• cümə, 29 Mart, 12:49
  • Baku Bakı 14°C

#YalançıNikol qrafitisi Ermənistanı bürüdü

16.04.19 17:19 486
#YalançıNikol qrafitisi Ermənistanı bürüdü
Ermənistanda vətəndaş cəmiyyəti fəalları baş nazirNikol Paşinyana qarşı qrafiti aksiyası təşkil ediblər. Məlumatı "Interfax” agentliyinin Ermənistandakı bölməsi yayıb. #SutNikol (Yalançı Nikol)həştəqi ilə çəkilmiş qrafiti Yerevanın mərkəzi küçələrində peyda olub. Aksiyanın təşkilatçılarından olan bloqqerArtur Danielyanın sözlərinə görə, qrafiti Ermənistanın 9 şəhərində çəkilib. Ancaq bircə Yerevanda fəallar saxlanılıb. Doqquz fəalın hamısı gün ərzində polisdən buraxılıb. "Paşinyan hakimiyyəti yalanla ələ keçirib. Onun bütün bəyanatları yalana söykənir. Biz qərara gəldik ki, Ermənistanda heç də hamının ona gözüyumulu inanmadığını göstərək. Aksiyalarımız davam edəcək”,– Danielyan keçirdiyi mətbuat konfransında deyib.
Nikol Paşinyan ötən il mayın 8-də, antihökumət etirazları nəticəsində hakimiyyətə gəlib. Sentyabrda Yerevanda Ağsaqqallar Şurasına seçkilərdə onun "Mənim Addımım” bloku səslərin 80 faizindən çoxunu yığıb. Oktyabrda Paşinyan növbədənkənar parlament seçkisinə nail olmaqdan ötrü istefaya gedib. O, 2019-cu ilin yanvarında yenidən hökumətin başına keçib. ABŞ-ın Gallup International Association ictimai rəy mərkəzinin məlumatına görə, hazırda Ermənistanda Paşinyanın partiyasına dəstək 69,5 faizdir.
Paşinyandan olan narazılıq artıq parlamentdə də geniş vüsət alıb. Dünən Ermənistan parlamentində deputatlar arasında kəskin mübahisə yaranıb. Gərginlik əsasən "Mənim Addımım” ilə müxalif fraksiyalar arasında yaşanıb. Gərginliyə səbəb "Mənim Addımım” Blokundan olan deputat Hamazasp Daniyelyanın müxalifəti populizmdə ittiham etməsi olub. O, "Çiçəklənən Ermənistan” Partiyasının keçmişdəki müxalif fəaliyyətinə şübhəli yanaşdığını deyib. H.Daniyelyanın bu çıxışına "Çiçəklənən Ermənistan” Partiyasının deputatları sərt reaksiya veriblər. Belə ki, fraksiya adından çıxış edən Zöhrabyan Daniyelyana cavab verib: "Siz "Çiçəklənən Ermənistan” Partiyasının fəaliyyətini özünüzün qısa siyasi bioqrafiyanız ucbatından anlaya bilməzsiniz. Əgər Nikol Paşinyan, Sasun Mikaelyan və digər bir neçə deputat olmasaydı, sizin üstünlüyünüz harada olacaqdı? Parlamentdə olmayacağı dəqiqdir!” Tərəflər arasındakı mübahisəyə "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan da qatılıb. O, "Mənim Addımım” blokunu mövqeyinə görə tənqid edib: "Biz Paşinyanla birgə bir neçə il əvvəl parlamentə deputatların cəzaçəkmə müəssisələrini ziyarət etməsi haqqında qanun layihəsi təqdim etdik və həmin qanun layihəsi o zamankı hökumət tərəfindən rədd edildi. İndi biz eyni qanun layihəsini təqdim edirik və siz bizi populizmdə ittiham edirsiniz. Hərdən geriyə baxın, kimin nə etdiyini görün, sonra danışın. Oxuyun, öyrənin”.
Ümumiyyətlə, Paşinyandan narazılıq media və siyasi dairələrdə də artır. Politoloq Stepan Markaryan bildirib ki, Ermənistanda oliqarxiyaya qarşı mübarizə adı altında iri kapitala qarşı mübarizə aparılır. Onun sözlərinə görə, iri kapital olmadan hansısa iqtisadi inkişafdan danışmağına dəyməz. "Nifrət atmosferi yaratmaq, iri biznesmenləri izləmək gərək deyil. Biznes oyunları qaydalarını dəyişmək gərəkdir”. Artıq hakimiyyət ölkə xaricində fəaliyyət göstərən iş adamlarına qarşı da hücuma keçib. Məsələn, Rusiya hökuməti Ermənistanın "banan kralı” olaraq tanınan Miqran Poqosyanı İrəvana verməkdən imtina edib. Bu məlumatı "İrates” qəzeti yayıb. Qəzet Rusiya hökumətinin bu addımı Ermənistanın məhkəmə hakimiyyətinə etibar etmədiyi üçün atdığını bildirib. Qeyd edək ki, Miqran Poqosyan Ermənistan Ədliyyə Nazirliyinin Məhkəmə Aktlarının İcrası Xidmətinin keçmiş rəhbəridir. O, uzun illər Ermənistanda "banan kralı” kimi tanınıb. General-leytenant olan Poqosyan hazırda Moskvada gizlənir.
"İrs” Partiyası isə baş nazir qarşısında çox sərt tələblə çıxış edib. Partiya baş nazirin ölkədə guya 50 min iş yerinin açılması barədə bəyanatına aydınlıq gətirilməsini tələb edib. Xatırladaq ki, baş nazir AŞ PA-nın aprelin 11-də keçirilən iclasında belə bir statistikanı açıqlayıb. Bəyanatda isə bildirilir ki, Ermənistan Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərdə bu barədə heç nə yoxdur. Bununla yanaşı, fevral ayı üçün təqdim edilən rəsmi məlumatlara görə, Ermənistanın iş qabiliyyəti olan əhalisinin (228 min) 21 faizi işsizdir. Məlumatlara görə, sənaye və iqtisadiyyatın digər sahələrində, xüsusən də dağ mədən sənayesi və metallurgiya sahəsində ciddi eniş qeydə alınıb. İş yerləri kütləvi şəkildə ixtisar olunur. "Biz sizin hökumətin fəaliyyəti dövründə konkret nə qədər iş yerlərinin bağlandığı barədə xəbərləri gözləyirik”, - deyə baş nazirə ünvanlanan məktubda vurğulanır.
Hakimiyyətin uğursuzluqları artıq Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyasında ciddi canlanma yaradıb. "Nyus.am” yazır ki, əvvəlki susqunluqdan əsər-əlamət qalmayıb. Aktiv fəaliyyət hiss olunur, bağlı qapılar artıq yoxdur. İnsanlar səhərdən gəlib axşama kimi ofisdə otururlar. "Qrparak” qəzeti yazır ki, partiyanın sədri hər gün ofisdə olur, görüşlər keçirir: "Bir vaxtlar partiyanı tərk edənlər mütəmadi olaraq geri dönürlər. Lakin heç də hamını qəbul etmirlər. Direktor bir çoxlarından çox incikdir. Respublika Partiyasına Rusiya və Qərb emissarlarından da maraq var. Bu qüvvələr baş nazirlə əlaqə yarada bilmirlər və bu səbəbdən də bu problemi digər qüvvələrlə həll etməyə çalışırlar”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər