• şənbə, 20 Aprel, 00:59
  • Baku Bakı 15°C

Yanğın torpağın üst qatında toxum üçün tam keyfiyyətsiz təbəqə yaradır

07.08.18 12:15 647
Yanğın torpağın üst qatında toxum üçün tam keyfiyyətsiz təbəqə yaradır
Son bir ayda təkcə Ağsu rayonu ərazisində 40 yanğın hadisəsi baş verib. Doğrudur, bunlardan 7-si məişət tullantısı, 14-ü quru kol-kos, 2-si çəpər yanğınıdır. Lakin 13 taxıl sahəsi, 1 meşə, 2 ev və 1 elektrik dirəyi kimi təhlükəli yanğınlar da olub. Əlbəttə, ümumən yanğın qorxulu, insana həyəcanlı anlar yaşadan təhlükəli hadisədir. Elə buna görə də havaların isti və yandırıcı keçdiyi yay aylarında kiçik bir qığılcımdan törəyə biləcək yanğın ehtimalının daha çox olduğu bir vaxtda ehtiyatlı davranmaq, təhlükəsizliyi gözləmək çox vacibdir.
Bu gün bölgədə son yanğın hadisəsini - Ağsu dolaylarındakı meşə yanğını və onun izlərini görən hər bir ağsulu təbiətə dəyən bu zərbəyə görə təəssüf hissi keçirir.
Rayonun Nəmirli kəndindən olan taxılçılıq üzrə fermer Yaqub Mirzəyev yanğın təhlükəsizliyi ilə bağlı fikirləriniAZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Hər dəfə taxıl yetişəndə, biçiləndə bilirsiniz nə qədər həyəcan keçiririk?! Axı, adi bir siqaret kötüyü, texnikanın tüstü borusunda qoruyucunun olmaması hər an yanğın törədə bilər. Nəticədə həm sənin, həm də ətrafındakıların zəhməti tamamilə məhv olar. Etiraf edim ki, heç də hamı təhlükəsizlik qaydalarına əməl etmir. Biçilən sahələrin kənarının dərhal şumlanması çoxlarının yadına belə düşmür”.
Bir çox fermerlərin biçilən taxıl sahələrinin yandırılmasında maraqlı olduğunu deyən Y.Mirəzyev bildirib ki, onlar bununla alaq otlarının məhv edildiyini, küləşin yanıb kül olduğunu və s. düşünürlər. Halbuki, yanğın torpağın üst qatında toxum üçün tam keyfiyyətsiz təbəqə yaradır. Həm də unutmaq olmaz ki, yanğın ümumiyyətlə təhlükəlidir və hər vaxt nəzarətdən çıxaraq ciddi fəsadlar törədə bilər. ona görə də daim ehtiyatlı olmaq lazımdır.
banner

Oxşar Xəbərlər