• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

Yalanı həqiqət kimi təqdim etməyə cəhd göstərənlər

19.03.18 20:46 934
Yalanı həqiqət kimi təqdim etməyə cəhd göstərənlər
Ən müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb xaricə sığınan Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Rafael Piriyev, Arif, Leyla və Ramiz Yunus kimi antimilli ünsürlər barədə dəfələrlə yazmışıq. Bu şəxslər PİN kimi təşkilatlardan "qidalanaraq” sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparmaqdadırlar. Onların erməni lobbisi ilə əməkdaşlığı da danılmaz faktdır. Artıq heç kimə sirr deyil ki, bu adamlar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, erməni lobbisindən tapşırıqlar alırlar.Bununla yanaşı, xaricdə yaşayan bəzi imkanlı azərbaycanlılar da belə məsələlərdə ciddi səylər göstərirlər. Mediada yer alan araşdırmalardan bəlli olur ki, "Quska” ləqəbli Hüseyn Abdullayev, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov, erməni lobbisindən pul alan keçmiş səfir Arif Məmmədov həmin başıpozuqları maliyyələşdirirlər. Əsas maliyyə mənbəyi rolunda məhz H.Abdullayevlə E.Abdullayevin çıxış etdiyinə dair daha dəqiq məlumatlar var. Bu sırada ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da adı çəkilir. Beləliklə, bu antimilli ünsürlər şəbəkə halında fəaliyyət göstərərək, sosial şəbəkələrdə müxtəlif adlar altında səhifələr yaradır, Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqına sadiq adamları hədəfə alır, onları küçə söyüşləri ilə təhqir edir, yaxud təhqiramiz karikaturalarla xalqın iradəsini ifadə edən şəxsin və ya şəxslərin nüfuzuna xələl gətirməyə çalışırlar.

Misal üçün, AXCP-nin sosial şəbəkələrdəki səhifələrində, yaxud cəbhəçilərin öz profillərində heç bir həqiqətə əsaslanmayan, daha çox yalan üzərində qurulan "məlumatlar” ictimailəşdirilir. Sonradan həmin səhifələr "mənbə” rolunu oynamaqla, xaricdən idarə olunan "meydan.tv”lərin, yaxud xaricdə antiAzərbaycan kampaniya aparan ayrı-ayrı şəxslərin səhifələrində paylaşılır, Azərbaycan reallığı kimi təqdim olunur. Bununla da ölkəmiz haqqında neqativ rəy formalaşdırmağa kütləvi cəhdlər edilir. Söylədiklərimizə konkret misal olaraq qeyd edək ki, AXCP Binəqədi rayon şöbəsinin üzvü Rəşid Fərəcli (Öfkəli) martın 5-də öz profilində bir nəfərin özünü yandıraraq intihar etdiyini əks etdirən foto yayıb. O, fotoya belə bir təqdimat yazıb: "İşlədiyi şirkət maaşını vermədiyi üçün özünü yandırdı. Xalq məhv olub gedir. Əksəriyyət də vicdanını cibinə qoyub gəzir, guya ki, yaşayır”.

Göründüyü kimi, status müəllifi hadisənin harada, nə vaxt baş verməsi barədə bilərəkdən məlumat verməyib, təxribatçı hərəkətlərlə insanları qızışdırmağa, onları siyasi hakimiyyət əleyhinə fikir bildirməyə təhrik edib, yönəldib. Dərhal bu status və foto AXCP-nin "Facebook” səhifəsində, - "Bu millət nə fikirləşir?”, - başlığı ilə "peyda olub”. Üstəlik, sözügedən səhifənin admini qeyd edilən paylaşımın altında, - "Bu xalqı bu günə hakimiyyət salıb. Xalq artıq çıxış yolunu intiharda görür”, - kimi rəy yazıb. Onun ardınca AXCP sədri Əli Kərimlinin trolları "məharətlərini” göstərməyə başlayıblar. Leyla Esedova ad-soyadlı troll insanların belə məsələlərə həssaslığını nəzərə alaraq, paylaşımı görənləri bir qədər də qızışdırmaq üçün həmin statusa belə bir rəy yazıb: "Maaşı ala bilmir, görürsünüz, millət, bura Azərbaycandır. Bu xalq özünü yandırır. Oğlanın adı İsadır, onu tanıyıram, Bakıxanovda yaşayır”.
Beləliklə, AXCP trolları və "başbilənləri” martın 10-da keçirəcəkləri icazəli aksiyaya bu yolla adam toplamaq niyyəti də güdüblər. Lakin bir neçə gün sonra məlum olub ki, cəbhəçilərin özlərinə əl qatıb haray-həşirlə təqdim etdikləri bu "insanlıq faciəsinin” Azərbaycana heç bir aidiyyəti yoxdur. Fatimə Hacıbəyli ad-soyadlı "Facebok” istifadəçi konkret faktla sübut edib ki, cəbhəçilərin sosial şəbəkədə paylaşdığı şəkil və intihara cəhd hadisəsi uzun müddət bundan öncə Türkiyədə yaşanıb. Beləliklə də radikal müxalifətin və xaricdəki sapı özümüzdən olan baltaların yalanı heç 40 gün çəkməmiş üzə çıxıb.

Buna oxşar başqa bir olay xaricə sığınaraq antiAzərbaycan təbliğat aparan, özünü "hüquq müdafiəçisi” adlandıran Vidadi İskəndərli ilə əlaqədardır. Xatırlayırsınızsa, bu günlərdə "Youtube”də guya V.İskəndərlinin Göyçay rayonunun Məlik kəndindəki qəbiristanlıqda dəfn olunan atasının məzarının "mundarlanaraq” "təhqir olunmasını”, həmçinin "hüquq müdafiəçisinin” ünvanına işlədilən söyüşləri əks etdirən video yayıldı. Məhz bu videodan sonra V.İskəndərlinin "ulduzu parıldadı”. Dünənə kimi orta səviyyəli azərbaycanlının tanımadığı bu şəxs xarici ölkələrdə sığınan bəzi antimilli ünsürlərin sosial şəbəkələrdə adminlik etdiyi səhifələrdə "zərərçəkən”, "siyasi mühacir”, "demokratiya fədaisi” kimi təbliğ olunmağa başlandı. Bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında daha bir neqativ rəy yaradılmasına cəhd olundu. Sanki, Azərbaycan iqtidarı, siyasi hakimiyyətin ayrı-ayrı üzvləri öz opponentlərinə qarşı belə "mübarizə” aparırlar. Əlbəttə bu, belə deyildi. Çox çəkmədi ki, bu yalanın, təxribat cəhdinin üstünü elə V.İskəndərlinin öz qohum-əqrəbası açdı. Onlar mediaya açıqlama verərək, V.İskəndərlinin yalan danışdığını, hətta atasının qəbrindən də öz çirkin siyasəti üçün istifadə etdiyini bildirdilər.

Bu kimi faktları onlarla sadalamaq olar. Antimilli ünsürlərin, radikal müxalifət təmsilçilərinin belə davranışları bir daha onların mahiyyətindən xəbər verir. Növbəti dəfə hər kəsə bəlli olur ki, Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Onlar üçün yeganə məqsəd ən çirkin vasitələrə əl atmaqla, küçə tərbiyəsi səviyyəsində "mübarizə” aparmaq, bunun müqabilində Con dayılarından, Haykanuş xalalarından 5-10 min avro "qopartmaqdır”.

Alpər TURAN





banner

Oxşar Xəbərlər