Yadındamı, ötən günlər...
«O, təkcə Azərbaycan estradasını deyil, həm də bütövlükdə musiqimizi
yüksəklərə qaldırmışdı. Onun ifaçılıqda fərdi üslubu vardı...» Xalq artisti
Oqtay Ağayev haqqında həmkarlarının səsləndirdiyi bu fikirlər müğənninin
yaradıcılığına olan dinləyici məhəbbəti ilə üst-üstə düşür. Oqtay Ağayevin həzin-həzin,
şirin səslə oxuduğu mahnılar hələ də qulaqlarda səslənir. Televiziya və
radionun qızıl fondunda saxlanan mahnılar hər dəfə səsləndikcə dinləyiciləri ötən
günlərə qaytarır, onlara xoş bir nostalji yaşadır. Sanki insanlara müğənninin bənzərsiz
səslə oxuduğu "Yadındamı, ötən günlər” mahnısını pıçıldayır...
200-dən çox mahnı
Oqtay Ağayev Bakıda doğulub. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə
partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər
"xalq düşmənləri” kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün
var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi
babalarının İçərişəhərdəki evində qalmalı olublar.
O.Ağayevin uşaqlıq illəri
müharibə dövrünə təsadüf etdiyi üçün ağır keçib. Musiqini uşaqlıqdan sevən
O.Ağayev1953-cü ildə Asəf Zeynallı adına Musiqi
Texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen özü də müğənnilik edib.
78 yaşlı qadın Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafı
üçün çalışıb.
Hərbi xidmətdən qayıdandan sonra
O.Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev
konservatoriyada Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deyirdi.
O.Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist
kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə
Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti
olub. Müğənni 1962-ci ildə bu orkestrlə Kreml Sarayında çıxış edib. O.Ağayev
ümumilikdə Kreml Sarayında 11 konsert verib.
Müğənninin yaradıcılıq yolu 1958-ci ildə "Qaya” kvartetendən keçir.
O, həmçinin bir çox xarici ölkələrə
qastrola çıxıb və demək olar ki, keçmiş SSRİ-nin bütün ölkələrini gəzib.
O.Ağayevin "O qızı tapın”, "Dağlarda
döyüş”, "Şərikli çörək” filmlərində ifa etdiyi mahnılar həmişə yaddaşlardadır.
Bu filmlər hər dəfə ekrana gələndə tamaşaçılar onun əvəzolunmaz ifasını yenidən
eşidir, səsinin təkrarsızlığını yenidən hiss edirlər. Müğənni, həmçinin Vaqif Mustafayevin "Yapon” və yaponiyalı” filmində
milis rəisi rolunda çəkilib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Balaca Rəşid
«70-ci illərdə mən Mahnı Teatrının rəhbəri olanda, Oqtay Ağayev də bu
teatrın solisti idi» - deyə Xalq artisti
Faiq Sucəddinov xatırlayır: "Oqtay Ağayevin özünəməxsus səsi vardı. Səsi
bir qədər az idi, amma estrada müğənnisinə geniş səs lazım deyil. Oqtayın böyük
zövqü vardı və bu zövqü onun mahnılarını dinlədikcə hiss etmək olur. Mənə elə gəlir
ki, onun ifasını heç kimlə qarışdırmaq olmaz». O.Ağayevin həmkarları arasında
«Sərçə» ləqəbi ilə tanındığını deyən F.Sucəddinov danışır ki, müğənnini, həmçinin
«balaca Rəşid» adlandırıblar: «Bu adı ona bənzərsiz ifasına görə vermişdilər.
Oqtayın, həmçinin yaxşı yumor hissi vardı. İnsanlarla münasibəti də yüksək səviyyədə
qurmağı bacarırdı». F.Sucəddinov Oqtay Ağayevlə bağlı unutmadığı bir xatirəni də
danışır: «Moskvada Azərbaycan mədəniyyət ongünlüyü keçirilirdi. «Sizdə Rəşid
Behbudov var. O əsil bülbüldür”- deyə moskvalılar söyləyirdi. Biz də «Bülbülün
yerinə «Sərçə» gətirmişik» dedik. Oqtay həmin konsertdə doğrudan elə bir ifa
nümayiş etdirdi ki, aramsız alqışlarla qarşılandı. Onun zəngin repertuarı
vardı. Oqtay həm xarici, həm Azərbaycan, həm də sovet bəstəkarlarının
mahnılarını böyük məharətlə oxuyurdu. Rus dilini yaxşı bildiyi üçün rus dilində
mahnıları gözəl səslənirdi. Ona görə də SSRİ-nin bütün ölkələrində onu tanıyır
və sevirdilər. Rəşid Behbudovun xatirəsinə hörmət olaraq oğlunun adını da Rəşid
qoymuşdu. Oqtay Ağayev ömrünün sonuna qədər oxudu. Çünki o, səhnəni sevirdi».
Səsin faciəvi sonluğu
Xalq artisti Flora Kərimova da
həmkarı haqqında xatirələrinə Moskvanın Sütunlu salonunda keçirilən Azərbaycan
mədəniyyət günlərindən başladı: «O vaxt Azərbaycan incəsənətinin vaxtaşırı
hesabat konsertləri keçirilirdi. Bütün respublikalar üzrə bu cür konsertlər təşkil
olunurdu. Azərbaycan incəsənəti də özünün ən üzdə olan, səsi qəbul edilən müğənniləri
ilə həmin konsertdə təmsil olunurdu. Təbii ki, bu sırada Rəşid Behbudov kimi
müğənnilər vardı. Oqtay Ağayev də həmin konsertdə iştirak etdi. O, Rəşid
Behbudov kimi böyük sənətkarın qarşısında səhnəyə çıxmağa utanırdı. Amma onu məcbur
etdilər, o da səhnəyə çıxdı. Oqtay
«Camayka» mahnısını oxudu. Təxminən 8-9 yaşlı uşağın ifası hamını heyran
etdi. Onun ifasından sonra tamaşaçılar dayanmadan alqışladılar. Oqtay məcbur
olub ikinci dəfə səhnəyə qayıtdı və eyni mahnını ifa etdi. Yenə də eyni
alqışlarla qarşılandı. Tamaşaçılar onu səhnədən buraxmaq istəmirdilər. O dövrdə
Oqtayın bütün konsertləri belə anşlaqla keçirdi».
F.Kərimova danışır ki, elə o vaxt da Oqtay Ağayevin «Qaytar eşqimi»,
«Ötən günlər» kimi mahnıları dillər əzbəri olub. Müğənninin repertuarını dinləyicilərin
sevdiyi, hər zaman eşitmək istədiyi mahnılar bəzəyib: "O zaman estrada musiqisi
Azərbaycanda ən yüksək zirvəsinə çatmışdı. Azərbaycanlı ifaçılarının mahnıları
ilə bərabər ifa etdikləri saksofon, truba və s. alətlər də ittifaq ölkələrinin
dinləyiciləri tərəfindən rəğbətlə qarşılanırdı. Bizim ifaçılarımızı təkcə
SSRİ-də deyil, onun sərhədlərindən kənarda da tanıyırdılar. Oqtay Ağayev də
onlardan biri idi”. F.Kərimova deyir ki, Oqtay Ağayev kimi ifaçıların yoxluğu
ilə ifaçılıq mədəniyyəti, estrada ifaçılığı xeyli cılızlaşıb: "Muğamdan başqa
heç bir janrda o səviyyəni qoruyub saxlaya bilmədik. Təkcə muğam öz sütununu
qoruyub saxladı. Təəssüf ki, estrada bunu edə bilmədi. Bu sahənin təmsilçiləri
bir növ pul ovuna çıxdılar. Nəticədə sənət yaddan çıxdı, musiqi haqqında heç
kim düşünmədi. Ancaq Oqtay Ağayev kimi sənətkarlar sənəti qoruyub saxlayırdı.
Onlar üçün sənət müqəddəs idi”.
F.Kərimova ömrünün son illərində O.Ağayevin çətin sosial durumda
yaşadığını kədərlə xatırlayır: «Oqtay məcbur olub Aktyorlar evində mühafizəçi
işləyirdi. Düzü, mən onu görəndə utanırdım. O bu vəzifədə işləyərkən də
dünyasını dəyişdi. Bu, onun səsinin faciəvi sonluğu oldu...”
«Qoy konsertin
sonunda oxusun»
Oqtay Ağayevlə Filarmoniyada işlədiyi illəri yada salan caz ifaçısı Cavan Zeynallı konsert
fasilələri zamanı ifaçıların bir yerə yığışdığı bufetdə bütün tanınmış müğənniləri
gördüyünü deyir: "Müğənnilər bir yerə yığışır, söhbət edir, çay içir,
zarafatlaşır və gülürdülər. Oqtay Ağayev də onların arasında olurdu. Çox arıq
olduğu üçün ona "Sərçə” deyib zarafatlaşırdılar: "Bir saatdan sonra möhkəm külək
olacaq, evə get, yoxsa külək səni aparar” deyəndə, özü də zarafatdan incimirdi.
O, məclislərdə həmişə sakit oturur və qulaq asırdı. Bəzən də elə bir söz
deyirdi ki, hamı gülməyə başlayırdı. Onun maraqlı zarafatları vardı”. Oqtay
Ağayevin özünəməxsus ifası olduğunu deyən C.Zeynallı onun ifasının şirinliyini,
ürəyəyatımlılığını qeyd edir: "Oqtay çox şirin oxuyurdu. Tamaşaçılar onu
sevirdilər. Təsəvvür edin, hər dəfə səhnəyə çıxanda, qaça-qaça mikrofona
yaxınlaşırdı və oxumağa başlayırdı. Bu, onun tərzi idi. Onun səhnədəki hisslərindən,
hərəkətlərindən, mimikasından biz zövq alırdıq. Hər dəfə də ifasından sonra
gurultulu alqışlar səslənirdi. Biz birlikdə bir neçə dəfə konsert vermişik və həmişə
onun ifasına olan böyük sevginin şahidi olmuşam».
C.Zeynallı Oqtay Ağayevin əvvəllər «Qaya» ansamblında çalışdığını da
yada salır: «60-cı illərdə Oqtay «Qaya»da da oxuyurdu. Ancaq o, sonradan solo
ifa ilə məşğul olmaq istədi. Ona görə də ansambldan ayrıldı. Bütün ansambllar
da onu dəvət edirdi. O, bir müddət televiziya və radionun orkestrində çalışdı”.
1967-ci ildə Moskvada keçirilən Azərbaycan ongünlüyü C.Zeynallının da xatirindədir:
"Konsert proqramındakı ifaları izləyəndən sonra SSRİ mədəniyyət naziri «Qoy
Oqtay Ağayev konsertin sonunda oxusun» dedi. Bu, əslində bir müğənniyə verilən
yüksək qiymət idi. Bu, əsil təntənə idi. Çünki o zaman konsertlərin sonunda ən
tanınmış müğənnilər oxuyurdu. Müslüm Maqomayev, Rəşid Behbudov kimi müğənnilər
konsertlərə yekun vururdular. Oqtay Ağayev də sonda oxuyacağını eşidib çox
sevindi. O, qastrollara çox gedirdi və ifası bütün SSRİ-də sevilirdi».
C.Zeynallı danışır ki, o zaman Oqtay Ağayevi təqlid edən, ifasını ona
oxşatmağa çalışan çoxlu gənclər vardı: «Onlar öz mahnılarını oxuyanda Oqtaya
oxşamağa çalışırdılar. Ancaq onların heç birisi Oqtay Ağayev olmadı. Çünki
Oqtay Ağayev öz sənəti ilə estradada fərqli bir cığır açmışdı. Bu yolla yalnız
o özü gedə bilirdi. O, özünü heç kimə oxşatmırdı, öz yolu vardı. Sənətdə özünü
tapmaq çətin işdir. Oqtay Ağayev təkcə estradada deyil, ümumən Azərbaycan
musiqisində özünü tapmışdı. O, sənətdəki sanbalını qoruyub saxlayırdı”.
Ürək-damar xəstəliyindən əziyyət çəkən Oqtay
Ağayev 2006-cı il noyabrın 14-də vəfat edib (noyabrın 7-si isə müğənninin doğum
günüdür). Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında vida mərasimi keçiriləndən
sonra Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dinləyicilərə qalan isə müğənninin təkrarsız
səslə oxuduğu mahnılardır. Daim qulağımızda səslənən şirin və həzin mahnılar...
Təranə Məhərrəmova