• cümə, 29 Mart, 00:32
  • Baku Bakı 7°C

Yanvarda respublika ərazisində 75 sürüşmə hadisəsi qeydə alınıb

10.02.18 16:41 561
Yanvarda respublika ərazisində 75 sürüşmə hadisəsi qeydə alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası yanvarda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 75 sürüşmə hadisəsi qeydə alınıb.
Bu barədəAZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində həm atmosfer yağıntılarının, həm də texnogen amillərin təsirindən sürüşmə prosesində nisbi aktivlik qeydə alınıb. Bundan əlavə, Binəqədi rayonunda, I mədən sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində təbii amillərin təsirindən subasma prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillər sürüşmə sahəsində, Nübar qəsəbəsində atmosfer yağıntıları və texnogen amillər sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub. Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib. Bundan başqa, Səbail rayonunda "Teleqüllə” sürüşmə sahəsində, Teleqüllədən 200-250 metr cənub-şərqdə, torpaq qatında eni 0,1-1, görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub. Ay ərzində prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb, ekspedisiya mütəxəssisləri tərəfindən ərazidə monitorinqlər davam etdirilib.
banner

Oxşar Xəbərlər