• çərşənbə axşamı, 23 aprel, 14:30
  • Baku Bakı 24°C

Yalquzaq - Müsahibə

21.09.16 13:26 2421
Yalquzaq - Müsahibə
Leonid Yarmolniki məşhur prodüser və siyasətçi kimi də tanıyırlar. Amma onu daha çox aktyor kimi sevirlər. 2014-cü ildə «Tanrı olmaq çətindir» filmindəki Rumat roluna görə "İlin ən yaxşı aktyoru” seçilib. O, həm də əla ailə başçısıdır.

Yarmolnik çoxsərhədlidir. Onu bir müsahibədə kəşf etmək mümkün deyil. Bununla belə, «Moskovskiy komsomolets» aktyorun bəzi keyfiyyətlərini üzə çıxarmağa çalışıb.
Xeyirlə Şərin mübarizəsi
- Leonid, Siz ümumiyyətlə, həyatda nədənsə qorxursunuz?
- Yaşa dolduqca daha çox həyəcanlanırsan. Bu o deməkdir ki, səni öyrədən adamlardan daha çox qorxursan.

- Bu, ailədir, yaxın dairədir?
- Hə, əlbəttə... Mən öz hərəkətlərimə görə daha çox məsuliyyət daşıyıram. Elə yaşamağa çalışıram ki, sonra hansısa bir hərəkəti düzgün etmədiyimə görə utanmayım. Həyatın göstərdiyi kimi mən heç nəyi qlobal edə bilmərəm, tamaşaçılara rəğbətimə baxmayaraq, bizim həyatımız onu idarə edən siyasətə uyğun qurulub. Hansısa şeyləri mən qətiyyən başa düşmürəm. Torpağa sevgini, vətənpərvərlik hissini kulta çevirməyi anlamıram. Bu, mənim vətənimdir, mənim torpağımdır, burada hər şey mənimdir. Mən burada özümü hamı ilə bərabər hiss edirəm. Buradakı hər şey haqqında bilirəm, hər şeyi sevirəm.
- Artıq Sizi heç nə təəccübləndirə bilməz?
- Sadəcə, idiotizmdən qorxuram. Kobud desək, mütəmadi olaraq, sənin bioqrafiyandan asılı olmayaraq, hər şeyə nəzarət etməyə və izləməyə başlayırlar. Onda mənim hər qəpiyim və ya baş verənlərə hər bir baxışımla maraqlanmağa başlayırlar. Onda həyatımda az iş görmədiyimi unudurlar. Bəlkə emosional mənada, mən tərbiyədə siyasətdən də güclüyəm. Daha doğrusu, bu, əbədi nağıl olan Xeyirlə Şərin mübarizəsidir.

- Mənsə fikirləşirəm ki, artıq bizdə hər şey yaxşılığa doğrudur?
- Bununla belə, mən düşünürəm ki, uzun illərdir işləyirəm, kifayət qədər insanlar düzgün yol seçiblər, yaxşılığa doğru dəyişiblər. Vicdanlı, ləyaqətli, xeyirxah olublar.

- Siz buna ümid edirsiniz?
- Hə, ümid edirəm. Mən ümumiyyətlə, düşünürəm ki, əsas hadisə idman və mədəniyyətlə bağlıdırsa, ölkə özünü normal hesab edə bilər. Ancaq nə vaxt ki, bizə sutkada 28 saat "bombalamaq-bombalamamaq”, "başını kəsmək-kəsməmək” sözlərini təkrarlayırlar, bu, təkcə Rusiyanı deyil, bütün bəşəriyyəti pozur. Biz artıq televizorda başların necə kəsilməsini sakitcə seyr edirik. Mən tələbə olanda hansısa sənədli və ya bədii filmdə iynə vurulması ilə bağlı epizod görmüşdüm. Bu, mənə pis təsir etmişdi. İndi isə gözümün qabağında hansısa canlını preparat halına salmaq olar. Mən də dəyişmişəm. Mənim də buna immunitetim yaranıb. Əgər hər gün səni zir-zibillə yedizdirirlərsə, 3-4 günə buna alışırsan. Bu, köhnəlmiş balıq kimidir.
Ziyalılar getdi...

- Yenidənqurma illərində "Zaman” proqramının hamını necə zinhara gətirməsi yadınızdadırmı? Biz ilk xəbərin birinci katiblə bağlı deyil, bizim yığma komandamızın hansısa dünya çempionatında qələbəsi ilə başlamasını istəyirdik. Lakin indi biz yenə də olanlara qayıtdıq: bu yenə də o və bir az da hava haqqındadır. Düzdür, artıq baş katib qaşlı deyil, bir az başqa cürdür. Amma eybi yoxdur...
- O başqadır. Bilirsiz ən qəribəsi nədədir? Əlbəttə, bizim ölkəmiz çox böyük və nəhəngdir. Çətin dəyişiləndir. Bəlkə də o hər şeyi başqa cür təsəvvür edirdi. Lakin bu, bataqlıq kimidir - səni özünə çəkir və səni elə bir personaja çevirə bilər ki, bu ölkədə yaşayan hər kəs bu rolda ola bilər.

- O rolda ki, «xalq» və ya özünü şah kimi təqdim edən svita da səni belə görmək istəyir.
- Əlbəttə, bu nəhəng bir işi təklikdə idarə etmək çətindir. O öz ətrafında elə insanları birləşdirib – bu elə bir xordur ki, orda fərdlər yoxdur. Mən hər şeydən narazı olmaq, hər şeyi söymək fikrindən uzağam. İndi deyirlər – «bax, ziyalılar belə reaksiya verir». Bilirsinizmi, ziyalılar 20-25 il bundan əvvəl var idi.

- Bu indi söyüş kimi səslənir: əsil kişiləri 18-ci ildə paroxodla apardılar.
- Bu o vaxt idi. Gerdovlar, lixaçovlar, saxarovlar yoxdur. Əlbəttə, bu ənənələri indi qoruyub saxlayanlar var, ancaq onlar çox azdır. Məni «ziyalılar» sözü qıcıqlandırır. Çünki bu heç də mənim ümumi dil tapa biləcəyim ziyalılar deyil, əksinə, mən onlarla yalnız mübahisə edə bilərəm. Və onların bu hüququ necə əldə etməsinə - ziyalı adlandırılmasına şübhə edə bilərəm.
Yeni həyat yaşamağa başladım

- Ailəniz haqqında nə deyərdiniz?
- İlk növbədə 1 il 9 aylıq nəvəm Petkadan danışım. O dünyaya gələndə mən artıq özümü əsil müdrik adam kimi hiss etdim. Onun gəlişinin məndə yaratdığı hissləri ifadə edə bilmirəm. Mən yeni həyat yaşamağa, dünyaya onun gözləri ilə baxmağa başladım. Onun hər bir reaksiyası, onun hər növbəti gün üçün dəyişməsi, hər hansı bir əşyaya münasibəti, televizor pultu ilə oynaması mənə maraqlıdır. Bu, sadəcə, həzzdir. Mən ümumiyyətlə, indi bütün iş qrafikimi onun yatdığı vaxta uyğun qurmağa çalışıram. O oyaq olanda isə daim onun yanında olmaq istəyirəm.
- Hamınız birgə yaşayırsınız?
- Hə, bağda yaşayırıq. Təbii ki, yanımızda dayə də var. Həyat yoldaşım, qızım və kürəkənim, bundan əlavə, ev köməkçisi, nənə də bizimlədir. Petya kifayət qədər insanın əhatəsindədir.
- Bacınız, deyəsən, Amerikada yaşayır.
- 1993-cü ildən Amerikadadır. Valideynlərim getdilər. Bacım da qızı ilə. Onlar Nyu-Yorkda yaşayırlar. Artıq atam həyatda yoxdur. Onun 80 yaşı oldu. 15 saniyənin içində atam həyatdan getdi. İndi ailənin yarısı ordadır, mənsə burada.

- Nyu-York əla şəhərdir.
- Əladır, amma… Təbii ki, mən Nyu-Yorkda bir neçə dəfə olmuşam. Əlbəttə, əla və füsunkardır, ancaq mənə görə səyahət üçündür. Nyu-Yorka gəlincə, mən daha çox Manhetteni xoşlayıram.
«Ey cuhud, bura gəl»

- Siz Lvovda doğulmusunuz?
- Yox. Mən Uzaq Şərqdə doğulmuşam. Lvovda isə oxumuşam.

- Amma sizin Ukrayna vətəndaşlığınız var?
- Yox. Bu məndə hardandır?

- Haradasa oxumuşam ki, Sizin orada eviniz var və onu qoruyub-saxlamaq üçün 1993-cü ildə vətəndaşlıq almısınız.
- Bilirsinizmi, valideynlərim gedəndə onlardan qalan yeganə şey mənzilləri idi. Atam 31 il sovet silahlı qüvvələrində qulluq etmişdi - mənzil də bu idi. Həmin mənzili satıb pulunu valideynlərimə vermək üçün mən Moskvada arvadımdan ayrılıb orada qeydiyyata düşməli oldum. Bu, çoxdan olub. Yalnız görünüş xətrinə orada qeydiyyata düşmüşəm. Guya orda yaşayıram və Ukrayna vətəndaşlığım var. Amma bütün hallarda bundan heç bir şey çıxmadı. Yenidən yoldaşımla bir araya gəldik, toy oldu. Həmin toyda Qorin, Jvanetski, Yankovski də iştirak etdilər. Hamısı gülüşürdü, çünki 15 ildən sonra ikinci dəfə evlənirdik.

- Təkrarlamaq xoş idi?
- Bu, bir növ əyləncə idi. Bilirsinizmi ən böyük problem nədir? Bizdə insana və onun hüququna qiymət qoyulmur. Vicdanla işlədiyin illərə görə onun borcundan çıxmırlar.

- Lvov sizin yaşadığınız illərdə kifayət qədər beynəlmiləl şəhər idi. Orada çoxlu yəhudilər, polşalılar, ruslar yaşayırdı.
- Mən həmişə deməkdən çəkinmirəm: Lvov qeyri-adi şəhərdir. Ağlagəlməz dərəcədə mədəni, gözəl... Amma millətlərarası nüanslar həmişə mövcud idi. Lvovu həmişə Polşa, Avstriya və Macarıstan çəkirdi. Orada SSRİ-nin müharibədən sonrakı həbslərini və təmizləmələrini bağışlaya bilmirdilər. İllər keçməsinə baxmayaraq, onlar qisasçılığı davam etdirirlər. Həmişə deyirlər ki, ən nifrətoyadanlar "moskallar”, zəncilər və yəhudilərdir.

- Siz orada antisemitizmlə rastlaşdınız?
- Əlbəttə, rastlaşdım və buna görə dəfələrlə dalaşmışam. Məni "cuhud” adlandırırdılar. Əgər yüngülcə incitmək istəsələr, sadəcə, "yəhudi” deyirdilər. Ancaq bundan az iztirab çəkmişəm. Bu, cavanlıqda olub və mən həmişə dalaşırdım.

- Bəs qorxmursunuz ki, Sizə yenə də birdən «Ey cuhud, bura gəl» deyərlər?
- Qorxuram... Amma məndə qeyri-adi bir əminlik var ki, mənimlə razılaşırlar. Ona görə ki, mən istənilən rus və ya bu ölkənin başqa bir millətinin üzvü ilə vətənpərvərlik sarıdan yarışa bilərəm.

- Siz «Krımnaş”ı hamının gözü qabağında dəstəkləmisiniz.
- Hə, mən hesab edirəm ki, bu, rus dənizçilərinin şöhrətidir. Bitdi, mövzu bağlandı. Mən axı Lvovun fəxri vətəndaşı idim. Bu sözlərdən sonra yaramazlar məni sildilər. Ümid edirəm ki, bu, keçəcək və buna görə məndən heç kim də üzr istəməyəcək. Onların üzr istəmələri mənə gərək də deyil. Əgər 5-10 ildən sonra Krımda yaşayan insanlar rusiyalı olduqlarına görə özlərini yaxşı hiss edəcəklərsə, demək, hər şey düzgündür. Əgər onlar əvvəlki kimi yaşasalar və ya pis yaşasalar, demək, bu, boş siyasi fənd imiş. Açığını desəm, mənim bundan o qədər də başım çıxmır, heç kimi heç nəyə məcbur da edə bilmərəm.

- Amma Sizdən də heç kim belə danışmağı, öz loyallığınızı hamının qarşısında göstərməyi xahiş etməyib, elə deyil?
- Qətiyyən... bu mənim öz vətəndaşlıq mövqeyimdir. Bizim hamımızın öz baxışımız var və bunu göstərməkdən çəkinməməliyik. Biz bu barədə danışa, mübahisə edə bilərik. Ancaq bu, bizim qarşılıqlı münasibətlərimizi, bir-birimizə hörmətimizi dəyişmir.
Azadlığın açarı

- Siz, ümumiyyətlə, hakimiyyətin Sizə olan reaksiyasından qorxursunuz?
- Qətiyyən yox. Mən həmişə öz işimlə məşğul olmuşam. Əgər hakimiyyət dəyişsə belə, işimi başqa cür qura bilmərəm. Mənim təyinatım – öz ixtisasımla məşğul olmaqdır. Kimlərsə – kommunistlər, demokratlar, liberallar küçədədirsə, mənə nə? Məni bu o zaman həyəcanlandırar ki, hansısa dərəcədə həyat, qanunlar, məhkəmə sistemi, səhiyyə, təhsilin müstəqilliyi dəyişsin. O zaman da mən öz işimlə məşğul olaram. Mən ki sifarişli dövlət filmlərində çəkilmirəm.

- Yəqin buna görə də Siz tamamilə üzdə deyilsiniz?
- Hamı bilir ki, mən bu mənada yalquzağam və bayırdakı havadan asılı deyiləm. Şükür Allaha, son illər mən nə istəyirəmsə, onu əldə etmək imkanı qazanmışam. Nəyi istəmirəmsə də onu etmirəm. Əsas etdiyim işi uğurlu eləməkdir. Mən əgər bir işi uğurlu görürəmsə, bu, mənim müstəqilliyimi artırır. Çünki mən buna görə pul alıram. Pul mənim üçün həyatda varlanmaq vasitəsi deyil. Azadlığa açardır – sabah nə ilə məşğul olacağım işi seçməkdir.
- Siz həm də təcrübəli televiziya adamısınız.
- Bilirsinizmi, məni kütləvi informasiya vasitələri üçün kiminsə doğulması, ölməsi, partlaması və ya zəlzələnin baş verməsi xəbərlərinin daha əhəmiyyətli olması ağrıdır. Bunlar efiri doldurmaq üçün bir qidaya çevrilib. Fikrimcə, bu haqda informasiya olmalıdır, amma dominantlıq təşkil etməməlidir. İnsanları bu cür yaralamaq, onları həmişə qorxuda saxlamaq, daim onlara faciə və bədbəxtlik xəbərləri vermək olmaz.

- Siz ki bilirsiniz, bu kimi xəbərlər yaxşı satılır.
- Hə, ancaq mən bunun əleyhinəyəm. Bizdə fövqəladə vəziyyətlə əlaqəli olan hər şey yaxşı satılır. Bu, aşağı səviyyəli janrdır. Bədbəxt hadisələrə, özgəsinin bədbəxtliyinə immunitetin olması hissiyyatsız adamlara aiddir. Həyatımın müəyyən bir hissəsində senzuranın olmamasını arzulamışdım. Amma indi isə səmimi deyirəm ki, senzura lazımdır. Mədəniyyət, əxlaq, davranış səviyyəsində senzura olmalıdır ki, efirdə nə təqdim olunduğu bilinsin.

- Buna yenə də Mixalkovlar və Medinskilər qərar verəcək. Sizə bu lazımdır?
- Hə, siz özünüz suala cavab verdiniz. Mən də axı özümü seçkilərdə sınamışam. Ancaq məşhur partiyadan olan poliklinika müdiri qalib gəldi. O məni bir faiz qabaqladı. Mənim sahəm yeganə olaraq Moskvada idi, hansı ki, gecə yarısına kimi saymışdılar. Mən «Yarmolnik Moskva şəhər dumasına lazım deyil» - deyə qərar verənlərə hədsiz minnətdaram. Çünki mən xorda oxumağı bacarmıram.
Rus mətbuatından çevirdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər