• cümə, 29 Mart, 11:26
  • Baku Bakı 5°C

YAP Kəngərli rayon təşkilatının 10 illiyi qeyd olunub

18.07.14 14:11 2602
YAP Kəngərli rayon təşkilatının 10 illiyi qeyd olunub
Kəngərlidə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yaranmasının 10 illiyi qeyd olunub. Bu münasibətlə YAP Kəngərli rayon təşkilatında keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov açaraq, regionun ən böyük siyasi qüvvəsi, “Dünənin, bu günün və gələcəyin partiyası” olan YAP-ın zamanın çağırışlarına cavab vermək məqsədilə, ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, ən başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün yaradıldığını bildirib.
Partiyanın yaranma tarixinə ekskurs edən natiq qeyd edib ki, YAP xalqdan güc alıb, onun istəyi ilə yaranıb. F.Abbasov YAP Kəngərli rayon Təşkilatının 17 iyul 2004-cü il tarixdə təsis edildiyini də xatırladaraq, o zaman Şərur və Babək rayonlarından Kəngərli rayonuna verilmiş 11 kənddə 20 YAP ərazi ilk təşkilatının fəaliyyət göstərdiyini vurğulayıb. Deyib ki, həmin vaxt bu təşkilatlarda cəmi 1215 nəfər partiya üzvü birləşirdi: “Üzvlərin 170 nəfəri qadın, 343 nəfəri gənclər idi. Təşkilat yarandıqdan bu günə kimi partiya sıralarına 1576 nəfər üzv qəbul edilib ki, onlardan qadınlar 761, gənclər 951 nəfər olub. İlk təşkilatların sayı 47-yə çatdırılıb. Hazırda təşkilatda 2706 nəfər siyasi əqidədaş birləşir ki, oların 935 nəfəri qadın, 928 nəfəri gənclərdən ibarətdir. YAP üzvlərindən 3 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 3 nəfər Azərbaycan Respublikasının, 7 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. 4 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 7 nəfər “Tərəqqi” medalına, 5 nəfər “Rəşadətli əməyə görə” nişanına, 4 nəfər YAP üzvü olan müəllim isə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. YAP Kəngərli rayon Təşkilatında birləşən partiya üzvləri Heydər Əliyevin böyük işinə və əməllərinə sədaqətlərini, Prezident İlham Əliyevin apardığı siyasətə dərin inamlarını Heydər Əliyev partiyasının sıralarında olmaqla gedən quruculuq, abadlıq, yaşıllaşdırma, təmizlik və digər tədbirlərdə yaxından iştirak etməklə öz fəallıqlarını nümayiş etdirirlər”.
F.Abbasov YAP Kəngərli rayon Təşkilatının bundan sonra da öz işini ulu öndər Heydər Əliyevin ideyalarına və siyasi kursuna uyğun quracağını, ölkə başçısı, YAP sədri İlham Əliyevin ətrafında sıx birləşəcəyini, NMR Ali Məclisinin və YAP NMR Təşkilatının sədri Vasif Talıbovun apardığı ardıcıl və məqsədyönlü işlərdə daima ön sıralarda olacağını bəyan edib. Bildirib ki, YAP xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq.
Kəngərli rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə İsgəndərova YAP-ın yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi, siyasi qüvvə kimi formalaşdığı, ümumxalq partiyasına çevrildiyi 1992-2003-cü illərin bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyllərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyulub, vətəndaş həmrəyliyi təmin edilib, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar olunub. V.İsgəndərova ulu öndər H.Əliyevdən sonra partiyaya rəhbərlik edən Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində ölkədə sosial sahədə görülən işlərin miqyasının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Deyib ki, Azərbaycan Prezidentinin daxili siyasətində xalqımızın rifah halının yüksəldilməsi, yoxsulluğun ən minimum həddə çatdırılması əsas cəhətlərdəndir. Onun sözlərinə görə bu, hər bir Azərbaycan vətəndaşında ölkə başçısına inam yaradır.
Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədr müavini Mahir İsmayılov, Qadınlar Şurasının sədri, NMR Ali məclisiinin deputatı Sevda Quliyevaya, Heydər Əliyev adına Gənclər Birliyinin sədri Etimad Məmmədov, YAP Kəngərli rayon təşkilatının Şura üzvü, Qıvraq qəsəbə ərazi ilk partiya təşkilatının sədri İsmayıl Hüseynquliyev və Çalxanqala kənd ərazi ilk partiya təşkilatının sədri Xalıqverdi Xalıqverdiyev də çıxış edərək partiyanın yaranmasından, ölkədə, o cümlədən muxtar respublikadakı inkişaf və tərəqqidən, həyata keçirilən quruculuq və abadlıq tədbirlərindən söhbət açıblar.
Tədbirin sonunda YAP veteranı İsmayıl Yaqub oğlu Hüseynquliyev Fəxri fərmanla təltif edilib.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər