• cümə axşamı, 28 mart, 15:37
  • Baku Bakı 16°C

Yalan qəbul etməyən yeganə iş poeziyadır

04.05.15 06:15 1468
Yalan qəbul etməyən yeganə iş poeziyadır
Əsl adı Georgies Seferiades olan Yorqos Seferis müasir yunan ədəbiyyatında simvolizm cərəyanının banilərindən hesab olunur. Diplomatiya sahəsində təhsil almış ədib bir müddət ixtisası üzrə fəaliyyət göstərib. 1900-cü il mart ayının 13-də ədəbiyyata olduqca marağı olan yunan hüquqşünasın ailəsində, İzmirdə anadan olan Yorqos 14 yaşına qədər bu şəhərdə yaşayıb. İlk təhsilini burada almış yazıçı yunan balıqçıların dillər əzbəri olan Girit dastanlarını dinləyərək böyüyür. Birinci Dünya müharibəsi başlayanda ailəsi ilə birgə Afinaya köçür. 1918-ci ildə təhsilini davam etdirmək üçün Parisə yollanan yazar burada hüquq təhsili alır. Həmin illərdən artıq şeirlər yazmağa başlasa da, 1925-ci ildə vətəninə dönərək, diplomatik fəaliyyətə başlayır. Diplomatik fəaliyyəti ilə paralel şeir, ədəbi tənqid yazan və tərcümə ilə məşğul olan Yorqos 1931-ci ildə Yunanıstanın Britaniyadakı səfirliyinə ezam edilir. Sonralar Cənubi Afrika, Misir, Türkiyə, Livanda diplomatik fəaliyyətini davam etdirir. 1963-cü ildə “Qədim Ellin dünyasının qarşısında baş əyməyə vadar edən gözəl lirik əsərlərinə görə” Nobel ədəbiyyat mükafatına layiq görülən şair “Strophe”, “The Cictern”, “Log Book”, “Three Secret Poems” və s. kitabların müəllifidir. Müəllifin ədəbi yaradıcılıq haqqındakı söhbətindən hissələri ixtisarla təqdim edirik.
“1931-ci ildə ilk kitabım “Dönüş nöqtəsi”ni (“The Turning Point”) cəmi 150 nüsxə ilə çap etdirmişəm. İndiyə kimi də xatırlayıram, 1939-cu ildə belə kitab mağazalarında, piştaxtalarda o kitabdan var idi, o 150 nüsxədən. O qalan nüsxələri dövriyyədən yığdıq ki, 1940-cı ildən həmin kitabı yenidən çap etdirim. Artıq onda vəziyyət bir qədər dəyişmişdi. Tezliklə Yunanıstan Almaniyaya qarşı başlamış müharibədən sonra tənəzzülə uğradı. Nəşr olunmuş “Log Book I”, “Mythistorema”və “Book of Exercises” kitablarımdan bir nüsxə belə satmadan hökumətin göstərişi ilə Krit və Qahirəyə sürgün edildim. Onda artıq “Cistern” və “Strophe” adlı iki kitabım da nəşrə hazır idi. Adını çəkdiyim kitabların hamısı sürgündə olduğum illərdə satılmışdı. Geri qayıdanda oxumaq üçün bir nüsxə də tapa bilmədim...”
“...bir il bundan əvvəl amerikalı oxucumdan məktub aldım: “Beləcə, Seferisi dərindən anlamaq və tərcüməsiz oxumaq üçün müasir yunan dilini öyrənməyə başlamışıq”. Şair üçün bundan daha böyük kompliment nə ola bilər deyə uzun müddət düşündüm. Məktəbdə, universitetdə yunan dilini məcburi fənn kimi keçməyən, bu dildə ömür boyu danışmayacaq insan sırf sənə görə, yazdıqlarına könül verdiyinə görə kifayət qədər çətin hesab olunan yunan dilini öyrənməyə başlayır. Bir oxucu isə yazmışdı ki, şeirlərinizi oxuya-oxuya yunan dilini öyrəndik. Nə böyük qürur, necə böyük şərəf!”
“Cavanlığımda dil biliklərimi artırmaq üçün yunan dili üzərində çox işləyirdim. Lüğətlər, köhnə mətnlər, əlyazmalar, orta əsr tarixi mənbələr və bu tip minlərlə çox fərqli və qədim mənbə. Amma çətinlik onları oxumaqda, öyrənməkdə, mənimsəməkdə deyildi, əsas çətinliyi mənimsədiklərimi yamsılamamaq üçün onları unutmaqda və təbii olmaqda yaşadım. Bunun öhdəsindən gəlmək çətindir. Ola bilsin ki, həmişə təbii və özünəməxsus - təbiətin mənə verdiklərinin yaratdığı özünəməxsusluğu nəzərdə tuturam – olmağı arzulamışam”
“İctimai sözçü olmağımı tələb edənlər də var. Amma bir şeyi unutmaq olmaz, insan təbiətinin diqtə etdiyi kimi davranmayanda gülünc vəziyyətə düşür. Kimsə düşünür ki, Nobel mükafatlı yazıçı kimi mənim ədəbi irsim elə də zəngin deyil. Ola bilər, amma mən kiməsə görə özümü yazmağa məcbur edə bilmərəm, heç vaxt etməmişəm. Vacib hesab etmədiyim işi icra etmirəm, hələ bir bu işi məcburiyyət kimi təqdim edirlərsə. “Vacib” anlayışı nəzərimdə ədəbiyyata,yaradıcılığa yad məfhumdur”
“Yunanıstanın yeni ədəbi nəsli üçün bir neçə məsləhət vermək istəyirəm. Müasir yunan dilini əlinizdən gələn qədər dərindən mənimsəməyə çalışın. Onu mükəmməl bilmədən yazmağa başlasanız, nə özünüz uğur qazana biləcəksiniz, nə də dilin ifadə imkanlarını zənginləşdirəcəksiniz. Yaxşı ədəbi nümunə yaratmağın ilk şərti insanın gördüyü işə inanmasıdır, kiminsə inancını doğrultmaq, kiminsə gözləntilərinə cavab vermək üçün yazmayın. Bir şeyi əsla unutmayın, dünyada yalan qəbul etməyən yeganə iş poeziyadır. Saxta duyğu, yalan hiss poeziyada özünü əsla doğrulda bilməz”
Tərcümə etdi:
Elcan SALMANQIZI
P.S. Yazı “Paris Review”-nun materialı əsasında hazırlanıb
banner

Oxşar Xəbərlər