• cümə, 29 Mart, 14:30
  • Baku Bakı 14°C

Yanan, yoxsa yaman rentor?

10.10.18 10:30 715
Yanan, yoxsa yaman rentor?
"Ötən il mənzil alarkən yaxınlarımız rentorla məsləhətləşməyi tövsiyə etdilər. Dediklərinə görə, onlar qiymətləri daha münasib qiymətə endirirlər. Biz də elə onların vasitəsilə rentorla əlaqə saxladıq. O, bizə fərqli qiymətə bir neçə mənzil göstərdi və nəhayət mənzillərdən birini seçdik. Rentor bizə mənzilin qiymətinin 70 min manat olduğunu söylədi. Mənzili alandan bir müddət sonra bilmişik ki, sən demə aldığımız evin qiyməti heç də 70 min manat deyilmiş. Evin sahibi mənzili satışa çıxararkən 62 min manat qiymət təyin edib. Rentor isə bizə mənzili öz qiymətindən 8 min manat baha satıb”.
Bu sözləri bizimlə söhbətində Rauf Əliyev söylədi. Təəssüf ki, bu kiçik bir nümunədir. Bütün sahələrdə olduğu kimi mənzil bazarında da müəyyən problemlərin olduğu heç kimə sirr deyil. Rentorların mənzillərin qiymətlərini həddən artıq baha etməsi artıq bir növ "dəb” halını alıb. Bəs görəsən alıcı ilə satıcı arasındakı münasibətlər necə tənzimlənməlidir ki, belə neqativ hallar yaşanmasın? Rentorların bu sahədəki özbaşınalığına necə son qoymaq olar?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikrincə, qiymətlər mülkiyyətçi və rentor arasında tənzimlənir: "Mənzil bazarında bu problemlər xeyli müddətdir ki, var. Amma hələlik neqativ hallar bir o qədər də geniş yayılmayıb. Vaxı ilə məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün təşəbbüs qaldırıldı. Rentorların fəaliyyətinin nizamlanması ilə bağlı hətta komitə iclasında müəyyən müzakirələr aparıldı. Amma normativ hüquqi akt parlamentin iclasına çıxarılmadı. Normativ-hüquqi aktın olmamağı isə bu sahədə özbaşınalığın yaranmasına gətirib çıxarır. Adətən mənzil bazarındakı neqativ hallar daha çox rentorla mülkiyyətçi arasında olur. Bu anlaşılmazlıqlar isə xidmət aktının faiz dərəcələri ilə bağlı olur. Bəzən onlar öz aralarında əvvəlcədən razılaşma aparmırlar və mənzil satıldıqdan sonra narazılıqlar olur. Məsələnin kökündə məhz bu amil dayanır. Əslində qiymətlər satıcı və rentor arasındakı münasibətlər əsasında nizamlanır. Məsələn, satıcı mənzilin satış qiymətini 75 min manat müəyyənləşdirir. Rentor isə satıcıya deyir ki, mən bu evi 80 minə sata bilərəm. Belə olan təqdirdə, satıcı fikirləşir ki, 75 min manata satılan mənzilin pulunun ən azı iki faizini, yəni 1500 manatı rentora ödəməlidir. Ona görə də satıcı, rentorun mənzili 80 min manata satıb, onun özünə 75 min manat verməsini daha sərfəli hesab edir. Adətən mənzil bazarında münasibətlər bu qaydada tənzimlənir. Əgər satıcı razılaşmazsa, rentor heç vaxt özbaşına qiymət artıra bilməz. Çünki nəticə etibarilə mənzili alan şəxs son məqamda bütün razılaşmaları mülkiyyətçi ilə aparır. Çünki ev elə bir əmlakdır ki, onu alan şəxs evin sahibi ilə görüşmək istəyir. Alıcı evə baxış keçirmək istəyir. Adətən satışa çıxarılan mənzillərin 10-15 faizi boş olur, 85 faizində isə yaşayış olur. Yaşayış olan evə isə gizlin baxmaq olmur. Alıcı və mülkiyyətçi heç vaxt bir-biri ilə təmasdan yayına bilməz. Rentorlar isə yalnız satıcı ilə razılaşmadan sonra qiymət artımını edə bilir. Yəni ümumilikdə münasibətlər bu qaydada tənzimlənir”.
Əmlak üzrə ekspert Rəşad Əliyevbildirdi ki, rentorların fəaliyyətini tənzimləyən qanunun qəbulu bu sahədəki özbaşınalığa son qoya bilər: "Adətən rentorların, qiymətləri süni şəkildə artırmasından şikayətlənirlər. Amma mən bu fikirlə razı deyiləm. Nəzərə almaq lazımdır ki, rentorun qazancı əmlakın müəyyən faizini təşkil edir. Bu isə o deməkdir ki, mənzil nə qədər baha satılsa, rentorun da gəliri bir o qədər çox olur. Amma rentorlar yalnız alğı-satqının baş tutduğu təqdirdə, gəlir əldə edə bilər. Bu alğı-satqının baş tutması üçün isə rentor qiyməti normal həddə müəyyən etməlidir. Alıcıya sərf etməyən qiymətlər rentora da sərf etmir. Ona görə də, burada məsələnin iki tərəfi var. Yəni qiymətin baha olmasında təkcə rentor maraqlı deyil. Rentorlar daha çox alğı-satqının baş tutmasında maraqlıdırlar. Çünki rentorların arasında da rəqabət kifayət qədər güclüdür. Onlar çalışır ki, istənilən halda, mənzili müştəriyə sata bilsinlər. Müştəri ilə mülkiyyətçi arasındakı münasibətlərin tənzimlənməsinə gəlincə isə rentorların fəaliyyətini tənzimləyən hər hansı bir qanun yoxdur. Bu məsələ ilə bağlı qanun, yaxud onların fəaliyyətini tənzimləyən hər hansı normativ sənəd qəbul olunarsa, hesab edirəm ki, o halda bu sahədə nizam-intizam yaratmaq olar”.
Şəbnəm
banner

Oxşar Xəbərlər