“Ya Allah, qalxın çəkək”
Bu gün serial aləmində bir çox dəyişikliklərin
şahidi oluruq. Əslində bu dəyişikliklər bizi sevindirir. İlk növbədə ona görə
ki, hər televiziya kanalında bir neçə serial nümayiş olunur və bu da onlar
arasında olan rəqabəti artırır. Nədənsə serialdan söhbət düşəndə rejissorlar,
ssenaristlər media nümayəndələrinin sərt
tənqidinə tuş gəldiklərin qeyd edir, bu fikirlərlə razılaşmırlar. Bəzən
tənqidlər əsassız olur, bəzən də zamanında və yerində vurğulanır və qeyd edilməsi
lazım olan məqamlara toxunulur.
Bu gün isə rejissorların mübahisəli məsələ hesab
etdiyi serialların sınaq çəkilişlərindən danışdıq. Belə ki, sosial şəbəkələrdə
bir çox rejissorların serialları, xüsusən də baş rolların qəhrəmanlarını sınaq
çəkilişləri etmədən çəkdiklərini və belə olduğu halda, həmin aktyorların uğursuz
bir obraz yaratdıqlarını deyirlər. Biz də rejissorlar arasında sorğu etdik. Onlardan
serial çəkərkən baş və digər rolların ifaçıları üçün sınaq çəkilişləri edib-etmədiklərini
xəbər aldıq.
Azərbaycanda heç bir çəkiliş qrupunda lüks imkanlar yoxdur
"Ata ocağı”
serialının baş rejissoru Rüfət Şahbazov deyir ki, çəkdiyi
filmlərə və seriallara aktyor seçərkən sınaq çəkilişləri deyil, birbaşa məşqlər
edir: "Biz filmi böyük kinoplyonkaya çəkmirik deyə, sınaq üçün video lenti
hazırlamırıq. İndiki reallıq başqa cürdür. Serial çəkilişlərinə başlayanda, ofisdə
aktyorlarla tək-tək xarakter üzərində işləyirik, xırda-xırda səhnələr üzərində
məşqlər edirik. Məhz bu xırda məşqlər sayəsində qərar veririk. O da yalnız
xarakter səhnələrində bu proses baş verir. Bütöv bir səhnənin məşqini etmirik.
Çəkilişə başlayanda aktyor öz üzərində işləyir və bilir ki, ondan nə tələb
olunur. Serialda isə mövsümün əvvəlində aktyorları seçəndə belə onun oynayacağı
səhnədən hissəciklər verir və aktyoru yoxlayırıq. Xarakteri yerinə otuzdurmaq üçün
bu yüngül məşqlər mütləqdir. Mövsümün ortasında bunu etmək mümkün olmur. Serialların
sınaq çəkilişləri Azərbaycandakı imkanlarla və zamanla üst-üstə düşmür. Mən
yalandan deməyəcəyəm ki, biz VİP-yik, lüks şəraitdə çalışırıq. Əgər kimisə
seriala daxil etmişiksə, onun sınaq çəkilişi olur, bundan sonra əsas çəkilişə
gedir. Bu da ancaq bir dəfə baş verir. Hər dəfə aktyorun oynayacağı səhnələrin
sınaqlarını etmirik və edə bilmərik də. Azərbaycanda heç bir çəkiliş qrupunda
lüks imkanlar yoxdur. Ola bilər ki, bədii filmlərdə olsun. "Azərbaycanfilm”də
əvvəllər belə imkanlar var idi ki, aktyorların bir dəfə sınaq üçün məşq
çəkilişləri olurdu. Əgər ilk söhbətdən aktyorla münasibətlərimiz alınmırsa,
onunla işləmirik. Epizodik rollarda işlədəcəyimiz adamlarla heç bir məşq
etmirik. Sınaq çəkilişləri Azərbaycan imkanları və şərtləri ilə mümkün deyil. Rejissor
düşünür ki, sınaq çəkilişlərinə ayırdığı maliyyə, vaxt və o enerjini çəkdiyi
filmə qoyar və bu daha səviyyəli görünər”.
Rejissor deyir ki, tanımadığı və istedadı olmayan
adamı sıfırdan gətirib serialda və filmdə çəkmir: "Ola bilər ki, epizodik
rollarda bir cümləsi olan kimisə çəkim. Bu hallarda sınaq çəkilişləri etmirik.
Rejissor əgər yaxşı rejissordursa, istənilən insanı epizodik rolda istədiyi
şəkildə çəkər. Rejissorlar "birdəfəlik” aktyorlardan istədiyini alıb, buraxır.
Ancaq uzunmüddətli çalışacağı aktyorlarla məşğul olur, onlara obrazının davranışlarını
izah edir. Mən heç zaman tanımadığım hər hansı bir modelə birdən-birə baş və
ikinci dərəcəli obrazı həvalə etmirəm. Düzdür, hər mövsüm seriala yeni simalar
dəvət edirəm. Onların da üzərində məşqlər edir, xeyli işləyirik. Yoxsa mən ora
texnika töküm, işıq sistemi qurum və kameraları hazırlayım, bir günümü ayırım
ki, sınaq çəkilişi edəcəm. Hazırda Azərbaycanda heç bir kino çəkən şirkətin
sınaq çəkilişində bu komfortlu şərait yoxdur. Bunu kim deyirsə, özünü VİP
olaraq göstərməyə çalışır. Azərbaycanda çəkiliş qrupu, rejissorlar,
operatorlar, prodüserlərin çəkəcəkləri materialın öncə sınağını edib, sonra çəkmək kimi bir
imkanı yoxdur. O zaman bu, mümkün ola bilərdi ki, çəkdiklərimiz bir az imkanlı
layihələr olardı. Bizim çəkdiyimiz layihələr həddən artıq bahalı layihələr
deyil”.
Xalq artistindən istədiyimi ala bilməmişəm
Xəzər televiziyasında yayımlanan "Ay yay, yay”, "Xalxın evi” seriallarının
baş rejissoru Ramin Hacıyev bizimlə söhbətində bildirdi ki, aktyoru ilk
növbədə kastinqdə yoxlayır, onu görkəm, tipaj olaraq çəkir: "Bundan sonra sınaq
çəkilişlərini edirik. Çəkiliş də olmasa, aktyora mətni veririk və bizə lazım
olan obrazı verə bilirsə, artıq onu seriala çəkirik. Heç bir aktyoru sınaqsız seriala
götürmürük. Aktyor var ki, sınağa ehtiyac yoxdur, bilirəm ki, ona həvalə olunan
obrazı gözəl canlandıracaq. Hətta kino aləmində ən çox inkişaf edən Hollivudda belə,
film çəkərkən aktyorları kastinqə dəvət edirlər. Dünyaca məşhur tanınmış
aktyorlar da həmin kastinqlərdə iştirak edirlər və bunu özlərinə heç də
əskiklik hesab etmirlər. Ancaq nəbadə bizim tanınmış aktyorlara deyəsən ki, "kastinqə
gəl”. O saat başlayırlar inciməyə, küsməyə. Hələ rejissora bir sifət də edirlər
ki.. Yəni, "məni nə yerinə qoymusan ki, kastinqə çağırırsan, bilmirsən, mən
necə bir peşəkar aktyoram?” Ancaq mən burda inciməli bir şey görmürəm.
Dəfələrlə olub ki, peşəkar, xalq və əməkdar artistləri dəvət etmişəm, ancaq
onlardan istədiyimi ala bilməmişəm. 2-3 bölümdən sonra onlarla vidalaşmışam.
Çünki mənə uyğun gəlməyib, özlərini doğrultmayıblar. Ancaq o, əvvəlcədən kastinqə
gəlsəydi, biz bilərdik ki, bu obraza yarayır, ya yox. Daha doğrusu, mən
aktyorla sağollaşmamışam və ona uyğun obraz yaratmağa başlamışam. Halbuki mən
istədiyim olsaydı, daha yaxşı olardı. Serial elədir ki, orada variant etmək
olur, filmdə isə gərək başqa cür edəsən”.
Ramin Hacıyev işinin peşəkarı olduğunu və aktyora
baxanda, beynindəki obrazı onun canlandıra bilib-bilməyəcəyini təxmin etdiyini
deyir: "Bu mənim işimdir. Ssenari yazılanda, bəzən məhz nəzərdə tutduğum
aktyora görə yazılır. Həmin ssenari nəzərdə tutduğumuz aktyorun jestinə, mimikasına,
davranışına görə hesablanır. Yazdığımız hər hansı bir obraza uyğun aktyor
axtaranda düşünürəm ki, bu aktyor onu canlandıra bilər. Hətta 3 nəfərin
arasında fikir mübadiləsi edir və nəticədə bir qərara gəlirəm. Serial uzun
məsələdir deyə, aktyorun birinci dəfədən uyğunlaşa bilməməsi halları da olur. Amma
3-4 bölümdən sonra görürsən ki, aktyor həmin obrazı gözəl canlandırır. Bir dəfə
aktyorlarımızdan biri sevdiyim bir obrazı mənə verə bilmədi, mən ssenarini
həmin aktyorun oyununa görə yazdım. Mənim istədiyim replikanı lazımi dərəcədə
demirdi deyə, həmin replikanı çıxardım, aktyorun deyə biləcəyi kimi uyğun ssenari
yazıldı. Belə olanda obrazlar daha şirin və daha baxımlı olur. Hətta deyiblər
ki, bu necə təbii oynayır, ancaq bilməyiblər ki, biz ona başqa replika
yazmışdıq”.
Rejissor bəzən "yox” deməyi bacarmadığını da etiraf
etdi: "Bəzən olur ki, "yox”u "hə” formasında deyirəm. Obrazının öhdəsindən gələ
bilməyən aktyorla işləyəndə məcbur olub,
onun rolunu azaldıram. Biz Hollivudda yaşamırıq, eyni şəhərdə yaşayırıq. Bunun
sabah üz-üzə gəlməyi də var. Bir sahədə çalışırıq, təəssüf ki, bizdə sistem
belədir. İşi adi həyatımıza da daxil edirik. "Sən sabahdan serialda yoxsan”
sözlərini demirəm, aktyoru başqa və özümə məxsus şəkildə komandadan ayırıram”.
Məşq etmədən aktyoru filmə çəkmirəm
Rejissor Rövşən
İsax "Şərq” qəzetinə açıqlamasında deyib ki, çəkdiyi ekran işlərində
köhnə adamlardan istifadə eləməmək kimi bir məqsədi yoxdur: "Hər çəkilişdə özüm
üçün sanki imtahan verirəm. Aktyorumun da qarşısında rejissor olaraq imtahan
vermiş oluram. Aktyorumdan da eyni münasibəti tələb edirəm. Mənimlə işləyən
aktyorların da, şükür ki, 98 faizinin əqidəsi mənimlə eyni olub. İş birliyimiz,
məqsəd birliyimiz uyğun gəlib ki, çalışmışıq. Uyğun gəlməyənlərə də yaxşı yol. Məşq
etmədən aktyoru filmə çəkmirəm. Mütləq sınaq çəkilişləri olur. Bəli, hansı
aktyor o rolun öhdəsindən gəlirsə, onunla işləməyə qərar veririk. Belə olan
halda professional aktyor heç vaxt incimir. İnciyə də bilməz. Çünki
professional aktyor bilir nəyə görə dəvət olunub. Professionaldırsa, bilir ki,
film çəkilərkən sınaq çəkilişlərinin olması normal prosesdir. Model ola bilər
ki, sınaq çəkilişlərinə gəlsin, amma çəkilməsin, ona görə də incisin. Bu, modelin
xətrinə dəyə bilər. Ancaq peşəkar aktyorda belə hal baş vermir”.
Rejissor əlavə edib ki, türkiyəli aktyorlar
yaxşıdır deyə bir anlayış yoxdur: "Bizim aktyorlar niyə yaxşı oynamır ki? Sən o
aktyorumuza yaxşı pul ver, gör necə oynayır. Sən rejissor olaraq aktyorun
qarşısına qoyulan vəzifəsini düzgün izah et, ondan aktyor kimi nə tələb olunur,
obraz nəyi tələb edir - bunu izah et, sonra ondan istədiyini al. Mən başqa
serialların çəkiliş meydançalarında olmamışam, amma aktyorlar deyir ki, məşq
nədir? Mətni bilirsən, ya Allah, qalxın çəkək. Belə film, serial çəkilə bilməz,
amma çəkilir. Məşq də yoxdu, ssenari də zəifdir, rejissor işi də bərbaddır.
Amma nə olsun, nə çəkirsən-çək, efirdə yayımlanır. Ən böyük problem elə burdan
başlayır”.
Xəyalə Rəis