşı, Azərbaycanın maraqlarına ziyan vuracaq hər hansı hərəkətə yol verməyib. Təəssüf ki, bu halı indiki müxalifət partiyalarında müşahidə etmək mümkün deyildir. YAP-ın siyasətinə müxalif olan bəzi partiyalar tənqidlə təhqiri eyniləşdirməklə bərabər, ölkədaxili məsələləri yerli-yersiz beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağa çalışır və bir növ öz ölkəsindən xarici təşkilatlara şikayətçi rolunu oynayır".

Onun sözlərinə görə, müxalifət partiyalarının bu əməlləri onların ölkə daxilində sosial dayaqlarının zəifliyinə dəlalət edir. Eyni zamanda, müxalifət nümayəndələrinin yerli-yersiz "şikayətləri"nin heç bir əsası olmur.