• cümə, 19 Aprel, 18:34
  • Baku Bakı 24°C

YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası bəyanat yayıb

15.07.20 13:36 560
YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası bəyanat yayıb
Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası bəyanat qəbul edib.
Bəyanatda deyilir:2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və Azərbaycan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərinin artilleriya qurğularından və müxtəlif kalibrli silahlardan istifadə edilərək atəşə tutulması, həmçinin, sərhəd bölgəsindəki yaşayış məntəqələrinin hədəfə alınması nəticəsində 1 nəfər mülki vətəndaş həlak olmuş, 11 Azərbaycan hərbçisi şəhid olmuş və bir neçə hərbçimiz yaralanmışdır. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin irəliləməsinin qarşısını almaq məqsədilə cavab zərbələri endirərək düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək geri çəkilməyə məcbur etmişdir.
Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə həyata keçirdiyi hücum açıq-aşkar hərbi təcavüz aktıdır və beynəlxalq hüququn əsas norma və prinsiplərinin pozulması deməkdir.
İnsan itkiləri ilə təxribatın iki ölkə arasındakı dövlət sərhədində, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş ərazilər ilə əlaqəsi olmayan Tovuz rayonunda baş verməsinə xüsusi diqqət yetirilməlidir. Aydındır ki, Ermənistanın bu məsuliyyətsiz cəhdləri Azərbaycan tərəfindən qisas tədbirlərinin görülməsi və müəyyən hərbi alyansın üzvü olan üçüncü ölkələri təhlükəli sərgüzəştlərinə cəlb etmək üçün məqsədli şəkildə hazırlanmışdır.
Məlumdur ki, 1990-cı illərin əvvəllərindən başlayaraq hərbi aqressiya siyasətini yürüdən Ermənistan özünün iştirakçısı olduğu beynəlxalq hüquq sənədlərinə etinasız münasibət nümayiş etdirmiş, Azərbaycan Respublikasına və dinc əhaliyə qarşı təcavüz aktı törədərək Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal etmişdir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində əksini tapan "Təşkilatın bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı şəkildə güc tətbiq edilməsi təhdidindən və ya güc tətbiq etməkdən çəkinirlər” imperativ müddəasına məhəl qoymayan Ermənistan bu gün də militarist siyasətini davam etdirməkdədir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən şərtsiz və tamamən çıxarılmasını tələb edir. Eyni tələblər digər beynəlxalq təşkilatların müvafiq sənədlərində, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci ildə qəbul etdiyi 1416 saylı və Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi 2216 saylı qətnaməsində də əksini tapmışdır.
Azərbaycanın dinc mülki əhalisinə qarşı növbəti dəfə ardıcıl hücumlar çərçivəsində atəş açan erməni silahlı qüvvələri müasir beynəlxalq humanitar hüququn təməlini təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını pozaraq müharibə cinayətləri törətmişlər.
Bununla yanaşı, Ermənistanın Azərbaycanla dövlət sərhədi boyunca törətdiyi təxribatlar rəsmi Yerevanın status-kvonu saxlamaq və beynəlxalq ictimaiyyətin diqqətini münaqişənin həlli istiqamətində əsaslı danışıqlardan yayındırmaqla Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə mane olmaq niyyətinin daha bir sübutudur. Qeyd etmək istərdik ki, ATƏT-in Minsk qrupunun regionda sabitliyin pozulmasına səbəb olan fəaliyyətsizliyindən və onların gözləmə mövqeyindən Ermənistan bilavasitə istifadə edir.
Hamıya məlumdur ki, BMT-nin Baş katibi bu yaxınlarda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq qlobal atəşkəs təşəbbüsü ilə çıxış edib. Qəfil hücum və təxribatları ilə Ermənistan bu təşəbbüsə sözdə göstərdiyi dəstəyin adi riyakarlıqdan başqa bir şey olmadığını nümayiş etdirir.
Biz, Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri tərəfindən beynəlxalq münasibətlər, mədəniyyətlərarası dialoq və inteqrasiya sahəsində fəaliyyət üçün səlahiyyətləndirilmiş nümayəndələr olaraq, beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətini, onun sərhəd boyunca həyata keçirdiyi təxribatçı addımlarını qəti şəkildə qınamağa çağırırıq.
banner

Oxşar Xəbərlər