Xudu Məmmədov dünyası
"Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız
təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də,
xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu
Məmmədov kimi ziyalı var”. Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun görkəmli
ictimai-siyasi xadim və alim Xudu Məmmədovla görüşündən sonra yazdığı bu
fikirlər məşhur alimə dünyada verilən dəyərin göstəricisi idi.Çingiz
Aytmatov həm də "Siz məndən təkcə 1 il 2
gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!” yazırdı. Xudu Məmmədov şəxsiyyətini yalnız bir
kimyaçı-alim kimi xarakterizə etmirdilər. Xalq şairi Bəxtiyar Vahabzadə
isə Xudu Məmmədovu belə dəyərləndirirdi:"Xudu içində yaşadığımız sistemin
məhvə labüd olduğunu, cəmiyyətin təbii qanunları nəticəsində yaşamağa qabil
olmadığını dəlillərlə sübut edərdi. O, cəmiyyətdəki hər şeyi təbiət qanunları
ilə ölçərdi. O, deyərdi ki, əgər cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu
qanunun yaşamağa haqqı yoxdur. Bu mənada kommunizm insanın təbii hisslərinə
ziddir. Kommunizm kabinetdə yaranmış fantastik bir ideologiyadır, insana qarşı
çevrilən bir ideologiya cəmiyyətdə duruş gətirə bilməz. O, bunu təbiət
qanunları əsasında elə sübut edərdi ki, mən buna inanmaya bilməzdim”.
Dekabrın 14-də doğum günü qeyd edilən görkəmli alim Xudu Məmmədov
yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Mətbuatda,
kitablarda, onu tanıyanların, həmfikir olanların, dostlarının xatirələrində və
qeydlərində Xudu Məmmədovun adı türkçülük ideyalarının yaşaması və təbliği
yolunda çalışan və keçən əsrdə sovet rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın
müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri kimi tarixə
düşüb. O, azadlıq hərəkatının öncüllərindən biri kimi xatırlanır.
25 yaşlı alim
1927-ci ildə Ağdamın Mərzili kəndində dünyaya göz açan X.Məmmədov
doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki orta
məktəbdə təhsil alır. Atası Surxay kişi tanınmış ziyalılardan olub. Leninqrad
Tikinti Akademiyasını bitirib. Anası Yaxşı xanım evdar qadın idi. X.Məmmədov 1946-cı
ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya
fakültəsinin geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə
diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan
Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Çox keçmir ki, o, dəqiq
elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı
tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla
qarşılanır və ona şöhrət gətirir. Xudu Məmmədov daha sonra SSRİ EA-nın
Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik
dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun
təyini” olub.
Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü seçilir.1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və
Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışan
alimin əsas elmi işləri kristallokimya sahəsindədir. Xudu Məmmədov bir neçə
illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və
hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını
yazır. O, silikat birləşmələrindən bir çoxunun quruluşunu
müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar,
yarımkeçiricilər arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb,
50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş,
tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez
üsullarından geniş istifadə edib. X.Məmmədov hələ 25 yaşı olanda elmi nəticəsi
artıq dünyaya səs salır. Belə ki II Dünya savaşının ağır nəticələrini aradan
qaldırmaq üçün İngiltərədə sement silikatların tərkibini təşkil edən kalsium
silikatların və hidrosilikatların quruluşunun təyini məqsədilə görkəmli
alimlərdən ibarət qrup yaradılır. Qrupa dünya şöhrətli fizik və kristalloqraf
Con Bernal rəhbərlik edir. Con Bernal həm də Dünya Sülh Şurasının sədri idi.
1953-cü ildə bu qrupun hesabatına həsr olunmuş III Beynəlxalq sement
simpoziumunda dünyada bu elmi istiqamətdə aparılan tədqiqatları ümumiləşdirərək,
həyəcan təbili çalan C.Bernal deyir: "Sementin bağlayıcılıq və bir sıra başqa
fiziki-kimyəvi xassələrini şərh edə bilən mükəmməl nəzəriyyə yalnız sement
silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”.
Bildiyimiz kimi, II Dünya
savaşında şəhərlər yerlə-yeksan edilmiş, bu şəhərlərin bərpasını sürətləndirmək
üçün sementin tərkibini aşkarlamaq məsələsi ciddi bir problemə çevrilmişdi. O
dövr üçün bu, bəlkə də atomun kəşfi qədər əhəmiyyətə malik idi. Bu simpoziumdan
sonra akademik N.V.Belov gənc dissertant Xudu Məmmdova dissertasiya işinin
mövzusu kimi əsas sement minerallarının quruluşunun təyinini məsləhət bilir. Belə mineralların quruluşunun açılmasının
mürəkkəbliyini, atomların düzülüşündə yüksək requlyarlığın olması, kimyəvi
tərkibdə atomların səpmə qabiliyyətinin yaxınlığı və monokristalların
keyfiyyətinin aşağı olması quruluşda əlavə problemlər yaradırdı. Bu istiqamətdə
dünyanın bütün quruluş laboratoriyaları yorulmadan fəaliyyət göstərirdi. Bir
çox alimlər araşdırmaların nəticəsi olaraq, mineralların tərkibini təyin
etdiyini hesab edərək, nəticələri C.Bernalın laboratoriyasına təqdim etmiş,
lakin laboratoriya bu nəticələrin doğruluğunu təsdiqləməmişdi. Lakin Xudu
Məmmədov, aldığı eksperimental məlumatlar əsasında hesablanmış Paterson
elektron sıxlığının araşdırılmasından, statistik üsullardan, Xarker-Kasper
bərabərsizliyindən və müxtəlif mərhələlərdə təkrar yaxınlaşma üsullarından
məharətlə istifadə edərək, ksonolit mineralların quruluşunu təyin edir. Bu
quruluş silikat kimyasında dövrün ən böyük kəşfi idi. Həmin illərdə Xudu
Məmmədovun əldə etdiyi elmi nəticələr dünya elminin ən böyük nailiyyəti kimi
qiymətləndirilirdi. Dünyanın elm nəhəngi Con Bernal 1953-cü ildə Moskvada
keçirilən elmi konfransda öz tələbəsi
haqda guya söz tapa bilməyən rus akademikin fikrinə belə qüvvət verir: "Bizdəki
və sizdəki "pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25
yaşlı "pioner” tələbəniz - cənab Xudu Məmmədov həll etmişdir!”
Akademik Teymur Bünyadov görkəmli alimin elmimizdə açdığı yolu "Xudu
məktəbi” adlandırıb: "Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində
ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini
təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır.
Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət
kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır”.
Alimin vətəni olmalıdır
Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan
bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də dillər əzbərinə çevrilib. Onun çox gözəl şeirləri və bayatıları,
sənət haqqında fəlsəfi əsərləri var. O, həmçinin gözəl rəssam idi. 40-cı illərin sonlarında Ağdam teatrında
X.Məmmədov dram teatrındakı dekorasiyaları, rəsmləri ustalıqla hazırlayırdı.
Xudu Məmmədova böyük el sevgisi varmış. Hər dəfə doğulub boya-başa çatdığı Mərzili
kəndinə gedəndə həmkəndliləri onun başına toplaşar, hal-əhval tutarmışlar. Belə görüşlərin birində
həmkəndlilərindən birinin "Xudu müəllim, əsl alim kimə deyilməlidir” sualına X.Məmmədov
"Bilirsiniz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona
qiymət verərək, "o nə danışır, onun dedikləri elə mənim bildiklərimdi” desə, deməli, əsl alim odur. Yox, əgər "o nə
danışır, mən heç nə başa düşmədim” desə, deməli, o əsl alim deyil” cavabını
verib.
"Xudu müəllimin xarakterinə uyğun heç bir ədəbi əsərdə obraza, nağıl-dastan qəhrəmanına rast
gəlməmişəm”- deyə yaxın dostu Şahmar Əkbərzadə xatirələrində qeyd edib: "Xudu
müəllim xoş xəbər eşidəndə fərəhlənər, şadlanardı, çöhrəsinə nur gələrdi. Bəd
soraqdan isə sifəti göyərər, əlini ürəyinin üstünə qoyardı. Elə köks ötürərdi
ki, eşidənin bağrı dağlanardı. Xudu müəllim sadə, təvazökar, həddən artıq
qayğıkeş idi. Söhbətləşən zaman az danışardı. Bəzən mənə elə gələrdi ki, o,
demədiyini baxışları ilə həmsöhbətinə çatdırır”. Xudu Məmmədovun Vətəninə,
xalqına sevgisi sonsuz olub. "Elmin
vətəni yox, alimin Vətəni olmalıdır” deyən X.Məmmədov uşaqların, gəclərin də bu
ruhda böyüməsini istəyirdi: "Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz
onlara vətəni tanıdın, özləri sevəcəklər” deyirdi.
Görkəmli alim 1967-ci ildə "Şərəf nişanı” ordeni, 1970-ci ildə "Fədakar əməyə
görə” medalı, anadan olmasının 60 illiyi ilə əlaqədar "Qırmızı Əmək Bayrağı”ordeni
və Azərbaycan Ali Sovetinin fəxri fərmanları ilə təltif olunub. 1991-ci ildə
Azərbaycan "Bilik” maarifçilik cəmiyyəti, 2001-ci ildə isə "Vektor” Beynəlxalq
Elm Mərkəzi Xudu Məmmədov adına mükafat təsis edib`. Görkəmli alim 15 oktyabr
1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi, ermənilərin
torpağımıza əsassız iddialarının artdığı bir vaxtda vəfat edib. "Allaha
rəvadırmı, bu torpaqlar bizim əlimizdən alınsın” deyərək, kövrəlib: "Mənim
ürəyimə nəsə damıb, Bu gecə yuxumu qarışdırmışam. Millətimin başında qara
buludlar dolanır”.
Xudu Məmmədovun ruhu narahatdır. Nə qədər ki, düşmən tapdağında olan
torpaqlarımız geri alınmayacaq, qaçqınlarımız məcburi köçkünlərimiz doğma yurd
yerlərinə qayıtmayacaq Xudu Məmmədovun ruhu da o müqəddəs toprpaqdan boylanan
uluların ruhu kimi nigaran qalacaq...
Təranə Məhərrəmova