• cümə, 19 Aprel, 07:28
  • Baku Bakı 13°C

Yanan yataqxananın sakinləri ilə bağlı yeni qərar

08.06.17 19:03 1174
Yanan yataqxananın sakinləri ilə bağlı yeni qərar
Bu gün Yasamal Rayon İcra Hakimiyyətində yanan yataqxana ilə bağlı tədbir olub. Yanğınla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə müşavirə keçirilib.

AzərTac xəbər verir ki, müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və yanğından zərər çəkmiş məcburi köçkünlər də iştirak ediblər.

Müşavirədə bildirilib ki, iyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, hadisə barədə Prezident İlham Əliyevə məlumat verilib və görülən bütün tədbirlər dövlət başçısının nəzarəti altındadır.
Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alınıb ki, yanan mənzillər qısa müddət ərzində təmir edilsin. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım verilsin.

Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Baş nazirin müavini Əli Həsənov yanğın baş vermiş mənzillərin çox qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər