• cümə, 29 Mart, 10:39
  • Baku Bakı 5°C

Xulio Ramon Ribeyrodan hekayə yazmaq üsulları

13.04.15 13:22 1361
Xulio Ramon Ribeyrodan hekayə yazmaq üsulları
Xulio Ramon Ribeyro Zuniqa 1929-cu ildə Peruda anadan olub. Cənubi Amerika və dünya ədəbiyyatının ən uğurlu qısa hekayələrinin müəllifi kimi tanınan yazıçı uzun illər Limadakı Katolika Universitetində hekayə, esse, gündəlik və aforizmlər haqqında mühazirələr oxuyub. Ribeyro Fransanın YUNESKO-dakı təmsilçisi və qurumun mədəni məsələlər üzrə məsləhətçisi olub. Yazıçı 1994-cü ildə Peruda dünyasını dəyişib.
“Bilmirəm, təxmin edərsiniz, ya yox, amma bu, dekaloqun nöqtəbənöqtə tətbiqi, demək, heç də yaxşı hekayə alınacağının sığortası deyil. Ən yaxşısı, siz mənim kimi davranın, burada sadaladığım məsləhətlərə riayət edin, ya da bunların tətbiqini mütəmadiləşdirin. Daha da yaxşısı isə odur ki, o qədər yazın ki, axırda siz də hamının maraqlandığı bir dekaloq yazacaq yerə gələsiniz”. Bu sözlərin müəllifi olan perulu yazıçı Xulio Ramon Ribeyro Zuniqonun hekayə yazarları üçün qələmə aldığı məsləhətləri təqdim edirik.
Hər hekayə bir hadisə danışmalıdır. Hadisə olmadan hekayə yaza bilməzsiniz. Hekayələr danışılan hadisəni oxucu da sonradan özü üçün hekayələşdirə, nəql edə bilsin deyə yazılır.
Hekayədə baş verən hadisə həqiqi də ola bilər, təxəyyül məhsulu da. Hekayənin gücü ondadır ki, həyati hadisə təxəyyül məhsulu kimi, təxəyyül məhsulu həyati hadisə kimi danışılsın. Oxucu əslini seçə bilməsin.
Hekayənin həcmcə mümkün olduğu qədər kiçik olması üstün tutulur. Çalışın ki, hekayə qısa olsun, oxucu onu bir oturumda oxuyub bitirə bilsin.
Hekayədə danışılan hadisə oxucunu əyləndirməli, güldürməli, həyəcanlandırmalı, maraqlandırmalı, ya da təəccübləndirməlidir. Əgər bunların hamısını qısa bir hekayədə yaşada bilirsə, bu, müəllifin dahiliyi deməkdir. Əgər bunlardan heç olmasa birini belə hiss elətdirə bilmirsə, onda ona hekayə demək yerinə düşməz. Hekayənin üslubu aydın olmalıdır, qarışıq, dolanbac, oxucunu da, özünüzü də yoracaq hiylələrdən uzaq durun. Altında bir çox məna gizlədən ifadələrdən qaçın. Qoyun bu işlərlə roman və şeir məşğul olsun.
Hekayənin işi göstərməkdir, ondan nəsə öyrətmək vasitəsi kimi istifadə etməyin. Yoxsa ortaya hekayə yox, qissə çıxacaq.
Hekayə bütün texniki hissələri qəbul edir: dialoq, monoloq, bəsit və düz nəqletmə, yazışmalar, əlaqəsiz mətnlərin kollajı və s. Amma bu hissələrdən elə istifadə etməlisiniz ki, hadisə dağılmasın. Oxucu sizin nəql etdiyinizi öz ifadələri və yaddaşı ilə danışa bilməlidir.
Hekayəyə başlamaq üçün obrazın və ya obrazların talelərini müəyyən edəcək qərar almaq məcburiyyətində qaldıqları bir yol ayırıcına gəldikləri, ya da qarşı-qarşıya olduqları bir an, ya da vəziyyət əvvəlcədən təyin edilməlidir.
Hekayədə boş zamanlara, ölü məkanlara yer yoxdur, lazım olmayan heç nəyi əlavə etməyin. Hər söz, hər təsvir mütləq məcburiyyətdən yazılmalıdır, səbəbsiz olanı yazmayın.
Hekayədə bütün hadisələr və münasibətlər qəhrəmanların qaça bilməyəcəyi vahid bir sona doğru irəliləməlidir. Ola bilər ki, bu son gözlənilməz və ya təəccübləndirici olsun, yenə də bu şərt dəyişmir. Əgər oxucu hadisələrin sona doğru olan gedişini bəyənmirsə, deməli, hekayə yaxşı tərtib edilməyib.
Tərcümə etdi:
Elcan SALMANQIZI
P.S. Məqalə “HuffingtonPost” saytından götürülüb
banner

Oxşar Xəbərlər