• cümə, 26 Aprel, 17:52
  • Baku Bakı 23°C

Yanukoviçin dərhal istefası tələb edilir

22.02.14 11:58 924
Yanukoviçin dərhal istefası tələb edilir
“Bir neçə saat ərzində prezident Viktor Yanukoviçin harada olduğu müəyyənləşməsə, parlament Konstitusiya quruluşunun bərpası haqqında qərar qəbul etməlidir”. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Ali Radanın iclasında çıxış edən “Batkivşina” (Vətən) Partiyasının liderlərindən biri Aleksandr Turçinov deyib. O bildirib ki, hökumət üzvlərinin əksəriyyəti naməlum istiqamətdə yoxa çıxıb, prezidentin də harada olduğu bəlli deyil, ona görə də yeganə legitim orqan Ali Radadır. A. Turçinov deputatları ləngimədən Ali Radanın yeni rəhbərliyini seçməyə, baş nazir və daxili işlər naziri vəzifələrinə müvəqqəti icraçılar təyin etməyə, daha sonra yeni Nazirlər Kabinetini formalaşdırmağa çağırıb.
“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk isə prezidentin 2004-cü il Konstitusiyasına qayıdış barədə parlamentin fevralın 21-də qəbul etdiyi qanunu hələ də imzalamadığını söyləyərək bəyan edib ki, bu fakt dövlət başçısının istefasına əsas verir: “Viktor Yanukoviç dünən bu qanunu imzalamalı idi. Qanunun imzalanmaması Viktor Yanukoviçin gecikmədən istefaya getməsi üçün birbaşa əsasdır”.
UDAR Partiyasının lideri Vitali Kliçko da V. Yanukoviçin dərhal istefa verməsini tələb edərək mayın 25-dən gec olmayaraq növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib.
V. Yanukoviçin müşaviri, deputat Anna German isə dövlət başçısının harada olmasına aydınlıq gətirib. O, V. Yanukoviçin Xarkovda olduğunu, lakin cənub-şərq vilayətlərinin təmsilçilərinin qurultayında iştirak etməyəcəyini vurğulayıb.
banner

Oxşar Xəbərlər