AZE | RUS | ENG |


Yalançılığın elan forması

Yalançılığın elan forması
Sosial şəbəkələrdə yayılan aldadıcı reklamlar insanları tora salmaq məqsədi güdür

Turizm şirkətlərindən birinin "Novruz günlərində Moskva turu” elanı ilə qarşılaşıb, şirkətə zəng edərkən, reklamda təqdim olunan qiymətdən fərqli rəqəm eşitdik. Elanda qeyd edilən qiymətlə təxminən 50 avro fərqin yaranmasını isə agentlik işçisi belə izah etdi: "Vaxta az qalıb. Ötellerin səhər yeməyi daxil olan nömrələrini satmışıq. Hazırda təqdim olunan paketlərə səhər yeməyi daxil deyil. Bunun üçün şəhər mərkəzindən kənarda otel təklif edə bilərik. Hələ ki qiymətlərdə bundan başqa dəyişiklik yoxdur”. 

Sosial şəbəkələrdə iş, turizm, təhsil, əmlak, avtomobil satışı və s. xidmətlərlə bağlı bu tip elanlarla hər gün qarşılaşırıq. Sərfəli qiymətləri ilə ilk baxışdan cəlbedici görünən belə elanların adətən bir qədər dərinə gedib məlumat toplayanda, aldadıcı xarakter daşıdığı üzə çıxır. 

Xüsusən turizm, təhsil və əmlak məsələləri ilə bağlı yalan elanlar günü-gündən artmaqda, insanların isə narazılıqları çoxalmaqdadır. Ekspertlər bu cür mənfi halların yaranmasını biznesin qanunu kimi dəyərləndirmirlər, əksinə, insanları şirnikləşdirməklə pul qazanmaq istəyi kimi xarakterizə edirlər. Hələlik isə, sosial şəbəkələrdə yalançı elanların yer almasının qarşısının alınması üçün heç bir tədbir görülmür. Bu baxımdan, necə deyərlər, yalan ayaq tutub yeriyir. 
 
Təhrif olunmuş qiymətlər

"Luna Travel” turizm agentliyinin rəhbəri Rəhman Quliyevin fikrincə, sosial şəbəkələrdə görünənlər, əsasən yeni yaranan şirkətlərdir. Belə ki, onlar təklif etdikləri şok qiymətlərlə insanları tora salmağa çalışırlar: «Bir neçə dəfə özüm də müştəri adı ilə o firmalara zəng edib həmin paketləri haradan əldə etdikləri ilə maraqlanmışam. Eynilə siz deyən sözləri eşitmişəm. Məsələn, bu gün yerləşdirdikləri elanla bağlı zəng edəndə həmin elanın dünənə aid olduğunu bildirir, «bu gün isə qiymətdə dəyişiklik var» deyirlər. Daha sonra «yeni qiymətlər təklif edə bilərik. Daha əlverişli və maraqlı təkliflərimiz var» - deyə bildirirlər”. R.Quliyev deyir ki, xüsusən erkən rezervasiyaların elanlarında bu cür aldadıcı rəqəmlərə rast gəlinir: "Müxtəlif ucuz paketlər təqdim olunur. Onların əsas məqsədi müştərini cəlb etməkdən ibarətdir. Ona görə də insanlar sosial şəbəkələrdə yayılan reklamlara inanmamalıdırlar. Onların çoxu demək olar ki, yalan informasiyalardır». 

R.Quliyevin sözlərinə görə, nadir hallarda sosial şəbəkələrdə dəqiq elanlar yerləşdirilir: "Normal firmalar xidmətlərinin dəqiq qiymətlərini heç vaxt sosial şəbəkələrdə təqdim etmirlər. Çünki onlar bununla öz reytinqlərini aşağı salırlar. Onlar müştərilərə sərf etməsi üçün müəyyən üsullardan istifadə edirlər. Səyahət edən müştərilərə məsləhət görərdim ki, əgər il ərzində bir dəfə vaxt tapıb səyahətə gedəcəklərsə, bircə gün də vaxt tapıb tanıdıqları və etibar etdikləri, lisenziyası və normal ofisi olan turizm firmalarına getsinlər. Hazırda bir şox firmaların heç bir təminatı yoxdur. Onlar bu tip elanlar vasitəsilə müştərini tora salır, pul alır, sonra da həmin pullarla aradan çıxırlar». R.Quliyevin sözlərinə görə, müştərilərin bu cür üsulla aldadılması halları dəfələrlə baş verib: «Bu cür aldanmalarla bağlı təhlükələr çoxdur. Hətta elə bir vəziyyət yaranıb ki, Mədəniyyət və Turizm Nazirliyi də məsələyə müdaxilə edə bilmir». 

R.Quliyev hesab edir ki, lisenziyaların verilməsində yaranan sərbəstlik belə mənfi halları meydana çıxarır: «Bu sektoru sertifikatlaşdırmaq lazımdır ki, özbaşınalıq yaranmasın. Yoxsa bu cür davam edərsə, turizm agentliklərindən istifadə edənlərin çoxu müxtəlif problemlərlə üzləşəcək». Onun fikrincə, bu cür xidmətləri yalnız yeni yaranan firmalar təqdim edir: «Özünə hörmət edən, etibarını və sambalını qoruyan, bazarda özünə nüfuz qazanan şirkətlər bu cür elanlarla çıxış etmirlər. Reklamlar isə təhrif olunmuş qiymətlərin üzərində qurulub, onlara inanmaq lazım deyil». 

Qanunvericilik bazasının olmaması

Əmlak eksperti Ramil Osmanlı da spekulyativ elanların sosial şəbəkələrdə yerləşdirilməsini inkar etmir. Yəni bu cür elanlar həmişə olub və indi də var: «Bu cür elanların ən əsas səbəbi, xüsusən alqı-satqı sahəsində fəaliyyət göstərən şəxslərin müştəri kontingenti toplaması ilə bağlıdır. Onlar bu cür variantlardan istifadə edərək müəyyən əlaqələr qurmağa çalışırlar. Bu da çox hallarda uğursuz alınır. Burada insanlara təsir etmək baxımından müəyyən psixoloji məqamlar var». 

Ekspertin fikrincə, müştəri belə hallarda vaxtını və inamını itirir: "Məsələn, ev satılanda mənzilin qiymətini nisbətən aşağı deyirlər. Müştəri yerində tanış olmaq üçün gedəndə qiymətin deyildiyi kimi olmadığı ilə qarşılaşır. Səbəbini soruşanda isə qeyri-müəyyən cavablar eşidir. Əslində həmin insanlar müştəri qazanmaq əvəzinə, bu cür elanlarla müştərini itirirlər». Ekspertin fikrincə, yalançı elanlarla əhatələnən sahə son illərdə Azərbaycanda müəyyən qədər inkişaf edib. Bununla belə bu gün ev alqı-satqısı məsələləri ilə məşğul olan ciddi şirkətlər də var: "Sözsüz ki, paralel olaraq spekulyantlar, öz işinə peşəkarcasına yanaşmayan adamlar da meydana çıxır. Onlar bu cür variantlardan istifadə edərək müştəri cəlb etməyə çalışırlar. Təəssüf ki, onların atdığı bu addım fəaliyyət göstərdikləri sahənin imicinə zərbə vurur”. 

Ekspert şikayətlənir ki, illərdir bu sahədə iş getməsinə baxmayaraq, ölkəmizdə Daşınmaz Əmlak Agentliyi hələlik «makler» statusundan kənara çıxa bilməyib. Belə ki, bu sahədə qanunvericilik bazasının olmaması, ümumi tənzimləmə mexanizminin yoxluğu bu cür şəraitin yaranmasına gətirib çıxarır. 

Aldandıqlarını başa düşəndə...

Təhsil sahəsində bu tip elanların yayılmasına, həm də çoxluq təşkil etməsinə gəlincə, ekspert Kamran Əsədov hesab edir ki, təhsillə bağlı yalançı elanlar xüsusən qəbul imtahanları ərəfəsində və ondan sonrakı dönəmdə daha da populyarlaşır və yayılmağa başlayır: "Hər hansı bir şəxsin qohum-qonşusu ali məktəbə qəbul olunanda, digəri isə qəbul oluna bilməyəndə o, bunu hansı yollasa aradan qaldırmağa çalışır. Bu zaman artıq sosial şəbəkələrdə, internet resurslarında axtarışlar etməyə başlayırlar. Qarşılarına çıxan cəlbedici ilkin reklam onları aldadır. Nəticə etibarilə onlar həmin elanlara və ya reklamlara müraciət edirlər. Aldandıqlarını başa düşəndə isə həm gec olur, həm də bu eybi yenidən özlərinə yaraşdırmaq istəmirlər”. 

Hazırda Azərbaycanda 200-ə yaxın xaricdə təhsil mərkəzinin fəaliyyət göstərdiyini, onlardan 170-dən çoxunun mövsümi xarakter daşıdığını deyən təhsil eksperti həmin şirkətlərin bu il bir, gələn il isə digər ad altında fəaliyyət göstərdiklərini qeyd edir: "Onlar fəaliyyətləri dönəmində insanları reklamlarla cəlb edib aldadırlar. Bu işdən bir qədər anlayışı olanlar bilirlər ki, xaricdə qəbul zamanı sadəcə orta təhsil sənədi yetərlidir. Ancaq onlar digər prosedur qaydaları bilmirlər. Yəni qəbul zamanı xidmət haqqını burada ödəyirlər, getdikləri ölkədəki xərcləri Azərbaycan manatının müqabilində hesablaya bilmirlər. Xaricdə təhsil müəssisələrinə insanları nə qədər cəlb edirlərsə, o qədər də onların hüquq pozmaları meydana çıxır”. Ekspertin sözlərinə görə, əksər şirkətlərin əməkdaşlıq etdikləri universitetlərin Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmaması da ayrı problemdir: "Tələbələr təhsil alıb gəlirlər, sonradan həmin universitetlərin heç bir fəaliyyət sənədinin olmaması və ya əsassız fəaliyyətləri məlum olur. Bu gün təhsil bizim insanımızın ən yaralı yeridir. İnsanlar son pullarını da təhsil üçün yönəldirlər. Xaricdə hansısa ali məktəblərə vəsaiti sərf edirlər, ancaq övladlarını ölkə daxilində, hansısa peşə məktəbində oxumağa yönəltmirlər. Ona görə də  insanların bu cür elanlarla kütləvi surətdə xaricdə təhsil alıb sonra işlə təmin olunmaması kimi danılmaz bir problem var”.

Ekspertlərin fikirləri məsələyə aydınlıq gətirsə də, təbii ki, çıxış yolu deyil. Bütün hallarda, insanları tora salmaq və ya müştəri cəlb etmək üçün yalan ayaq tutub yeriyirsə, insanlar özləri ehtiyatlı olmalıdırlar. Yəni bir iş görərkən yüz ölçüb bir biçmək lazımdır. Axı sonrakı peşmançılığın faydası olmur...  
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN