AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ya nəticəli danışıqlar, ya da müharibə

Ya nəticəli danışıqlar, ya da müharibə

Siyasət
08 İyul 2020, 18:35 1729
Deputatların fikrincə, ATƏT-in Minsk qrupu da Ermənistan hakimiyyəti kimi imitasiya ilə məşğuldur

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən vasitəçilik missiyası öz nəticəsini vermir. Xüsusilə, işğalçı Ermənistan hər zaman müxtəlif bəhanələrlə danışıqlardan ya yayınıb, ya da məntiqsiz təklifləri ilə onu pozmağa cəhd göstərib. Lakin maraqlıdır ki, Ermənistanın həddi aşan bu hərəkətlərinə nə Minsk qrupu həmsədrləri, nə də digər beynəlxalq qurumlar ciddi münasibət bildirməyiblər. Nəticədə isə Ermənistanın işğalçılıq siyasəti davam edir. Bir neçə gün öncə Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində də bu məsələyə xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz: "Biz ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi indi dözümlülük göstərir və konstruktiv olmağa çalışır: "Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir”.
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, ölkə Prezidenti ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq qeyd etdi ki, onlar sadəcə olaraq fəaliyyətdə olduqlarını nümayiş etdirirlər: "Amma münaqişənin tənzimlənməsi istiqamətində heç bir nəticə yoxdur. Hesab edirəm ki, dövlət başçısının bu yanaşması tam reallığı əks etdirir. Həqiqətən də ATƏT-in Minsk qrupu elə Ermənistanın özü kimi imitasiya ilə məşğuldur və münaqişənin tənzimlənməsi istiqamətində irəliyə doğru hər hansı bir addımın atılmasını şərtləndirə bilməyib. Bunu cənab Prezident ayrıca vurğuladı. Ölkə başçısının diqqət yetirdiyi və bu gün üçün strateji məqam ondan ibarət oldu ki, Minsk qrupu münaqişənin dinc vasitələrlə tənzimlənməsində israr edir. Prezident onların bu mövqeyinin yanlış olduğunu BMT nizamnaməsi əsasında diqqətə çatdırdı. Yəni, təbii Azərbaycanın mövqeyi münaqişənin dinc vasitələrlə  tənzimlənməsinə nail olmaqdan ibarətdir. Ölkəmiz bu istiqamətdə öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bu günə kimi işğalçı Ermənistanla danışıqların aparılması bir daha sübut edir ki, Azərbaycan münaqişənin dinc vasitələrlə tənzimlənməsi prinsipinə sadiqdir və bu istiqamətdə tam səmimiyyətlə fəaliyyət göstərir. Amma gəlin görək işğalçı Ermənistan və ATƏT-in Minsk qrupu özünü necə aparır? İşğalçı Ermənistan danışıqlar prosesində iştirak edir. Lakin bu, sadəcə olaraq imitasiya xarakterlidir. Yəni, Ermənistan işğalçılıq siyasətindən zərrə qədər də olsun geri çəkilmir, əksinə, təxribat xarakterli bəyanatlar verən bu ölkənin baş naziri Paşinyan bütövlükdə danışıqlar prosesini, münaqişənin dinc tənzimlənməsi məsələsini sual altına alır. Bildiyimiz kimi, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən danışıqlar formatının dəyişdirilməsi istiqamətində cəhdlər edir. Nəhayət, onun bu cəhdlərinin qarşısı beynəlxalq instansiyalardan səslənən bəyanatlarla alındı. Yəni, danışıqların formatı dəyişə bilməz. Amma buna baxmayaraq, Ermənistan tərəfinin bu cəhdləri ATƏT-in Minsk qrupunun nəticəyə aparıb çıxara biləcək fəaliyyətini şübhə altına alır. Əgər işğalçı Ermənistan danışıqların formatını dəyişməyə cəhd edirsə, "Qarabağ Ermənistandır” deyirsə və bunun cavabında münaqişənin tənzimlənməsi prosesində birbaşa vasitəçiliyi həyata keçirən Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatlar tərəfindən hər hansı reaksiya görmürsə, təbii ki, bütün bunlar münaqişənin dinc tənzimlənməsi prinsipləri ilə ziddiyyət təşkil edir. Eləcə də aparılan danışıqların mahiyyətini heçə endirir. Cənab Prezident də bunu xüsusi vurğuladı”.
E.Mirbəşir qeyd etdi ki, Prezident İlham Əliyev dövlətlərin özünü müdafiə hüququnun BMT nizamnaməsində təsbit olduğunu xatırlatmaqla, açıq mətnlə həm ATƏT-in Minsk qrupuna, həm də digər beynəlxalq subyektlərə bəyan etdi ki, ya danışıqlar real nəticələrə gətirib çıxarmalıdır, ya da Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etmək hüququndan istifadə edəcəkdir: "Bu, Azərbaycanın beynəlxalq hüquqda öz əksini tapmış hüququdur. 2016-cı ilin aprel ayında Azərbaycan nümayiş etdirdi ki, hərbi yolla öz torpaqlarını rahatlıqla işğaldan azad edə bilər. Dövlət başçısı bunu bir daha açıq şəkildə bəyan etdi. Bu, ATƏT-in Minsk qrupu üçün bir siqnal olmalıdır. Əgər onlar növbəti dəfə müharibənin olmasına rəvac vermək istəmirlərsə, çox qısa bir zamanda Ermənistana təzyiq etməlidirlər və Azərbaycan torpaqlarını azad etməlidirlər. Düşünürəm ki, cənab Prezidentin diqqətə çatdırmaq istədiyi ən vacib məqam ondan ibarət idi ki, Azərbaycan nəticəsiz danışıqları bundan sonra həyata keçirmək fikrində deyil və yaxın gələcəkdə danışıqlar nəticə verməzsə, müharibənin başlama ehtimalı tam realdır”.      
 

Millət vəkili Sahib Alıyev bildirdi ki, Prezident İlham Əliyevin Minsk qrupunu tənqidi birinci dəfə deyil: "Amma açığını deməliyik ki, dövlət başçımızın özəlliklə də bu qrupa həmsədrlik edənlər haqqında səsləndirdiyi bütün tənqidləri həmişə qətiyyətli və prinsipial xarakter daşısa da, iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli hospitalının açılışındakı qədər açıq, sərt və belə demək mümkündürsə, yüksək xəbərdarlıq yüklü olmamışdı.
Bu isə artıq o deməkdir ki, bıçaq sümüyə dirənib. Azərbaycanın "status-kvonun qorunub saxlanması yolverilməzdir”, "substantiv danışıqlar aparılmalıdır” deyənlərin əslində məhz danışıqların imitasiyasının təşkili və status- kvonun qorunub saxlanmasına çalışdıqlarına daha dözmək fikri yoxdur!!! Strateji səbir təkcə dözüb əlverişli vəziyyətin yaranmasını gözləmək demək deyil, həm də gözləniləni tezləşdirmək üçün hərəkətə keçməkdir ki, cənab İlham Əliyevin son açıqlamasında bu, açıq-aydın dilə gətirilir”.
S.Alıyev vurğuladı ki, Prezidentin iyulun 6-dakı açıqlamasından cəmi bir gün sonra Azərbaycanın Müdafiə naziri ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ön xətdə olmaları, "Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri” hərbiçilərimizin diqqətinə çatdırmaları da elə bunun təsdiqidir.
 
BƏXTİYAR