Ya Paşinyan deyir, XİN rəhbəri təkzib edir, ya da...
Erməni mediası və siyasiləri Nikol Paşinyanın sərsəm, məntiqsiz,
peşəkarlıqdan uzaq bəyanat və açıqlamalarını şərh etməkdədir. Onun daha çox
publikanı ələ almağa yönəlik populist bəyanatlarının sonradan digər komanda
üzvlərinin səsləndirdikləri fikirlərlə ziddiyyət təşkil etdiyi xüsusi
vurğulanır. Məsələn, "1in.am” erməni saytı yazır ki, xarici işlər naziri Zohrab
Mnaçakanyan bir neçə gün bundan əvvəl Batumidə keçirilən tədbirlərdən birində
iştirakçıları inandırmağa çalışıb ki, Ermənistan 2018-ci ilin aprel və mayında
demokratik inkişafın gücünü, dərinliyini nümayiş etdirmiş oldu. "Bütün bunlar
bir gecədə baş verə bilməzdi. Uzun illər ictimai institutların, vətəndaş cəmiyyəti,
kütləvi informasiya vasitələri və dövlət institutlarının simasında baş verib”,
- deyə nazir bildirib.
Sayt xatırladır ki, nazir bu sözləri kifayət qədər ciddi
auditoriya qarşısında edib. Lakin dərhal da ardınca baş nazirin səsləndirdiyi
bəyanata keçilir. "Paşinyan Ermənistanın institusional ific vəziyyətində
olduğunu, dövlətin institusional planda məhv olmaq qarşısında olduğunu
bildirir. Bu, artıq baş nazirin xarakteristikasıdır. Belə çıxır ki, bir ay
əvvəl Batumidə XİN rəhbəri ölkənin dövlət idarəçilik sistemini, onun
institutlarını vəsf edir, üstündən bir neçə həftə sonra isə baş nazir
institusional fəlakətdən, iflic vəziyyətindən danışır. Belə halda iki məmurdan
hansının düz danışdığını bəyan etmək özü mənasız bir işdir. Fakt odur ki, XİN
rəhbəri bir fundamental məsələdə baş nazirin fikirlərini təkzib edir və bu
səbəbdən də o, istefa verməlidir. Əgər Mnaçakanyan hesab edirsə ki, düz
danışıb, onda bir növ Paşinyanın cinayət törətdiyini etiraf etmiş olur. Bu o
deməkdir ki, il yarım ərzində ölkəni institusional böhran həddinə gətirib
çıxardıb. XİN rəhbərinin "şanlı” məntiqindən çıxış etsək, deyə bilərik ki,
Paşinyan cinayət məsuliyyətinə yol verib”, - deyə məqalədə bildirilir. Portal
yazır ki, XİN rəhbərinin söylədiklərinin reallıqla heç bir əlaqəsi yoxdur: "Məsələn,
əgər Serj Sarkisyanın qurduğu sistem dərin böhran vəziyyətində olmasaydı, onda
Ermənistanda nəzəri cəhətdən inqilab da baş verməzdi. Lakin XİN rəhbəri bu
obyektiv həqiqəti nəzərə ala bilməməkdə günahkar deyil. Fakt faktlığında qalır
ki, Mnaçakanyan və onun sistemindəki diplomatlar düşüncə tərzi və iş stilləri,
kadr resursları və xarici siyasət düşüncələrinə görə, köhnə Ermənistanda
qalıblar”. Ən maraqlısı odur ki, portal etiraf edir ki, Ermənistanda inqilab,
xarici siyasət sahəsində hər hansı bir divident gətirə bilməyib. Qısası desək,
XİN Ermənistanı bataqlığa sürükləyən qurumlardan birinə çevrilir.
Öz növbəsində "Joxovurd” qəzeti yazır ki, artıq bir neçə gündür,
Ermənistanın siyasi səhnəsində baş nazirin ölkənin iflic vəziyyətində olduğu
barədə dedikləri müzakirə olunur: "Bu bəyanat müxtəlif siyasi qüvvələr arasında
ciddi ajiotaj doğurub. Əvvəlki hakimiyyət bilmək istəyir ki, söhbət hansı
sənəddən gedir. Hakimiyyət ehtiyat edir ki, bu sənədləri elan etməklə
narazılıqlar yarana bilər. Lakin məsələ ondadır ki, onun dərcini digər siyasi
qüvvələr də tələb edir”.
Öz növbəsində sabiq baş nazir Qrant Baqratyan da sosial şəbəkədə
yazdığı statusda baş nazir Nikol Paşinyanın, ölkənin sosial-iqtisadi inkişafını
əks etdirən rəqəmləri saxtalaşdırdığını bəyan edib. "Arminfo” xəbər verir ki,
eks-baş nazir, Paşinyanın bu ilin birinci yarımilliyinin sosial-iqtisadi
inkişafı ilə bağlı səsləndirdiyi rəqəmlərin narahatçılıq doğurduğunu bildirib.
Baqratyanın qənaətincə, ümumdaxili məhsulun 6,5 faiz təşkil etməsi barədə
səslənən rəqəm stabil göstərici deyil. Belə ki, ötən ilin aprel, may
aylarındakı göstərici bundan yüksək idi. Ötən ilin müvafiq dövründə bütün
sahələr üzrə göstəricilər - 9,7, 9,2 və 7,1 faiz idi. İqtisadi siyasət əvvəlki
tək qalıb. Bu hakimiyyətin iqtisadi siyasəti əvvəlki hakimiyyətin siyasətindən
heç nə ilə fərqlənmir. Heç bir iqtisadi inqilabdan danışmağına dəyməz.
Onun
sözlərinə görə, hakimiyyətin əldə etdiyi bir sıra iqtisadi göstəricilər də sırf
oyun biznesi və avtomobil ticarətidir: "Lakin onlar bilmirlər ki, bu
spekulyativ xarakter daşıyır və ümumdaxili məhsulun inkişafını göstərə bilməz.
Bütün bu sahələr müvəqqəti xarakter daşıyır”. Q.Baqratyanın qənaətincə,
makroiqtisadi göstəricilər də şübhə doğurur: "Bu da Milli Statistika Komitəsini
rəqəmləri saxtalaşdırdığını deməyə əsas verir”. O, konkret bir sıra sahələr
üzrə hansısa bir göstərici ortaya qoyulmadığını diqqətə çatdırıb. O ki qaldı
baş nazirin yeni iş yerlərinin yaradıldığı barədə fikirlərinə - Baqratyan
bunların da həqiqətə uyğun olmadığını bildirib: "Bəli, yeni iş yerləri
yaradılıb, lakin tez bir zamanda da bağlanıb. Cinayətkarlığın da səviyyəsi
yüksəlib. Doğum səviyyəsi aşağı düşüb. Əhali səviyyəsi azalmağa doğru gedir.
Miqrasiya ilə bağlı dəqiq bir rəqəm gətirilmir. Lakin Rusiya mənbələrinə əsasən,
miqrasiya 2,5 dəfə artıb. Əməkhaqqında artım olsa da, qiymətlər iki dəfə
artıb”.
Beləliklə, yaranmış durum belədir ki, Ermənistanda vəziyyət əvvəlki
rejimin idarəçiliyindən heç nə ilə fərqlənmir. Əksinə, daha da pisləşməyə doğru
gedir. Müxalifətə qarşı hücum səngimir, populist bəyanatlar gündəmi tutub. Baş
nazirin sərsəm fikirləri isə onsuz da
ağır vəziyyətdə olan ölkəni daha da uçuruma doğru sürükləməkdədir. Aydın
görünür ki, hakimiyyətdə sistemləşdirilmiş idarəçilik yoxdur. Bu gün XİN
rəhbərinin dediyini sabah Paşinyan təkzib edir. Daha sonra isə Paşinyan deyir,
XİN rəhbəri təkzib edir. Əsl məzhəkədir!
Azər NURİYEV