AZE | RUS | ENG |

XXI əsrin layihəsi

XXI əsrin layihəsi
Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb

Heç kimə sirr deyil ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan bu gün dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirməkdədir. Son illərdə bu istiqamətdə baş verən və gələcəkdə Avropanın enerji xəritəsinə ciddi korrektələr edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır. Bəlli olduğu kimi, üç il bundan öncə, daha dəqiq desək, 2014-cü il sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan möhtəşəm hadisə baş verdi - "Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Sonrakı müddətdə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində atılan mühüm addım oldu. Prezident İlham Əliyevin də dediyi kimi, "Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir - "Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq”. 
 
Beləliklə, aparılan uğurlu iqtisadi və siyasi islahatlar nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan sözün əsl mənasında bir enerji mərkəzinə çevrilməkdədir Təsadüfi deyil ki, enerji mərkəzinə çevrildiyi səbəbindən ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünən Bakıda öz işinə başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı da bunun bariz nümunəsidir. Toplantıya qatılan prezident İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Və bu gün Azərbaycan dünya praktikasında nadir hallarda rast gəlinən nümunəvi beynəlxalq əməkdaşlıq formatı yarada bilib. Ölkə prezidenti xüsusi olaraq qeyd edib ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” gələcək enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Və bu gün müasir Azərbaycanın nailiyyətləri məhz bunun sayəsində mümkün olub. Cənub Qaz Dəhlizinin icrasında "Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını deyən dövlətimizin başçısı çıxışında layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib. Bunun bariz nümunəsi isə uzun illər ərzində Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizlərini göstərmək olar.

Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan saziş, həmçinin Transadriatik boru kəməri layihəsinin böyük əhəmiyyəti var. Prezident İlham Əliyev də bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını diqqətə çatdırıb. Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, "Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən prezident İlham Əliyev Azərbaycanın "Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız "Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini vurğulayıb.

XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlətimizin başçısı Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirib.

Sözsüz ki, bu kimi layihələrin reallaşmasında beynəlxalq əməkdaşlıq da vacib məsələdir və rəsmi Bakı da siyasətini bu istiqamətdə qurur. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişi imzalanıb, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələr aparılıb. Avropalı rəsmilər dəfələrlə bildiriblər ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Konkret olaraq  Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb, layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, Azərbaycandan başlayan yeni boru kəməri Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndiriləcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. 
 
Kamran


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001