• cümə axşamı, 25 aprel, 20:44
  • Baku Bakı 21°C

Yaddaşlarda yaşayacaq şanlı tarix

21.01.15 15:34 2029
Yaddaşlarda yaşayacaq şanlı tarix
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında” 15 yanvar 2015-ci il tarixli Sərəncamının icrası məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının inzibati binasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi, həmçinin “e-mail hücum aksiyası” keçirilib. Tədbirdən əvvəl məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov 20 Yanvar hadisələri ilə bağlı respublikanın hər yerində müxtəlif tədbirlərin keçirildiyini, bu cür tədbirlərin Binəqədi rayonunda da reallaşdırıldığını bildirib. O, 25 il əvvəl baş vermiş qanlı faciə ilə bağlı Binəqədi məktəbləri arasında inşa yazı və rəsm müsabiqələrinin keçirildiyini qeyd edərək, məktəbliləri tariximizin qanlı səhifəsi olan 20 Yanvar faciəsini unutmamağa, daim xatırlamağa səsləyib.
YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov faciənin tarixi, bu hadisələrin heç zaman unudulmamasının vacibliyi, Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əldə etdiyini qeyd edib. O, ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə müvafiq siyasi qiymət verdiyini, SSRİ rəhbərliyinin törətdiyi əməlin humanizmə zidd olduğunu söyləyib. R.Göyüşov 20 Yanvar hadisələrinin qurbanlarının xatirələrinin daim yaddaşlarımızda qalacağını vurğulayıb.
YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov 20 Yanvar faciəsinə dünya birliyinin hələ də layiqli siyasi və hüquqi qiymət vermədiyi haqqında danışıb. O belə qanlı faciələrin gələcəkdə də digər xalqların həyatında olmaması üçün cinayəti törədənlərin beynəlxalq birlik, regional və beynəlxalq təşkilatlar tərəfindən cəzaya layiq görülməsinin, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məhkum olunmasının vacib olduğunu xatırladıb.
Sonra “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərindən 179 №li tam orta məktəbin 10 b sinif şagirdi Ceyran Rüstəmova “Nifrət dərsi” adlı inşa yazısını təqdim edib.
Bunun ardınca “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər müvafiq diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.
Daha sonra gənclərin iştirakı ilə reallaşdırılan “e-mail hücum aksiyası” çərçivəsində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi haqqında məlumatlar bir neçə xarici dildə Fransa, Rusiya, Böyük Britaniya, Türkiyə, Amerika parlament üzvlərinə və eləcə də beynəlxalq və regional təşkilatların, onların strukturuna daxil olan qurumların elektron ünvanlarına göndərildi. Aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini, xüsusilə də aparıcı dövlətlərin parlament üzvlərini qanlı 20 Yanvar hadisələri haqqında məlumatlandırmaq, onlara bu hadisəni törədənlərlə bağlı ətraflı məlumat vermək, faciənin ədalətli şəkildə siyasi və hüquqi qiymətləndirilməsinə çağırmaq olub.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər