• cümə axşamı, 25 aprel, 05:22
  • Baku Bakı 19°C

YAP əməkdaşlıq və dialoq təşəbbüsü ilə çıxış edir

16.04.14 17:59 1751
YAP əməkdaşlıq və dialoq təşəbbüsü ilə çıxış edir
“Yeni Azərbaycan Partiyası öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətlərinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətində idarəedici, yönəldici əsas aparıcı qüvvə kimi çıxış edir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantılarının keçirilməsi istər-istəməz Azərbaycan cəmiyyətinə təsir göstərir. Azərbaycan cəmiyyətinin səfərbər olunmasına, yönəldilməsinə, cəmiyyətdəki ayrı-ayrı qruplar, insanlar, kateqoriyalar, sosial və siyasi strukturlar arasındakı münasibətlərin nizama salınmasına da bu, öz təsirini göstərir. Ona görə də Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq komissiyasının ilk iclasının da xüsusi önəmi var. Ümidvaram ki, bu iclas cəmiyyətimizə xoş ovqat, müəyyən mesajlar verəcəkdir. Çünki bu iclasda gələcəkdə bütövlükdə Azərbaycan cəmiyyətindəki partiyalararası münasibətlərin vahid strategiyasını müəyyən edəcəyik”.
Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov ötən gün Atatürk Mərkəzində YAP-ın adıçəkilən komissiyasının toplantısında bildirib. O, toplantını giriş sözü ilə açaraq deyib ki, tədbirdə YAP-ın partiyalararası əlaqələr üzrə gələcək siyasətinin müəyyən olunması, bu sahədə görüləcək işlərə ümumi konseptual yanaşma və digər əsasların müzakirə olunması planlaşdırılıb. Ə.Həsənov Milli Məclisdə təmsil olunan digər siyasi partiya sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın Partiyalararası əlaqələr üzrə komissiyasının ilk dəfə belə formatda tədbir keçirdiyini də diqqətə çatdırıb. Bildirib ki, açıq və şəffaf formada YAP-ın Qurultayında və Qurultaydan sonra Siyasi Şuranın qərarı ilə hazırlanmış komissiyalardan birinin bu günkü (dünənki) iclasında səslənən fikirlər, ümumi konseptual yanaşma sonradan partiyanın ali rəhbər orqanlarına çıxarılaraq təsdiq ediləcək.
Beynəlxalq əlaqələrə diqqət artırılmalıdır

YAP Siyasi Şurasının üzvü, millət vəkili Asəf Hacıyev Partiyalararası əlaqələr və dialoq komissiyasının yaradılmasını və ilk toplantısını keçirməsini vacib məsələ kimi qeyd edib. O, partiyalararası dialoqun xarici və daxili istiqamətlərindən söhbət açaraq, ölkə daxilində YAP-ın müxtəlif partiyalarla əlaqələr qurduğunu bildirib. Millət vəkili dialoqun xarici istiqaməti barədə də məlumat verib və deputatları bu istiqamətdə daha fəal işləməyə səsləyib: “Bu günkü toplantıda müxtəlif partiya nümayəndələrinin olması bunu bir daha təsdiq edir ki, YAP-ın daxili əlaqələri yaxşı səviyyədədir. Çox önəmli məsələ Azərbaycan hüdudlarından kənarda əlaqələrimizin qurulmasıdır. YAP-ın xarici əlaqələri əsasən 3 istiqamətdədir: Asiya, Avropa və Amerika. Bununla yanaşı, yavaş-yavaş Afrika ölkələrindəki partiyalarla da əlaqələr qurulur. Asiya ilə əlaqələi bizim heç bir problemimiz yoxdur. Asiya Siyasi Partiyalarının Birliyi Beynəlxalq Konfransına hakim və müxalif təşkilatlar olmaqla, təxminən 350 partiya daxildir. Asiya kimi böyük qitəni əhatələyən bu qurumu 22 partiyadan ibarət daimi komitə idarə edir. YAP bu daimi komitənin üzvüdür. Bizim üçün əsas məsələ Avropa istiqamətində əlaqələrin inkişaf etdirilməsidir. Avropada Mərkəzi Beynəlxalq Demokratlar təşkilatı ilə YAP əməkdaşlıq edir və bu yaxınlarda partiyamızın ora daxil olması gözlənilir. Bu təşkilatın üzvü digər böyük bir qurum Avropa Xalqları Partiyasıdır. Avropa parlamentində bu fraksiya ən böyükdür. YAP-ın bu fraksiya ilə də yaxşı əlaqələri var, lakin biz hələlik orda üzv deyilik. Biz orada ancaq müşahidəçi status ala bilərik. Çünki bizim ölkə Avropa Birliyinin üzvü deyil. Hazırda orada Gürcüstan və Ermənistan müşahidəçi statusunda təmsil olunur. Biz də belə bir statusu əldə etmək üçün müvafiq işlər görürük. Beynəlxalq əlaqələri olan millət vəkillərimizin bu istiqamətdə iş aparması olduqca zəruridir. Avropanın ikinci ən böyük fraksiyası sosialistlərdir. Azərbaycandakı digər partiyalar bu fraksiya ilə əməkdaşlıqda da maraqlı olmalıdırlar. Gələcəkdə nə olacağını biz müəyyən edə bilmərik. Ola bilər ki, gələcəkdə Avropada sosialistlər hakimiyyətə gəlsinlər. Ona görə də bu əlaqələr indidən qurulmalıdır. O ki qaldı Latın Amerikasına, orada bizim işlərimiz uğurla gedir”.
Dövlət və milli maraqlar naminə vahid mövqe

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Komissiyanın ölkəmiz üçün olduqca vacib bir missiyanı üzərinə götürdüyünü vurğulayıb. Deyib ki, YAP fəaliyyətini təkcə bu Komissiya çərçivəsində deyil, digər partiyalarla dialoq səviyyəsində qurur. O, bunun önəmini də diqqətə çatdıraraq, öz təkliflərini səsləndirib: “Bizim iradəmizdən asılı olmayaraq, cəmiyyəti narahat edən kifayət qədər problemlər var. Bu problemlərin bəzisi Azərbaycanın öz inkişafının məntiqindən doğur. Digərləri isə Azərbaycandan asılı olmayan, dünyada gedən proseslərin mahiyyətindən irəli gəlir. Ona görə də təklif edirəm ki, daim fəaliyyət göstərən dəyirmi masa təşkil edək. Burada regionda, ölkəmizdə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparaq və yeri gələndə, orada müvafiq sənədlər qəbul edək. Beləliklə də Azərbaycanın taleyüklü məsələlərinə siyasi baxışından asılı olmayaraq, hər bir vətəndaş, siyasi partiya vahid iradəsini ortaya qoysun, dövlətlə bərabər olsun. Hər bir partiya siyasi yolla hakimiyyət uğrunda mübarizə aparır. Ancaq unutmaq olmaz ki, dövlət olmasa, bu siyasi mübarizənin mənası yoxdur. Ona görə də hər birimizin borcu baxışımızdan, məqsədimizdən, siyasi platformamızdan asılı olmayaraq, dövlət və milli maraqlar üçün ortaq mövqe nümayiş etdirməkdir. Bunun alternativi yoxdur. Hazırda parlamentdən kənarda fəaliyyət göstərən partiyalar da var. Fikrimcə, gələcəkdə onlarla da iş qurulmasına ehtiyac var. Bundan başqa, düşünürəm ki, YAP Gənclər Birliyinin, Qadınlar Şurasının digər partiyalarla sistemli xarakter alan əməkdaşlığının yaradılmasına da çox ciddi ehtiyac var. Sonuncu təklifim siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Bu barədə qanunvericiliyə son dəyişiklik partiyaları xeyli fəallaşdırıb. Xüsusilə maliyyənin ayrılması və sair məsələlərlə bağlı bu qanunun daha da təkmilləşməsinə ehtiyac var”.
YAP-ın təşəbbüsü yüksək qiymətləndirilir

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qapıları əməkdaşlıq üçün açıqdır. Onun fikrincə, sağlam, konstruktiv təkliflərlə çıxış edən partiyalarla əməkdaşlıq hər zaman mümkündür. M.İbrahimqızı həmçinin, komissiyanın fəaliyyətinin əhatə dairəsinə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələlərinin daxil edilməsi təklifini də irəli sürüb.
Komissiyanın və YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə təmsil etdiyi partiyanın cəmiyyətimizdə dialoq mühitinin inkişafında həmişə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının tədbirlər planında nəzərdə tutulan məsələlər xoş məramın göstəricisidir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli çıxışında YAP-ın ölkənin siyasi palitrasına daim yeniliklər gətirdiyini qeyd edib. O, bildirib ki, YAP-ın digər partiyalar ilə dialoqa önəm verməsi bütövlükdə cəmiyyətdə sağlam siyasi mühitin inkişafına müsbət təsir göstərəcək.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov da çıxışında komissiyanın tədbirlər planında vacib məsələlərin nəzərdə tutulduğunu bildirib. S.Orucov qeyd edib ki, YAP Gənclər Birliyi digər siyasi partiyaların gənclər təşkilatları ilə birgə layihələr həyata keçirməyə hazırdır.
Tədbirdə həmçinin, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, deputat Zahid Oruc, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, YAP Siyasi Şurasının üzvü Musa Musayev, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli çıxış edərək YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının siyasi partiyalarla dialoqun və əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra komissiyanın sədri Əli Həsənov irəli sürülən təkliflərə münasibətini bildirib. İlk öncə o, az üzvü olan partiyalarla bağlı səslənən fikirlərə toxunaraq, deyib ki, partiyaların gücü, qüdrəti təkcə onun üzvlərinin sayı ilə deyil, həm də üzvlərinin iradəsi, bir-birinə bağlılığı ilə ölçülür: “Ona görə bu partiyaların hər birinin öz gücü, potensialı var. Biz bu partiyaları kiçik-böyük kimi deyil, dövlətçiliyə sədaqətli və antidövlətçi kimi təsnif etsək, daha düzgün olar. Onları dövlətə, xalqa bağlı partiyalar – konstruktiv və radikal partiyalar kimi səciyyələndirə bilərik. Radikallıq da əgər dövlətçilik ideyalarını qorumaq üstündə gedirsə, bu da yaxşıdır. Ona görə də bura dəvət etdiyim partiyaların sədrlərinin və nümayəndələrinin hamısına böyük hörmətimi izhar etməklə bərabər, düşünürəm ki, bugünkü dialoqumuz, toplantımız alındı. Burada sizin səsləndirdiyiniz fikirlərin hamısında rasional ideyalar var. Mən məmur olaraq tək Yeni Azərbaycan Partiyasının İdarə Heyətini, onun Partiyalararası əlaqələr və dialoq komissiyasını deyil, eyni zamanda, Prezident Administrasiyasını təmsil edirəm. Ona görə də səsləndirdiyim fikirlər, sizi dinləyərək ümumiləşdirib gəldiyim qənaətlər dövlət siyasətinə bu və ya digər şəkildə təsir edəcək əlamətlər kimi dəyərləndirilməlidir. Ümummilli liderimizin bizə qoyub getdiyi Azərbaycan dövlətinin siyasətinin mahiyyəti ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı hansı siyasi əqidəyə qulluq etməsindən, hansı dildə danışmasından, hansı dinin, əqidənin, məzhəbin daşıyıcısı olmasından asılı olmayaraq, dövlətin verdiyi bütün imkanlardan istifadə etməlidir. Biz bu insanlara harada, necə təmsil olunmasına görə münasibət bəsləmirik”.
“Bütün böyük təşəbbüslər bizdən gəlməlidir”

Ə.Həsənov komissiyanın ilk iclasında səslənən ideyaların ümumiləşdirilərək partiya rəhbərliyi ilə müzakirə ediləcəyini söyləyib: “Təklif edirəm ki, burada sizin diqqətinizə təklif olunan 11 tezisi və səsləndirdiyiniz fikirləri ümumiləşdirərək əsas kimi qəbul edək. Bunları gələcəkdə Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq pomissiyasının fəaliyyətinin əsas prinsipi kimi həyata keçirməyi partiya rəhbərliyinə tövsiyə edək. Eyni zamanda, üzümü YAP üzvlərinə tutub bildirirəm edirəm ki, Partiyalararası əlaqələr və dialoq komissiyası bütövlükdə Azərbaycan cəmiyyətinin bütövləşməsinə, barış və konstruktiv dialoq səviyyəsində inkişafına dəstək verməlidir və bütün yaxşı təşəbbüslər biz iqtidar partiyasından gəlməlidir. Cəmiyyəti birləşdirəcək və birləşmə yönündə səfərbər edəcək bütün böyük təşəbbüslər bizdən gəlməlidir. Əlbəttə, biz bununla digər partiyaların potensialını aşağılamaq istəmirik, amma böyük partiyalarda insanların sayının da çox olduğunu nəzərə alaraq, düşünürük ki, əsas səfərbəredici ideyalar da oradan gəlməlidir”.
İclasda, həmçinin təşkilati məsələyə də baxılıb və YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev partiyanın Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini seçilib.
İclasdan sonra jurnalistlərin suallarını cavablandıran PA rəsmisi ölkədə fəaliyyət göstərən dini cərəyanlar, həmçinin bəzi məmurların adının bu cərəyanlarla əlaqələndirilməsinə münasibətini açıqlayıb. Ə.Həsənov bildirib ki, Azərbaycanda tək “nurçuluq”, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd edirlər. Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, postsovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur: “Bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri-ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var. Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımi işləri aparırlar. Ona görə də bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb eləmirlər. Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanunların keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin də qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər