• cümə axşamı, 18 aprel, 16:11
  • Baku Bakı 22°C

“XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları”

14.04.18 09:20 832
“XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları”
Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

AZƏRTACxəbər verir ki, dissertasiya işinin müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Bəxtiyar Əhmədov, elmi rəhbər isə bu müəssisənin direktoru, akademik Yaqub Mahmudovdur.

Akademik Y.Mahmudov qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin iştirakı ilə, soyqırımlarına həsr olunan beynəlxalq konfranslar keçirilir. O deyib: "İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdikləri soyqırımları ilə bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

Dissertasiya şurasının iclasında bildirilib ki, "XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları” mövzusu ilk dəfə dissertasiya səviyyəsində kompleks tədqiq olunub.

Dissertant B.Əhmədov çıxışında qeyd edib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmələrə məruz qalıb. O deyib: "1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan” qəzetində İrəvan müsəlmanlarının soyqırımı ilə əlaqədar bir çox materiallar dərc edilib. Qəzetin məlumatlarına görə, Ararat Respublikasının qoşunları İrəvan quberniyasının Yeni Bəyazid qəzasındakı müsəlman kəndlərinə hücum etmişlər. Onların məqsədi türk-müsəlman əhalini həmin ərazidən qovub çıxarmaq olub. 1916-cı ildə Göyçə bölgəsində 50.754 azərbaycanlı yaşayırdısa, 1926-cı ildə bu rəqəm 14.065 nəfərə enib. Yəni on il müddətində bu bölgədə əhali 36.689 nəfər azalıb”.

Xatırladaq ki, Tarix İnstitutunun elmi şurasının qərarına əsasən, "Cümhuriyyət İli” çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, "Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri”, "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində”, "Şəki bölgəsi (1917-1920-ci illər)”, "Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə”, "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” və digər əsərlər çap olunacaq.





banner

Oxşar Xəbərlər