AZE | RUS | ENG |

“YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi” - Yenilənib

“YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi” - Yenilənib
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib

Dünən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. Azərbaycan prezidenti, YAP sədri İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.

APA-nın məlumatına görə, dövlət başçısı çıxışında bildirib ki, 25 il əvvəl 91 vətənpərvər insan ulu öndər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması missiyasını üzərinə götürməyi xahiş edib. Bundan sonra ulu öndərin sədrliyi ilə partiyanın Naxçıvanda təsis konfransı keçirilib: "Bu, böyük tarixi hadisə idi. O vaxt AXC-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verməyib. Müxtəlif bölgələrdən olan 500-dən çox nümayəndə Naxçıvana gələrək konfransda iştirak edib. Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”.

Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqı qarşısında xidmətlərini vurğulayan prezident İlham Əliyev bildirib ki, onun hakimiyyəti dövründə ölkə hərtərəfli inkişaf edib: "1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olanlar xalqın inamını itirmişdi, ölkə demək olar ki, idarə olunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya hökm sürürdü, rüşvətxorluq ölkəni bürümüşdü. Torpaqlarımız işğal altına düşmüşdü, iqtisadi və sənaye böhranı yaşanırdı. Bütün bunlar Azərbaycan üçün böyük təhlükə yaradırdı. Xalq etimad göstərdiyi Heydər Əliyevə müraciət etdi və Yeni Azərbaycan Partiyasının yaradılması zərurətə çevrildi. Partiyanın yaradılması Azərbaycanın müstəqilliyə gedən yolunu açdı. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir".
Azərbaycan prezidenti deyib ki, iqtisadi islahatlar, onların təməli məhz o illərdə qoyulub: "Biz beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bildi. Ondan sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün, Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var”.

"14 ildə Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”
 
Dövlət başçısı vurğulayıb ki, bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir.
 
Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir: "Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş verib. Bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilib. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.
 
"Azərbaycan nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcək"

Prezident İlham Əliyev bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın.
 
Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn normaları tam tətbiq edilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir: "Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş verib. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
 
Prezident qeyd edib, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək: "Beş il bundan əvvəl partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur - cəmi beş il ərzində. Ona görə, bu istiqamətdə də ardıcıl siyasət aparılacaq. Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərib".
 
Dövlət başçısının sözlərinə görə, Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. "Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək", - deyə prezident İlham Əliyev vurğulayıb.
 
"AŞ baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb"

Prezident bildirib ki, bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir: "Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.
 
Hesab edirəm ki, hər bir ölkə üçün qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Biz qonşu ölkələrlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik. 30 oktyabr-1 noyabr tarixlərində dörd qonşu ölkənin liderləri ilə mənim görüşlərim olub və bu 2-3 gün ərzində həm "Şərq-Qərb”, həm də "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması və inkişafı istiqamətində çox önəmli hadisələr qeydə alınıb. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, bu layihələr haqqında heç danışmağa da dəyməzdi. Bu gün Azərbaycan haqlı olaraq Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmindədir və biz bunu edirik. Nəqliyyat sahəsində tranzit ölkə statusunu almaq üçün mütləq qonşularla isti münasibətlərin olmalıdır. Ona görə bu, xarici siyasətimizin əsas prioritetidir və çox sevindirici haldır ki, qonşu ölkələrlə bizim heç bir problemimiz yoxdur".
 
Prezident Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcəyini vurğulayıb: "Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritet təşkil edir. Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilib. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaq. Biz üzvü olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz".



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000